Bakının Qərblə kritik anlaşması – Fransa oyundankənar vəziyyətə düşür

Rəsmi Bakının Qərb və Rusiya arasında mahir siyasət yürütməsi, balans yaratması maraqla qarşılanır. Xüsusilə də Prezident İlham Əliyevin Almaniya səfəri konteksində bu, daha çox qiymətləndirilir.

Fransadan, AB-dan gələn bəzi şantajvari davranışları çıxmaq şərtilə Azərbaycanın Qərblə münasibəti hazırda əslində çox yaxşıdır. Avropaya qaz tədarükündən tutmuş, başqa məsələlərə qədər Bakı ilə Avropa arasında ciddi fikri ayrılığı, ziddiyyət yoxdur.

Bu siyasət sona kimi davam etdirilə biləcəkmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, bu gün Azərbaycan nəinki regionda, bütün dünyada örnək dövlətə çevrilib:

“Dünyanın ən qəliz dövründə Prezident İlham Əliyevin apardığı usta siyasətin nəticəsində ölkəmizin maraqları tam təmin edilmişdir. Bu gün dünyanın bir çox ölkəsində fərqli siyasi görüşə malik qüvvələr öz hökumətlərini İlham Əliyevdən nümunə götürməyə çağırırlar. Rəsmi Bakı dünyada baş verən gərginlikdən maksimum uzaq durmağı və hər bir məsələdə öz maraqlarını təmin etməyi bacarır. Bu gün Rusiya ilə əlaqələrimiz kifayət qədər yüksək səviyyədədir.

Azərbaycan öz maraqları kontekstində Moskva ilə güclü əlaqələr mühiti qura bilib. Dövlətlər arasında yüksək səviyyəli işgüzar mühitin olması, hər iki ölkənin liderinin yüksək səviyyəli qarşılıqlı təmasları Azərbaycan-Rusiya münasibətlərinin bütün sahələrdə güclü inkişafına səbəb olmuşdur. Ölkəmizin Qərblə də münasibərləri normaldır. Fransanın təxribatçı hərəkətləri və Avropa İttifaqının bəzi hədələyici davranışlarını çıxsaq, bu gün Azərbaycan və Qərb əlaqələri yüksək şəkildə inkişaf edir. Tərəflər arasında ticarət əlaqələri durmadan artır. Müxtəlif Qərb ölkələrinin enerji təhlükəsizliyində Azərbaycanın rolu əhəmiyyətli dərəcədədir. Ölkəmizin Qərb dünyası ilə demək olar ki, bütün sahələrdə yüksək əməkdaşlıq mühiti mövcuddur. Bu cür mürəkkəb geosiyasi vəziyyətdə belə usta siyasətin aparılması İlham Əliyevin nə qədər peşəkar siyasət ustası olduğunu sübut edir. Prezident Əliyevin zərgər dəqiqliyi ilə etdiyi siyasi manevrlər böyük peşəkarlıq nümunəsidir və Azərbaycanı uğurdan-uğura aparacaqdır”.

Turan Rzayev
Globalinfo.az