ABŞ-ın Azərbaycanla bağlı sensasion planı – Regionda xəritələr necə dəyişəcək?

Proseslər o qədər sürətlə inkişaf edir ki, rəy bildirmək, fikir söyləmək bir qədər çətinləşir. Cəmi 3 həftə öncə Dığ kəndində silahlı qarşıdurma oldu. Azərbaycan 3 şəhid verdi. Erməni tərəfdən də 4-5 hərbçi öldürüldü. 11 aprel döyüşləri sülhə inamı xeyli zəiflətdi, zədələdi. İctimai məyusluq yarandı. Üstündən 12 gün keçdi, Azərbaycan Sərhəd Xidmətinin Laçın-Xankəndi yolunda sərhəd-keçid postu təsis edildi. Erməni əhali Qarabağdan Ermənistana və əks istiqamətə hərəkət edərkən bizim sərhədçilərin kontrolundan keçirlər. Aprelin 30-u gecədən başlayaraq bu prosesi əks etdirən foto-video görüntülər yayılmağa başladı. 23 və 30 apreldə yaşananlar, görünənlər, duyulanlar Azərbaycan ictimaiyyətində sülh perspektivinə böyük inam yaradıb. 11 aprel ruh düşkünlüyü yox olub. Bunun yerini nikbin əhval tutub.

Nə baş verir? Bizim uzaq perspektivdə gördüyümüz sülh sazişi imzalanırmı? Həm də bu qədər çevik, sürətli?

Bütün bunların paralelində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşü keçirilir. ABŞ Dövlət katibi Entoni Blinkenin moderatorluğu ilə reallaşan görüşün bu həftənin sonuna kimi davam edəcəyi deyilir. Görüşlə bağlı ilk açıqlama Dövlət Departamentindən gəldi. Nazirlərin danışıqlarının nikbin olduğu barədə mediaya qısa açıqlama verildi.

Mümkündür ki, bunun ardından İlham Əliyevlə Nikol Paşinyan Vaşinqtonda görüşüb, sülh üçün hazırlanan sənədi paraflasınlar. XİN başçılarının təması və bunun 1 həftəyə qədər davam edəcəyi xəbəri bu yöndə proqnozları, ümidlər artırır.

Amerika Birləşmiş Ştatları başqa olmaqla Qərb Qafqaz siyasətində kəskin dönüş edib. Bu, baş verənlərin fonunda aydın sezilir. Bütün dünya Azərbaycanın haqlı mövqeyini əlinin arxası ilə bir kənara itələyib, Ermənistanın işğalçı mövqeyini dəstəkləyirdi. Bizi işğal faktı ilə barışmağa çağırırdılar. Alçaldıcı sülh təklif olunurdu. İndi isə bunun əksini görməkdə, eşitməkdəyik. Ən maraqlı cəhət bu prosesdə Rusiya ilə Qərbin elə kəskin fikir ayrılığına düşməmələridir. Necə ki, ABŞ, Avropa, Rusiya Qarabağın ermənilərə verilməsində eyni mövqedə idilər, bu gün də Azərbaycanın öz tarixi sərhədlərini bərpa etmək istiqamətindəki fəaliyyətində bizi açıq şəkildə dəstəkləyirlər.

Görünən budur ki, dünya nəhəngləri üçün prioritet dəyişib. Cənubi Qafqazdakı konflikt ocaqlarını söndürmək qərarı verilib. Yeni başladılan prosesin A nöqtəsi buradır – Qafqazlar. Mümkündür ki, bu səbəbdən regionda əmin-amanlıq yaratmaq qərarı verilib.

Hədəf nədir? İran? Çin? Yaxud Çinin bu bölgəyə girişini əngəlləmək? Bəlkə İran-Çin müttəfiqliyini ləngitmək üçün türk respublikalarının konsolidasiyasına nail olmağa çalışılır?

Gedən proseslərdən, verilən bəyanatlardan, dünya liderlərinin açıqlamalarından hədəfin daha çox İran olduğu görünür. İsrailin Baş naziri Benyamin Netanyahunun son açıqlaması da oxları İranın üzərinə tuşlayır. B.Netanyahu CNN telekanalına müsahibəsində deyib ki, İranın nüvə dövlətinə çevrilməsinin qarşısını almağın yeganə yolu real hərbi təhlükədir. Baş nazir İsraili, ABŞ-ı və qonşu ərəb ölkələrini nəzərdə tutaraq, “Bu, hamımızın borcudur”,- deyib.

Fikir verin, ərəb ölkələrini də İrana qarşı birlikdə yanlarına alacaqlarını planlaşdırırlar. Həm də İranın Səudiyyə Ərəbistanı ilə münasibətləri qaydaya saldığı ərəfədə bu bəyanat xüsusilə diqqət çəkir. Xatırladaq ki, Səudiyyə ilə İranı Çin prezidenti barışdırıb. Baxmayaraq ki, Səudiyyə Ərəbistanı, necə deyərlər, Amerikanın iyerarxiyasında olan ölkədir. Çin isə son vaxtlar Yaxın Şərqdə Vaşinqtonla maraq şərikinə çevrilməkdədir. Bu da Ağ Ev və Pentaqon üçün arzuolunmaz durumdur. Səudiyyə ABŞ-ın ən böyük silah müştərisidir. Üstəlik, bölgədə əsas müttəfiqidir. Günün birində Çin çıxır ortaya və Amerikanın dostu ilə düşmənini barışdırır…

Netanyahu CNN-ə açıqlamasında deyib: “Bizim qiymətləndirməmizə görə, göstərdiyimiz bəzi operativ, iqtisadi və siyasi səylər İranın ilkin planlarına müdaxilə edib. Onlar təxminən 10 il əvvəl indi olduqları yerdə olacaqlarına inanırdılar. Biz onları yavaşlatmağı bacardıq, lakin tamamilə dayandıra bilmədik”.

Bu o demək sayılır ki, İsrail İrana hərbi müdaxiləyə hazırlaşır və indidən bunun ideoloji bazasını düzəldir.

Bu isə ABŞ, Britaniya və İsrail üçün Azərbaycanın, həmçinin Türkiyənin əhəmiyyətini kəskin şəkildə artırır. Mümkündür ki, Amerika və yaxın müttəfiqləri bu perspektivə görə Türkiyə və Azərbaycanın bölgədə rolunun artmasında maraqlıdırlar. Azərbaycan güclənməsə, Qarabağ məsələsini birdəfəlik həll etməsə, regionun yenidən dizayn olunması mümkün görünmür. Qlobal güclərin masasında yeni geopolitik konfiqurasiya var. Azərbaycan da bu ssenaridə olduqca önəmli yer tutur. Açar ölkə sayılır. Ona görə də Birləşmiş Ştatların adına şərti olaraq “böyük Qafqaz projesi” dediyimiz sürəcə başladığını və Azərbaycanla bağlı sensasion planlarının olduğunu çəkinmədən yazırıq.

Lakin bir narahatlığı qeyd etmək yerinə düşər. ABŞ və müttəfiqləri Böyük Yaxın Şərq (Böyük Orta Doğu) projesi hazırlayıb, icrasına start verdiklərini bildirəndən sonra həmin coğrafiyada qan su yerinə axmağa başladı. İnanmaq istərdik ki, keçmişdəki pis təcrübələr bir kənara qoyulacaq. Cənubi Qafqazda sülh, əmin-amanlıq bərqərar ediləcək və burdakı xalqlar nəhayət, hüzura qovuşacaq.

Azər Ayxan
Globalinfo.az