At ətindən dönər hazırlamaq qadağan deyil – qida texnoloqundan maraqlı açıqlamalar

Dönərdən zəhərlənmə halları artır. Bir neçə gün öncə Zaqatalada baş verən kütləvi zəhərlənmə hələ də müzakirə olunur. Təəssüf ki, havalar isindikcə ət və ət məhsullarının saxlanılma qaydaları prosesi yenidən gündəmə gəlir. Bundan başqa, ictimaiyyət bir çox yerlərdə dönərlərin at və uzunqulaq ətindən hazırlandığını da istisna etmir.

Dönərdən zəhərlənmə hansı hallarda ola bilər? Dönər alarkən nələrə diqqət etməliyik? 

Mövzu ilə bağlı Globalinfo.az-a danışan qida mütəxəssisi Ağa Salamov deyib ki, dönərdən zəhərlənmə halı mikrobioloji çirklənmə nəticəsində ola bilər.

Onun sözlərinə görə, mal və ya toyuq ətindən hazırlanan dönərlər riskli qidalar sirasına daxildir:

“Ətin haradan və kimdən gəldiyi, baytar nəzarətinin olub-olmaması, heyvanların necə qidalanması, kəsiminin necə həyata keçirilməsi və s. araşdırılmalıdır. Bu heyvanların hansı maşında daşınmasına da diqqət edilməlidir”.

A.Salamov deyib ki, məhsul qəbul zamanı mikrobioloji çirklənməyə məruz qalmamalıdır:

“Ətin rəng və qoxusunda heç bir dəyişiklik olmamalıdır, soyuducu ilə təchiz olunmuş avtomobillərdə daşınmalıdır. Eyni zamanda müəssisədə emal prosesi iki saat ərzində sərin temperaturda həyata keçirilməlidir. Bundan əlavə, isti qida zəncirində də toyuğun tam bişməsinə əmin olmaq lazımdır. Saxlanma şəraiti düzgün olmalıdır. Otaq temperaturunda saxlanılması qadağandır. Ümumi isə dondurucu istisna olmaqla əti soyuducuda 48 saatdan çox saxlamaq olmaz. Bir sözlə, toyuq məhsullarının soyuq qida zəncirindən kənarda saxlanılması ziyandır. Çox vaxt tələsirlər deyə ət tam bişməmiş çörəyin arasına qoyub verirlər ki, bu da qida zəhərlənməsinə gətirib çıxarır”.

Qida texnoloqu bu vaxta kimi dönərin at ətindən hazırlanmasını eşitmədiyini bildirib:

“At və ya digər heyvan ətindən hazırlanmış ətə rast gəlinərsə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu haqda məlumat vermiş olar. Əgər belə bir şey varsa, heç kim iddia edə bilməz ki, filan yerdə at əti və ya uzunqulaq əti satırlar. Çünki bunu analiz etmək mümkün deyil. Bu, yalnız laboratoriya şəraitində bilinə bilər ki, həmin müəssisədə at əti satılır, yoxsa yox. Bir müəssisə qanuni şəkildə at əti satırsa, təbii ki, bunun heç bir ziyanı yoxdur. Yetər ki, ət mikrobioloji çirklənməyə məruz qalmasın, standartlara uyğun olsun. Düzü, Azərbaycanda at ətinin satıldığını eşitməmişəm”.

Zaira Akifqızı

Globalinfo.az