Vahid Əhmədov şifrəsi – Deputatı hədəfə gətirən səbəblər

Aprelin 25-də Milli Məclisin (MM) plenar iclasında gərgin müzakirələr oldu. MM rəhbərliyinin, ayrı-ayrı deputatların iştirakı ilə Vahid Əhmədovun bloger Mehman Hüseynova verdiyi müsahibə ciddi tənqid olundu. V.Əhmədov həmin müsahibədə hakimiyyəti qıcıqlandıran, narahat edən fikirlər söyləyib. Əslində məsələnin mahiyyətinə az-çox bələd olan şəxslər də bu müsahibə ilə bağlı bir qədər tənqidi tonda danışır, yazır. Məlumatlı insanlar nəyin necə olduğunu bilir axı. Ona görə belələrinə “Vətən, Millət, Sakarya” nağılları keçmir.

Kütlə isə Vahid Əhmədovu müdafiə edir. Çünki kütlədə heç vaxt doğru məlumat olmur. Buna ehtiyacı da yoxdur. Onun (kütlənin) rəyi, reaksiyası, hadisələrə yanaşması emosional, sentimental hisslər üzərində qurulur. Kütləyə reallığı bilmək əsla sərf etmir. Yoxsa xəyal qırıqlığı yaşayar. Kütlə istismar etməyə, “sevməyə”, şəklini başının üstünə qaldırıb hayqırmağa hər zaman bir qurban axtarır. Bu dəfə onun əlinə Vahid Əhmədov keçib. Buraxarmı? Əsla. Kütlə qəhrəmanını özü seçir, onu sümürür, iliyini sorur, böyük qəhrəmanlıqlar, fövqəladə bacarıqlar umur, axırda da bir kənara atıb “bundan da bir şey çıxmadı” deyib, gedir yenisini axtarmağa. Lakin bir məqam unudulur ki, budəfəki obyekt – Vahid Əhmədov – kütlənin istədiyi adam deyil. Onu müdafiə etmək olar – o da işin əslini-astarını bilmədən – amma üzərinə böyük mənəvi-siyasi-ictimai yük qoymaq mümkün deyil. Belələrinin siyasi vücudu sürüşkən olur, yağlı pəhləvanlar kimi, tutursan, tutulmur, yapışırsan, əlin, ümidin sürüşüb gedir…

Vahid Əhmədov siyasətçidir. Necə deyərlər, “köhnə qurddur”, sovet sisteminin yetirməsidir. Bu cür personalar kütlədən məharətlə yararlanar, amma heç vaxt imkan vermir ki, kütlə onu “yesin”, xərcləsin. Belə adamlar yüz minlərlə insanın hisslərini oxşayan sözlər deyir, ictimai rəyi manipulyasiya edir, populist çıxışlarla rəğbət qazanır, amma bəlli bir yerdə dayanır. Bu mövqeyi ona “sözünü deyən kişi” yarlığı üçün lazımdır. Bir də hökumətdə “ağ qarğa” olmaq baxımından vacibdir. İstəyəndə bu obrazını silaha çevirib, daha çox mənfəət qazana bilir.

V.Əhmədov 76 yaşın içindədir. Bu, siyasi karyera qurmaq üçün uyğun yaş sayılmır. Amma yarı zarafat, yarı ciddi, ABŞ prezidenti Co Baydenə baxıb, bəzi nəticələr çıxara bilər. Necə ki, müsahibədə Mehman Hüseynova ritorik sual ünvanlayır: “Amerikanın prezidenti Baydenin neçə yaşı var?”.

Dövlət bu adamların populizminə, özünü kütlə qarşısında qəhrəman obrazında göstərməsinə bir yerə qədər dözür. Vahid Əhmədov bu dəfə dövlət babanın səbir kasasını daşırıb. Ona görə də dövlət ona sərt üzünü göstərməyə məcbur oldu.

Sadəcə zaman uyğun seçilməmişdi. Laçın-Xankəndi yolunda Azərbaycanın tarixi qələbəsinin qeyd edildiyi günlərdə bu mövzunun gündəm olması hakimiyyətin ictimai rəydə mövqeyini bir qədər zəiflətdi. Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulması müxtəlif mərkəzlərdən idarə olunan siyasi, dini və başqa təmayüllü “müxalifəti” iflic edib. Əli Kərimlinin müavininin məlum statusu isə onu və partiyasını gülünc duruma salmışdı. Bütün ölkə AXCP rəhbərliyinə lağ edirdi, ələ salırdı. Facebook bu cür statuslarla dolub-daşırdı. MM-də məlum müzakirələr vəziyyəti kökündən dəyişdi. Biabır olan Əli Kərimli dirçəldi. Hücum mövqeyi aldı. Vahid Əhmədovla virtual ittifaq yaradıb, əlini nisbətən gücləndirdi.

Vahid Əhmədov maddi baxımdan kifayət qədər geniş imkanları olan deputatdır. Quru maaşa möhtac biri deyil. Dövlətin tam qayğısı, nəvazişi altındadır. Deyilənlərə görə, biznesi də var, obyektləri də. Hələ bildiyimiz qədər tender məsələlərində onun yaxınlarına xeyli imkanlar yaradılıb. Dörd çağırışdır deputat mandatı daşıyır. Dövlət istəməsə bir çağırış da ola bilməzdi. Dövlətin resursları hesabına deputat olan, prokuror atası olan, maddi imkanlara sahib olan şəxsin başqa fikirlərə düşməsi, özünü doğru, başqalarını oğru adlandırması bütün dövrlərdə xoş qarşılanmayıb. İndi də belə oldu.

Sözügedən müsahibədə Vahid Əhmədovu hədəfə çıxaran xeyli fikri var. Onlardan biri özünün də təmsil olunduğu Milli Məclisi dolayısı ilə qeyri-legitim elan etməsidir. AXCP-ni ölkənin ikinci partiyası saymasıdır. “Mən Qubadan deputat olmasaydım, üsyan qalxardı” deməsidir. Bir sözlə, ölkəyə siyasi vitrin düzəltməsi, kimin gerçək siyasətçi, həqiqi müxalifətçi olmasına dair arayış verməsidir. Özünü qəhrəman obrazında göstərib, həmkarlarına yuxarıdan aşağı baxması, hökuməti ictimai rəydə biabır etməyə hesablanan fikirlər işlətməsi vəziyyəti burlara gətirib çıxardı. Bu hökumət belə şeyləri bağışlamır. Haqsız da sayılmaz… “Məndən yararlan, başqasına qahmar çıx” – belə olmur axı.

Ən xoşagəlməzi isə Türkiyə ilə bağlı dediyi fikirlərdir. Vahid Əhmədovu müdafiə edənlər belə onun qardaş ölkə haqda söylədiyi fikirlərini əsla qəbul etmir. Elə xoruzun quyruğu, məsələnin mahiyyəti, Vahid Əhmədovun mövqeyi də burda üzə çıxır. Necə deyərlər, bu müsahibə Vahid Əhmədov şifrəsinin hökumət və cəmiyyətin müəyyən təbəqəsi nəzdində çözəlməsinə xidmət etdi.

Aydın Aslan
Globalinfo.az