Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun mayın 2-də keçirilən iclasında deyib ki, artıq parlament seçkilərinə hazırlığa başlanılmalıdır. Onun sözlərinə görə, yazda və payızda hazırlıqları daha rahat görmək olur. MSK sədri hətta parlament seçkilərindən sonra bələdiyyə seçkilərinin gəldiyini və bunun daha çətin olduğunu deyib.
Məzahir Pənahovun açıqlaması nə vəd edir?
Mövzunu Globalinfo.az-a şərh edən deputat Razi Nurullayev deyib ki, M.Pənahovun açıqlaması bu il iki seçkinin keçirilməsini özündə ehtiva edir.
Deputatın sözlərinə görə, seçkilərin nə zaman və necə keçiriləcəyi konstitusiya ilə müəyyənləşib:
“Noyabr ayının 3-də parlament seçkiləri, dekabr ayının sonunda isə bələdiyyə seçkiləri keçirilməlidir. Bu seçkilərin önə çəkilib-çəkilməyəcəyi ilə bağlı hələ məlumat yoxdur. Ola bilər ki, COP29-la əlaqədar olaraq müəyyən dəyişikliklər edilsin. Lakin bu da dəqiq deyil. Məlum olan seçkilərə hamımızın hazırlaşmasıdır. Hər kəs də bilir ki, bu il iki seçki olacaq və bu seçkilərdə iştirak vacibdir. Seçkilər vaxtında da keçirilsə, irəli də çəkilsə, iştirak edəcəyik”.
Zaira Akifqızı