İran İsrailə “ölüm hökmü” çıxardı – Abdullahianın zəngi

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı bildirib ki, ABŞ-ın Qəzza zolağında atəşkəs, o cümlədən cənubundakı Rəfah şəhərində hərbi əməliyyat üçün İsrailə təzyiq etməməsinin ağır nəticələri olacaq.

“Əgər ABŞ Netanyahuya atəşkəslə razılaşmaq üçün təzyiq göstərməsə və heç bir şəkildə Rəfahda yeni cinayətlərə müdaxilə etməsə, o zaman müharibənin tərəfdarları dəhşətli nəticələrlə üzləşəcəklər”, – deyə o bildirib.

İranlı nazirin sözlərinə görə, Ağ Ev İsrail rejiminə təzyiq göstərməyi, müharibəni dayandırmağı, yaxud regionda böhran və gərginliyin yeni səviyyəsinə keçməyi seçməlidir.

Abdullahian həmçinin BMT-dən yəhudi dövlətinə təzyiqi artırmağı tələb edib.

Globalinfo.az-a danışan siyasi şərhçi Tural İsmayılov deyib ki, İranın beynəlxalq münasibətlər sisteminə yanaşması dəyişmir:

“Belə ki, 1979-cu ildə İranda baş verən İslam İnqilabından bu günə qədər rəsmi Tehran bir dənə də olsun rasional qərar verməyib. Uzun illər ərzində dövlət idarəetməsində ideoloji yanaşmanı dəyişməyən daha çox aqressiv tutumu ilə seçilən İranın həm qonşuları ilə, həm də digər dövlətlər ilə münasibətləri pisləşib.

Təcrübə göstərir ki, İran rəqiblərinə qarşı boş təhdidlər səsləndirmək və bleflər etməkdən başqa heç nə etmir. Misal üçün, bir müddət öncə İsraili yer üzündən silmək ilə hədələyən İran bir neçə raket zərbəsi ilə kifayətləndi. Halbuki paylaşdığı videolarda tam fərqli şeylər deyirdi.

Hesab edirəm, bu gün İranın ABŞ-ı hədələməsi gülüncdür. ABŞ ilə İranın gücü müqayisə edilməyəcək qədər fərqlidir. İsrailə illərdir gücü çatmayan İranın ABŞ-a nə isə etməsi inandırıcı deyil. Bu mənada mən bu kimi hədələri ciddi hesab etmirəm”.

Turan Rzayev
Globalinfo.az