Saakaşvili Gürcüstana qarşı iddiasını geri götürdü

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ötən il Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) verdiyi iddiasını geri götürüb. O, səhhətinə görə həbs cəzasının ləğv edilməsini və xaricə müalicəyə göndərilməsini tələb edib.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.

“Saakaşvilinin vəkili aprelin 18-də yazdığı məktubda qeyd edir ki, Saakaşvilinin hazırkı səhhətinin həyatı üçün təhlükə yoxdur. Avropa Məhkəməsi Gürcüstan Ədliyyə Nazirliyindən mayın 10-dək bununla bağlı şərh verməsini istəyib. Biz artıq bu gün cavab göndərmişik, orada qeyd edirik ki, onun səhhətinin vəziyyəti həqiqətən həyatı üçün təhlükə yaratmayıb”, – Breqadze bildirib

Qeyd edək ki, 6 fevral 2023-cü ildə Tbilisi Şəhər Məhkəməsi və martın 2-də Tbilisi Apellyasiya Məhkəməsi keçmiş prezidentin səhhətinə görə həbs cəzasını təxirə salmaqdan imtina etdikdən sonra Saakaşvilinin vəkilləri AİHM-ə müraciət etmək qərarına gəliblər.

Xatırladaq ki, Saakaşvili 2021-ci ilin oktyabrında keçiriləcək bələdiyyə seçkisindən bir gün əvvəl Gürcüstana gizli şəkildə gəlib və həbs edilərək Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib. O, özünü siyasi məhbus adlandıraraq aclıq aksiyasına başlayıb. Səhhəti pisləşəndən sonra sabiq prezident həbsxana xəstəxanasına, daha sonra isə hərbi hospitala köçürülüb.