Baqrat: “Ermənistanın baş naziri ola bilmərəm” – İlginc səbəb

“Mənim baş nazir olmaq üçün nə istəyim, nə də ambisiyam var”. 

Globalinfo.az xəbər verir ki, bunu İrəvanda keçirilən aksiyalara rəhbərlik edən Tavuş yepiskopu Baqrat Qalstyan deyib.

O, ikili vətəndaşlığının olduğuna dair iddialara cavab verib.

“Cənab Vardan Oskanyana ürəkdən minnatdaram. Lakin mənim baş nazir olmaq ambisiyam yoxdur. Ümumiyyətlə, bunu doğru hesab etmirəm. Bəli, mənim ikili vətəndaşlığım var, bunu gizlətmirəm. Mən Ermənistan və Kanada vətəndaşıyam. Kanada pasportu mənə 10 il Kanadada xidmət etdiyim vaxt verilib”, – Baqrat bildirib.

***

“Hazırda İrəvanda aksiyaya rəhbərlik edən yepiskop Baqrat Qalstyan baş nazir olmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.

O bildirib ki, Baqratın rəhbərliyi ilə müvəqqəti hökumət qurulmalıdır:

“Hesab edirəm, Baqrat Qalstyan Ermənistanın baş nazirliyinə namizədliyini irəli sürməlidir. Yəqin ki, belə də olacaq. Onun rəhbərliyi ilə müvəqqəti hökumət qurulacaq, bəzi problemlər həll olunacaq. Erməni xalqı sakitləşdikdən sonra sabit şəraitdə seçkilər keçiriləcək və əsas hökumət qurulacaq”.

Ermənistanın “Haykakan jamanak” qəzeti isə B.Qalstyanın baş nazir ola bilməyəcəyini yazıb.

Nəşr bildirir ki, buna səbəb onun iki vətəndaşlığının olmasıdır: dini lider Ermənistanla yanaşı, Kanada vətəndaşıdır.

Ayşən Mustafa
Globalinfo.az