Paşinyanın həyatı və hakimiyyəti təhlükədə – Baş nazir keşişlər kələyini necə dəf edəcək?

Ermənistanın paytaxtı İrəvanda, eləcə də digər yerlərdə başlayan dinc itaətsizlik aksiyaları geniş vüsət alır.

Məlumata görə, dünən İrəvanın mərkəzində etiraz aksiyası keçirən keşiş Baqrat Qalstanyan bütün mümkün yerlərdə itaətsizlik aksiyasına çağırmışdı. Hazırda Respublika meydanında xeyli sayda polisin olduğu bildirilir. Ermənistan mətbuatı yazır ki, sakinlər Araratdan İrəvana gedən yolu bağlayıb.

İrəvan Dövlət Universitetinin tələbələri də Baqratın aksiyasına qoşulub və tətil elan edib.

Ermənistandakı etirazlar nə ilə nəticələnə bilər? Paşinyanın istefası ehtimalı güclüdür, sui-qəsd cəhdi realdır, yoxsa hər şeyə rəğmən Nikol həyatda və hakimiyyətdə qala biləcək?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Oqtay Qasımov deyib ki, Ermənistandakı etiraz aksiyalarının başlanma səbəbi şərti dövlət sərhədində gedən delimitasiya işləri göstərilsə də, əsl məqsəd Baş nazir Nikol Paşinyanın devrilməsidir:

Oqtay Qasımov

“Dünən Respublika meydanına təxminən 15-20 min arası etirazçı toplaşmışdı. Etirazçıların tələbi Paşinyanın istefa verməsi idi. Hətta bunun üçün ona 3 saat 15 dəqiqə vaxt verənlər də oldu. Bütün bunlara baxmayaraq Ermənistan hakimiyyəti etirazlara reaksiya vermir.

Paşinyanın partiyasından olan deputatlar dünəndən sosial şəbəkə hesabları vasitəsilə açıqlamalar verib. Verilən açıqlamalardan belə qənaətə gəlmək olar ki, hakimiyyət etiraz aksiyalarından narahat deyil. Bunun bir səbəbi də meydanlarda keçmiş müxalifət liderlərinin olmamasıdır. Təsadüfi deyil ki, buna görə etiraz aksiyalarına keşiş Baqrat Qalstanyan rəhbərlik edir. Yəni kilsə Paşinyana qarşıdır.

Paşinyanın mövqeyi bəllidir. O bir müddətdir deyir ki, real Ermənistanın tərəfindədir. Yəni tarixi Ermənistan mifini yox, mövcud Ermənistanın taleyi ilə maraqlanır. Hesab edirəm bu ağıllı və praqmatik bir yanaşmadır. Çünki özü də bilir ki, Ermənistan Azərbaycan ərazilərində yaradılmış süni bir dövlətdir. Revanşistlər, ultramilliyətçilər və kilsə Paşinyanı xəyanətdə ittiham edir. Onun vəzifədən getməsini tələb edirlər.

İndiki məqamda aksiyalar Paşinyanı devirmək üçün kifayət deyil, lakin prosesin belə davam etməsi sülh prosesinə mane ola bilər. Xüsusilə Ermənistan hökumətini böhrana sala bilər”.

Turan Rzayev
Globalinfo.az