Mebel sexində partlayışa qaz xətti səbəb olub? – Ekspert cavabdeh qurumların adlarını sadaladı

Yanvarın 15-də Binəqədi rayonu Abay Kunanbayev küçəsində yerləşən mebel sexində baş verən partlayışla bağlı müxtəlif versiyalar səsləndirilir. Hadisə yerində olan şahidlər sexin qaz xəttinin üzərində tikildiyini iddia edirək, partlayışa bunun səbəb olduğunu bildirirlər.

Bunu təsbit etmək, aşkarlamaq, lazımı tədbirləri görmək hansı qurumun səlahiyyətindədir?  Ümumiyyətlə, hər hansı tikintini həyata keçirmək üçün icazəni hansı dövlət orqanından almaq lazımdır?

Mövzunu Globalinfo.az-a şərh edən Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlının sözlərinə görə, tikinti işləri iki qrupa bölünür.

O bildirib ki, birinci qrupa tikintisinə icazə tələbi olunan tikintilər, hansı ki, bura çoxmənzilli binalar da aiddir, bir də məlumatlandırma icraatı qaydasında tikilən evlər:

“Məlumatlandırma icraatı qaydasında tikilər evlər həyət evləridir. Lakin burada müəyyən parametrlər var. Məsələn, mərtəbələrinin sayı ikidən çox olmayan, aşırımların eni, kolonların arasında olan məsafələrin 6 metrdən çox olmadığı, torpaqdan sıfır səviyyədən dam örtüyünə qədər 12 metrdən aşağı olan tikililər məlumatlandırma icraatı qaydasına aiddir. Yəni bu evlər üçün icazə tələb olunmur.

Tikintisinə icazə tələb olunan tikililərin məsələsində əsas orqan Şəhərsalma və Arxitektura Komitəsi olsa da, icra hakimiyyətinin sərəncamı, onunla yanaşı Fövqəladə Hallar Nazirliyinin (FHN) rəyi olmalıdır. Eyni zamanda digər qurumların şərtləri və rəyləri tələb olunur. Amma əsas orqan Şəhərsalma və Arxitektura Komitəsidir. Bu komitə nəinki tikinti, həm də söküntü prosesinə də birbaşa nəzarət edir”.

Ramil Osmanlı

R.Osmanlı deyib ki, mebel sexi uzun illərdir ki, orada fəaliyyət göstərir:

“Orada qaz borusunun olub-olmaması, həmin sexin kimə məxsusluğu istintaq zamanı dəqiq bilinəcək. Yaxınlıqda olan binaların da altından qaz borusunun olma ehtimalı var ki, bunu da araşdırmalar yekunlaşdıqdan sonra biləcəyik. Bunlar sadəcə, ehtimaldir. FHN, tikintiyə icazə verən digər təşkilatlar orada belə bir təhlükəli kommunikasiyanın olduğunu müəyyən etsə idilər, heç vaxt tikintiyə icazə verməzdilər. Qaz xəttinin olması inandırıcı deyil və yolverilməzdir.

Xatırlayıram, bir neçə il bundan öncə hətta 7-ci mikrorayon ərazisindən metro xəttinin keçməsi ilə bağlı müəyyən məlumatlar var idi. Bu məsələ skandala səbəb olmuşdu. Amma söz-söhbətə səbəb olan istiqamətdə bu gün çoxsaylı tikililər var. Görünür, ya metro xəttinin istiqaməti, ya da proqram dəyişdi deyə orada kütləvi tikintiyə icazə verdilər. Hər halda, nəsə baş verdi ki, orda artıq o şəkildə kütləvi tikintilərə icazə verdilər”.

Zaira Akifqızı
Globalinfo.az