Ağdərədən çıxmayacağını “deyən” erməni polkovnikdən xəbər var

Sentyabrda keçirilən antiterror əməliyyatlarından sonra Ermənistana qaçan keçmiş qondarma rejimin polkovniki Karen Calavyana qarşı cinayət işi açılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsi K.Calavyana bildiriş göndərərək, cinayət işi üzrə dindirilməyə dəvət edib.

Məlumata görə, Calavyanın cinayət işi hazırda həbsdə olan keçmiş qondarma rejimin “müdafiə naziri” Mikael Arzumanyanın istintaq prosesi ilə əlaqəlidir.

Xatırladaq ki, M.Arzumanyan 2020-ci ildə müharibə zamanı Ermənistan ordusuna Areqasar strateji yüksəkliyindən geri çəkilmək əmri verməsi ittihamı ilə 2022-ci ildə həbs edilib.

Qeyd edək ki, 2023-cu ilin sentyabrında keçirilən antiterror əməliyyatlarından sonra Karen Calavyanın Ağdərədən çıxmayacağı və döyüşəcəyi iddia edilirdi. Daha sonra o, iddiaları təkzib edib və Qarabağdan qaçıb.

Ayşən Mustafa
Globalinfo.az