Bakı və İrəvan arasında mühüm yenilik – Məxfi proses…

İkinci Qarabağ müharibəsinin ardınca Rusiya ilə Qərb arasında rəqabət yaranmışdı. Ermənistan-Azərbaycan arasında danışıqlar Qərb platformasında keçirilən kimi Prezident Vladimir Putin də dərhal Rusiya ərazisində iki liderin iştirakı ilə görüş təşkil edirdi. Diqqətçəkən məqam isə sonradan bu rəqabətin, yarışın səngiməsidir. Hazırda proses tam aradan qalxıb.

Maraqlıdır, Ermənistanla Azərbaycan arasında danışıqlar, razılaşmalar bu iki ölkə arasında olur, yoxsa heç kimin bilmədiyi üçüncü qüvvə prosesi məxfi şəkildə yönləndirir?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov Rusiya ilə Qərb arasında rəqabətin səngidiyini və ya dayandığını düşünmədiyini deyib:

“Çünki Ermənistan-Azərbaycan münaqişəsi hər iki tərəf üçün vacib, belə demək mümkünsə, həyati əhəmiyyətli məsələdir.

İkinci Qarabağ müharibəsinə qədər tərəflər Ermənistanla Azərbaycan arasında gərginliyi qorumaqla regiondakı təsir imkanlarını saxlamağa çalışırdılar. Amma rəsmi Bakı bu məsələni həll etdi. İndi Rusiya və Qərb sülh məsələsində vasitəçi olmaqla bölgədəki “rıçaqlarını” təmin etməyə çalışır. Bu baxımdan Moskvanın şansları daha çoxdur. Ən azından hələlik.

İrəvanla Bakı arasındakı birbaşa razılaşmalara gəldikdə isə deməliyik ki, üçüncü güclər proseslərin bu və ya digər ssenari ilə inkişafında maraqlıdırlar. Həm Qərb, həm də Kreml proseslərə öz maraqları konteksindən yanaşır. Rəsmi Bakı ilə İrəvan isə öz oyunlarını oynayır”.

Ekspert deyib ki, Qazaxın işğal altındakı dörd kəndinin Azərbaycana qaytarılması və delimitasiya prosesinin başlanması birbaşa təmaslar nəticəsində mümkün olub:

“Yəqin ki, proses belə də davam edəcək. Amma üçüncü güclərin rolunu tamamilə istisna etmək olmaz. Belə ki, Ermənistan və Azərbaycan öz növbəsində digər tərəflərlə də müzakirələr aparırlar.

Azərbaycan birbaşa təmasların tərəfdarıdır. Fikrimizcə, Ermənistan da bunda maraqlı olmalıdır və siyasi iradə nümayiş etdirməlidir. Çünki üçüncü güclərin proseslərdəki rolu birbaşa öz maraqlarını təmin etmək cəhdidir. Hərçənd Rusiya və Qərb arasında yaranan və davam edən rəqabət yeni “fürsət pəncərələri” aça bilər. Azərbaycan bu imkanlardan istifadə edə bilər”.

Turan Rzayev
Globalinfo.az