İran-İsrail müharibəsi başlayır? – Politoloq incə məqamları açıqladı

“İsrail və İran arasında Yaxın Şərqdə davam edən “kölgə müharibəsi” daha aktiv fazaya keçmək üzrədir. Nüvə silahı üçün 90%-lik zənginləşdirilmiş uran tələb olunursa, İranda bu göstərici artıq 84%-ə çatıb”.

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva İsrailin Baş naziri Benyamin Netanyahunun son açıqlamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, artıq real müharibə təhlükəsi yaranıb:

“Bu təhlükə xüsusən Naftali Bennetin başçılıq etdiyi İsrail hökumətinin qurulmasından sonra İranın hərbi və nüvə imkanlarına qarşı tətbiq etdiyi “Ahtapot doktrinası”nın nəticəsi olaraq üzə çıxıb.

Son on il ərzində İsrail xüsusən Suriyada İran silahlı birliklərinə və silah daşınmasına qarşı əməliyyatlar icra edib. Amma indi İsrail rəsmilərinin ifadə etdiyi kimi desək, İraq, Suriya, Livan və Qəzza kimi yerlərdə deyil, İrandakı “ahtapot”un başını hədəf alaraq “yeni müdafiə strategiyası” həyata keçirirlər.

Tehran Livanda Hizbullah, Qəzza zolağında HƏMAS və İslami Cihad, Yəməndə Husilər, Suriya və İraqda şiə agentləri vasitəsilə bir sıra milis və terror qruplarının yaranmasına kömək edib. Üstəlik, İsrail rəsmilərinin sözlərinə görə, İran pilotsuz təyyarələrinin İsrailin mürəkkəb hava hücumundan müdafiə şəbəkəsinə nüfuz etmək riski artmaqdadır. İsrailin xarici işlər naziri Yair Lapid verdiyi açıqlamada aşağıdakı ifadələrdən istifadə edib: “Əgər iranlılar terroru qapımıza gətirə biləcəklərini və bunun qarşılıqsız qalacağını düşünürlərsə, yanılırlar.”

Politoloq hesab edir ki, son 30 ildə İran, xüsusən də Hizbullah İsrailin Latın Amerikası, Şərqi Avropa və Asiyadakı hədəflərini dəfələrlə vurub:

“Bunlara 1990-cı illərdə Buenos-Ayresdə İsrail səfirliyi və yəhudi mədəniyyət mərkəzini hədəf alan iki bombalı avtomobil hücumu, 2012-ci ildə Bolqarıstanda israilli turistlərə qarşı təxribat və eyni il Yeni Dehlidə İsrail diplomatlarını hədəf alan terakt daxildir. Bütün bunlar Yaxın Şərqdə böyük müharibəyə səbəb olmayıbsa, düşünürəm ki, indiki vəziyyətdə də eskalasiyanın yaşanması gözlənilən deyil. Digər tərəfdən, İran dünya ölkələri içərisində qüdrətinə görə 17-ci, İsrail isə 18-ci yerdə qərarlaşır.

Züriyə Qarayeva

Bu amil tərəfləri bir-biri ilə açıq şəkildə müharibə etməkdən çəkindirir. Ona görə də İsrailin hazırkı siyasəti daha çox müttəfiq halqasını genişləndirməyə yönəlib. Netanyahunun bu vəziyyətin qarşısını almaq üçün qonşu ərəb dövlətlərini də İranla bağlı mövqe bildirməyə çağırması mübarizədə həmin dövlətlərdən istifadə niyyətini göstərir. Lakin bu ölkələr enerji ixrac edən dövlətlərdir. İranın sözügedən ölkələrə zərbə endirməsi enerji resurslarının qiymətini kəskin artıra bilər. Enerji resurslarının qiymətlərinin kəskin artması Qərbdə inflyasiya göstəricilərini yüksəldib, ölkələri iqtisadi böhrana düçar edə bilər. Bu zaman Ukraynaya edilən yardımların həcm və intensivliyi azala, Rusiyaya tətbiq edilən sanksiyaların effektivliyi aşağı düşər. Belə olduqda müharibə fazası İsrailin əsas dəstəkçisi olan ABŞ-ın da maraqlarına uyğun olmadığı qənaətini doğurur”.

Turan Rzayev
Globalinfo.az