“Delimitasiya” və “demarkasiya” terminlərinin mənası nədir? – Maraqlı məqamlar

Ermənistan və Azərbaycan arasında sərhəd xətlərinin dəqiqləşdirilməsi prosesinin başlamasından sonra mətbuatda “delimitasiya” və “demarkasiya” terminlərinə daha çox rast gəlirik. Bəs bu terminlərin mənası nədir?

Globalinfo.az “delimitasiya” və “demarkasiya” terminləri və ümumilikdə bu prosesin tarixi ilə bağlı maraqlı məlumatları təqdim edir.

Dövlət sərhədinin müəyyən olunması prosesi iki mərhələdən ibarətdir: delimitasiya və demarkasiya.

Delimitasiya sözü latınca “delimitatio” sözündən götürülüb, mənası “qeyd” deməkdir.

Həm siyasi ədəbiyyatda, həm də beynəlxalq hüquqda qeyd olunduğu kimi delimitasiya prosesi qonşu dövlətlərlə sərhəd xətlərinin müəyyən edilməsinin ilk mərhələsidir.

Delimitasiya prosesi zamanı bir qayda olaraq, genişmiqyaslı xəritələr üzərində relyef, hidroqrafiya, yaşayış məntəqələri ətraflı göstərilir. Bu proses yekunlaşdıqdan sonra dövlət sərhəd xətti ilə bağlı müqavilə imzalanır.

Delimitasiya zamanı, razılığa gələn tərəflər, bir qayda olaraq, bir xəritə üzərində, yerdə iş aparılmadan sərhəd xəttinin keçidinin təsvirini hazırlayırlar, bu müqavilənin özündə və ya içərisində müstəqil bir maddə ona əlavə ola bilər.

Sazişdə göstərilən sərhəd xəttinin mövqeyinə uyğun olaraq, bir qayda olaraq sərhəd delimitasiyası razılaşmasının ayrılmaz hissəsi olan və olduğu kimi mövqenin açıq bir göstəricisi olan sərhəd xətti coğrafi xəritədə çəkilmişdir. “Delimitasiya” termini beynəlxalq kosmik hüquqda tez-tez istifadə olunur.

Delimitasiya materialları sərhədin müəyyənləşdirilməsinin növbəti mərhələsi onu yerə çəkmək (demarkasiya) üçün əsas rolunu oynayır.

Demarkasiya sözü isə fransızca “demarcation” sözündən götürülüb, mənası “ayırma” deməkdir. 

Demarkasiya dövlət sərhədinin müəyyənləşdirilməsinin ikinci mərhələsidir. Demarkasiya razılaşdırılmış sərhəd xəttinin xüsusi sərhəd nişanları vasitəsilə yerdə müəyyən olunmasıdır. Demarkasiya həm də əvvəldən hazırlanmış delimitasiya müqaviləsinə və ona əlavə olunan xəritə və təsvirlərə uyğun şəkildə dövlət sərhəd xəttinin yerində müəyyənləşdirilməsi və qeyd edilməsidir.

İki dövlət arasında demarkasiyanı həyata keçirmək üçün, adətən, qarışıq komissiya yaradılır. Hər bir dövlət öz sərhədlərini, toxunulmazlığını təmin etmək üçün müvafiq hüquqi rejim müəyyən edir. Bu rejim beynəlxalq müqavilələrlə və daxili qanunvericiliyə əsaslanır. Məsələn, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun II fəsli bütövlükdə bu məsələyə həsr olunub.

Sərhəd rejimi aşağıdakı məsələləri əhatə edir: 

1) Dövlət sərhədinin lazımi vəziyyətdə saxlanması;

2) Dövlət sərhədindən şəxslərin və nəqliyyat vasitələrinin keçmə qaydası (o cümlədən quru sərhədində keçid məntəqələrinin və hava sərhədində uçuş koridorlarının müəyyən olunması);

3) Dövlət sərhədinin malların və yüklərin buraxılması qaydası;

4) Dövlət sərhədində təsərrüfat və ya digər fəaliyyətin (ov, bağçılıq, dağ-mədən işləri və s.) həyata keçirilməsi qaydası;

5) Sərhəd rejiminin pozulması ilə bağlı insidentlərin müvafiq dövlətlərlə birgə həll olunması qaydası.

Sərhəd rejiminə riayət olunmasına nəzarət etmək və sərhəd insidentlərini həll etmək üçün müvafiq dövlətlər, adətən, sərhəd komissarları (sərhəd nümayəndələri) təyin edirlər.

“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun 21-ci maddəsinə əsasən: “Azərbaycan Respublikasının dövlət sərhədi rejiminin qorunması ilə əlaqədar məsələləri həll etmək, habelə sərhəd münaqişələrini nizama salmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti sərhəd qoşunlarının zabitləri sırasından Azərbaycan Respublikası dövlət sərhədinin müəyyən hissələri üzrə Azərbaycan Respublikasının sərhəd nümayəndələrini təyin edir”.

Turan Rzayev 

Globalinfo.az