Türkiyədən gözlənilən önəmli qonaq – Masada “Azərbaycan proqramı” var

Türkiyənin ana müxalifət partiyasının lideri, CHP sədri Özgür Özelin Azərbaycana səfəri gözlənilir. Səfər baş tutarsa onun Prezident İlham Əliyev tərəfindən də qəbul ediləcəyi ehtimal edilir. Xüsusilə Ö.Özellə Türkiyə Prezidenti R.T.Ərdoğanın görüşməsi, son günlər CHP ilə AK Partiya arasında siyasi isnişmənin olması bu ehtimalı gücləndirir.

CHP yerli seçkiləri qazanmış partiyadır və iqtidara gəlməsi xeyli real görünür. Bu, həm də Bakının Türkiyənin gələcək iqtidarı kimi baxılan CHP ilə indidən siyasi münasibətlər qurmasının başlaması demək olar?

Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, CHP sədri Özgür Özelin Azərbaycana gözlənilən səfəri “Türkiyədə AKP-dən başqa qüvvə hakimiyyətə gələrsə, Azərbaycanla münasibətlər korlanacaq” narahatlıqlarını aradan qaldırır:

“Hər zaman bu düşüncəni müdafiə etmişəm ki, Türkiyədə iqtidarın kimliyi və statusu Ankaranın Bakı ilə münasibətlərinə əhəmiyyətli təsir göstərməyəcək. Ola bilər ki, AKP-dən fərqli olaraq hansısa partiyanın hakimiyyətə gəlməsi Azərbaycanla əlaqələrdə ləngimələrə və narahat tendensiyalar baş verməsinə gətirib çıxarsın. Lakin konseptual olaraq heç bir halda Türkiyənin Azərbaycanla əlaqələri qırıq ip üzərinə çəkməsi real proqnoz kimi səslənmir.

Çünki Türkiyənin dövlət olaraq strateji vizyonunda Azərbaycan öz mövqeyi ilə oturuşub. Bu gün iki ölkənin bir-birinə ehtiyacı var.

CHP sədri Özgür Özel

Türkiyənin regional aktorluğu, beynəlxalq lövhədəki önəmli yeri, hərbi qüdrəti, müharibələrin intonasiyasını dəyişən ən müasir silahları istehsal etmək bacarığı mövcuddur. Azərbaycanın isə qlobal layihələrdəki baza rolu, Türkiyənin bu xəritədəki yeri Ankaranın strateji genişlənmə siyasətinə təkan verir.

Deməli, hər iki ölkə strateji müttəfiq olaraq zərurətlərdən doğan ehtiyaclarını qarşılayaraq regional gündəlik formalaşdırır”.

Ekspert deyib ki, CHP lideri Özgür Özelin sələfi Kamal Kılıçdaroğludan fərqi onun dövlət şüuru kontekstini qabartması və Azərbaycanla münasibətlərin qorunub-saxlanmasına önəm verməsidir:

“Bu, Türkiyədəki mümkün iqtidar dəyişikliyində CHP-nin hakimiyyətə gələ biləcəyinə və yeni hakimiyyətin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kimi Bakıya qiymətli dəstək nümayiş etdirəcəyinə vurğudur.

Özgür Özelin Ərdoğanla görüşünə gəlincə, bu, iqtidarlı müxalifətli dövlət üçün həyati əhəmiyyət kəsb edən məsələlərdə birlik nümayiş etdiriləcəyinin göstəricisi kimi şərh oluna bilər.

Görüşün Azərbaycanla bağlı hissəsi də bu çərçivədə açıla bilər. Düzdür, bundan əvvəl də, Özelin Azərbaycana səfər edə biləcəyi məlumatları tirajlanırdı. Amma CHP-liderinin Ərdoğanla görüşdən sonra bu məlumatları təsdiq edən mövqe səsləndirməsi məncə onun Türkiyə lideri ilə görüşündəki “Azərbaycan proqramını” ortaya qoyur”.

Turan Rzayev
Globalinfo.az