Sülh danışıqları aparılan gün Prezident niyə müharibədən danışdı? – Sensasion səbəb

Yazı ilk dəfə 10 may 21:35-də yayımlanıb

Prezident İlham Əliyevin Şuşada sakinlərlə görüşdə çıxışı geopolitik zəlzələ effekti yaradıb. Dünyaya ağalıq iddiasında olanlara Şuşa yüksəkliyindən sərt, tutarlı, məntiqli cavablar və mesajlar verdi. Prezident həm də son 1 aya yaxın dövrdə baş verən proseslərə aydınlıq gətirdi. Azərbaycan ictimai rəyini aydınlatdı. Düşüncələrə hakim kəsilən bəzi suallara möhtəşəm cavablar verdi. Bütün daşlar yerinə oturdu. Çox şey aydın oldu.

Əsas aydınlıq gətirilən məsələ Qazaxın 4 kəndi ilə bağlıdır. Ölkə başçısı mövzuya toxunarkən mühüm detalı açdı. “Bir tələbimlə 4 kənd qayıtdı” dedi. Bəs o tələb nədir? Prezident Əliyev Ermənistana necə bir tələb irəli sürüb ki, səssiz-səmirsiz kəndləri qaytarmalı olublar?

“Arifə bir işarə yetər” – atalar misalında belə deyilir. Biz İlham Əliyevin bir tələbi ilə Paşinyanın 4 kəndi qaytarmasının səbəblərini öyrəndik. Böyük ehtimalla Ermənistana açıq şəkildə bildirilib ki, anklav olmayan kəndləri xoşluqla qaytarmasa, hərbi yola əl atılacaq. Ermənistan israr etsə idi, bunun bədələni ağır ödəyərdi.

Paşinyan 44 günlük müharibədə İlham Əliyevin əlinin suyunu yaxşı gördü. Ermənistan da Azərbaycan Ordusunun gücünü canında, qanında hiss etdi. Bu cür qüdrətli ordu ilə bir daha toqquşmamaq üçün İlham Əliyevin tələbi qeyd-şərtsiz icra edilib.

Ölkə başçısının digər maraqlı bəyanatı sərhədlərlə bağlı olub. Sitat: “İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq. Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq? Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm”.

Fikir verin, Prezident açıq şəkildə bəyan edir ki, prosesə çomaq soxulsa, Azərbaycan Ermənistanla sərhədi özü müəyyən edəcək – hansısa delmitasiya, demarkasiya komissiyası yox. Bu həm də Ermənistanı himayə edən Qərb ölkələrinə – əsasən Amerikaya, Fransaya cavabdır. İlham Əliyev dedi ki, bu iki ölkə ermənilərə söz vermişdi ki, Qarabağ əbədiyyən onlarda qalacaq.

Prezident ABŞ-ın Azərbaycandakı səfirinin ötən həftə Şuşaya getməklə bağlı dediyi biabırçı sözlərə sərt cavab verdi. Sitat: “Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır.”

İlham Əliyev Ermənistanın Fransa tərəfindən silahlandırılmasına da münasibət bildirdi. Dedi ki, əgər yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin: “Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz”.

Prezidentin “biz erməni vanaddalığını heç vaxt unutmayacağıq” sözləri də ibrətamizdir. İlham Əliyev bununla xalqa, gənclərə, gələcək nəsillərə çağırış etmiş oldu ki, ermənilərin törətdiyi dəhşətli cinayətləri heç vaxt unutmayaq, həm də bağışlamayaq. İlham Əliyev prezident vəzifəsinin icrasına başlayan gündən yaxın-uzaq tarixi unutmamaq çağırışları edir. Bu mövzu Prezident üçün həssas və prinsipialdır. Burda qəti şəkildə güzəştə yer yoxdur.

Maraqlıdır ki, Prezident Qazaxıstanda xarici işlər nazirlərinin sülh danışıqları apardığı gün bu cür bəyanatlar verdi. Onun nitqində müharibə ritorikası üstünlük təşkil etdi. Ermənistana, havadarlarına xəbərdarlıq etdi. Onlara Azərbaycan Ordusunun qüdrətini xatırlatdı. “Sərhəd harda istəsək, orda olacaq” dedi.

Açığı, bu çıxış gözlənilməz oldu. Sülh prosesi getdiyi vaxtda belə bəyanatlar? Üstəlik Ermənistanda Paşinyanın istefası tələb olunan ərəfədə. O etirazlar Azərbaycanla sülh danışıqlarını, delmitasiya, demarkasiya prosesini dayandırmaq tələbləri ilə keçirilir. Məntiqlə İlham Əliyev yumşaldıcı tona üstünlük verməli idi. Bəs nədən əksi oldu?

Cavab yalnız bu ola bilər ki, Azərbaycan Ermənistanı sülhə məcburetmə prosesi aparır. Ermənistan sülh danışıqlarından yayınmağa hər zaman meyllidir. Bu gün də prosesdən uzaqlaşmaq üçün müxtəlif siyasi teatrlar qurulub.

İlham Əliyev hər şeyin fərqində olduğunu həm Paşinyana, həm onu idarə edənlərə, həm də bütövlükdə Ermənistan üzərindən oyun oynayanlara açıq söylədi. Ən əsas xəbərdarlıq isə revaniştlərə oldu! İnanırıq, Azərbaycan Prezidentinin bu bəyanatları ünvanına çatdı. Hər kəs hesabı və balansı bu qətiyyətli mövqeyə görə quracaq.

Müharibə xatırladılır ki, sülhdən yayınmasınlar.

Azər Ayxan
Globalinfo.az