Ermənistan sərhəddə hərbi toqquşma yaratmaq istəyir – Gerçək PLAN

Cənubi Qafqazda müharibənin baş verməsində maraqlı olan Qərbin diqqəti Yaxın Şərqə yönəlib. Dünya ölkələrində vəziyyətin gərginləşməsi Azərbaycan və Ermənistan arasında eskalasiya riskini ikinci plana atıb.

Yaxın Şərqdəki gərginlik Cənubi Qafqazda müharibə ehtimalını azaltdımı?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Azad Məsiyev deyib ki, dünyada supergüclərin, ABŞ və Rusiyanın savaşı gedir:

“Birləşmiş Ştatlar və Qərb koalisiyası Rusiyanı düşmən elan edib, dünya siyasi arenasından silmək istəyir. Rəsmi Moskvanı əlaqəsi olduğu ölkələrdən sıxışdırıb çıxarmağa çalışırlar. Sərhəddə qaynar ocaqlar yaradır, ayrı-ayrı dövlətlərdə rəngli inqilablarla hakimiyyət dəyişikliyi edirlər. Gürcüstan, Ukrayna və Ermənistandakı proseslər buna nümunədir”.

Politoloqun fikrincə, başda ABŞ olmaqla Qərb koalisiyası Cənubi Qafqaza girmək istəyir:

“Burada Rusiyanın cənub cinahını bağlayıb, dünya bazarına çıxmasının qarşısını almağa çalışırlar. Yaxın Şərq də ABŞ-ın böyük oyunu gedir. Birləşmiş Ştatların xarici siyasətində demokratiya ideyası ilə daxil ola bilmədiyi yerə xaos yaradaraq girir və öz təsirinə salır. Ukrayna münaqişəsi ilə Rusiyanın başını qatmağı bacardı. Burada rəsmi Vaşinqtonun əsas oyunçusu Böyük Britaniya və Polşa idi. Cənubi Qafqazda da Azərbaycan və Ermənistan arasında konflikti qızışdırır və bunun əsas oyunçusu Fransa və Almaniyadır”.

A.Məsiyev ABŞ-ın strateji hədəflərindən birinin də Yaxın Şərq olduğunu düşünür:

“Burada Rusiyanın əsas müttəfiqlərindən olan İranı neytrallaşdırmaq və öz maraqlarına uyğun hakimiyyət dəyişikliyi etmək istəyir. Tehranda hakimiyyət dəyişikliyi ilə Rusiyanın dünya bazarına çıxışının və Türkiyənin regional gücdən qlobal gücə çevrilməsinin qarşısını almağa çalışır.

Birləşmiş Ştatlar Türkiyə ilə Yunanıstanın münasibətlərini gərginləşdirir. Yaxın Şərqi qarışdırmaq üçün İsrail, Çində isə Tayvandan istifadə edir. Yəni dünyada xaos yaradaraq öz maraqlarını həyata keçirir”.

Politoloq qeyd edib ki, Ermənistan və Azərbaycan arasında şərti sərhəddə gərginlik artarsa, İrəvan sülhməramlı qüvvələr adı altında NATO hərbçilərini sərhədə gətirməyə çalışacaq:

“Atəşkəsin pozulması da elə buna hesablanıb. Yaxın Şərqdə baş verən hadisələrin Cənubi Qafqaza təsiri yoxdur. Məqsəd Cənubi Qafqazda münaqişə ocağı yaratmaqdır. Rəsmi Bakı isə buna imkan vermir və sülhpərvər missiyasını icra edir”.

Safura Bənnayeva
Globalinfo.az