Siyasi karyeranın son pərdəsi – “İsa Qəmbər gələcək, zülm bitəcək”?

(Yazının ilk yayım tarixi: 30 aprel 2024-cü il, saat 13:45)

Müsavat Partiyası qurultaya hazırlaşır. May ayının 4-də partiya növbəti ali toplantısını keçirəcək. Arif Hacılının başqanlıq müddəti başa çatır. O, Müsavatın birinci postu vəzifəsini iki dönəm icra etdi. Nizamnaməyə görə, bir şəxs iki dəfədən artıq başqan vəzifəsinə seçilə bilməz. Ona görə də budəfəki qurultayda A.Hacılı namizədliyini irəli sürməyib.

İsa Qəmbər 2014-cü ildə başqanlıqdan getdikdən sonra Müsavatın fəaliyyətinin zəifləməsi açıq hiss edildi. Əksər rəylərdə deyilirdi ki, o qalsaydı, partiya bu hala düşməzdi. Amma obyektiv, peşəkar yanaşma sayıla bilməz. Prosesin İsa Qəmbərlə əlaqəsi yoxdur. O qalsa da, getsə də Müsavat eyni aqibəti yaşayacaqdı.

Hələ xeyli öncədən partiya qaynar qazana dönmüşdü. Bir çox funksionerlər İsa Qəmbərin siyasi perspektivinə əvvəlki qədər inanmadıqları üçün mərkəzdənqaçma meyilləri göstərirdilər. Partiyada ciddi qopmalar başlamışdı. Məsələn, Müsavatın beyin mərkəzi sayılan Sülhəddin Əkbər 2010-cu ilin dekabr ayında Müsavatla yollarını ayırdı. Onunla bərabər sabiq deputat İbrahim İbrahimli də istefa verdi. Partiyanın vitrinində özünəməxsus yerlərdən birini tutan professor Adil Qeybulla da eyni vaxtda Müsavatdan uzaqlaşdı.

Qubad İbadoğlu və Sülhəddin Əkbər

2014-cü ildən sonra Müsavatdan daha böyük qopmalar oldu. Qurultay başa çatdı, amma partiyada intriqalar dərinləşdi. Bu dəfə Qubad İbadoğlu etiraz yelkəni açdı, revanşa başladı. İbadoğlu deyirdi ki, İsa Qəmbər onun başqan seçilməsinə yetəri qədər mane olub. Onu seçkinin nəticələrinə müdaxilə etməkdə suçlayırdı. Ona görə də əsas mübahisəni Arif Hacılı ilə yox, İsa Qəmbərlə edirdi. Sonda Müsavatdan və Qəmbərdən ən böyük intiqamını almaq, heyifini çıxmaq üçün tərəfdarları ilə birlikdə Müsavatı tərk edib, ADR hərəkatını yaratdı.

Siyahı bunlarla da yekunlaşmır – həmin ərəfədə və sonrakı dövrdə başqa xeyli tanınmış sima illərlə təmsil olunduqları partiyadan istefa verərək özləri üçün yeni siyasi perspektiv axtarışına çıxdılar. Qeyd edək ki, Müsavatdan ayrılanlar sonradan ortaya parlaq siyasi fəaliyyət qoya bilmədilər. Nə yeni yaratdıqları partiya, hərəkat özünü doğrultdu, nə fərdi fəaliyyətləri fərqli nəticə verə bildi.

Bu tendensiya bir partiya ilə bağlı deyildi. 2010-cu ilin parlament, 2013-cü ilin prezident seçkilərindən sonra müxalifət düşərgəsi özünün tənəzzül dövrünə qədəm qoydu. Əslində, tendensiya 2005-ci ilin parlament seçkilərindən sonra start götürmüşdü. 2010-13 seçkiləri bunu daha da dərinləşdirdi. Artıq insanlar anlamağa başlamışdılar ki, bu gedişlə nə hakimiyyətə gəlmək mümkündür, nə deputat seçilmək. Ümidsizlik, perspektivsizlik müxalifəti içdən sökməyə başlamışdı. İsa Qəmbər bəlkə bunun fərqində olduğu, prosesin önünü ala bilməyəcəyini anladığı üçün kritik dönəmdə çəkildi.

Budur, artıq o, geri dönmək qərarı verib. Başqanlığa namizəd olub. Böyük ehtimalla yenidən partiyanın başqanı seçiləcək. Onunla rəqabət aparacaq heç bir namizəd yoxdur. Əksər müsavatçılar İsa Qəmbəri nicat kimi görür. Onun geri dönüşünün möhtəşəm olacağına, ciddi nəticə verəcəyinə inanırlar.

Bəs gerçəkdən də bu, belədirmi? İsa Qəmbər gələcək, zülm bitəcək? Müsavatın başqanı, olacaq cumhurbaşqanı? Son iki cümlə 2000-2003-cü illərdə Müsavatın seçki və meydan şüarı idi. Müsavatçılar “İsa Qəmbər gələcək, zülm bitəcək”, “Müsavatın başqanı, olsun cumhurbaşqanı” şüarları altında meydanlarda siyasi orqazma çatana qədər hayqırırdılar.

Sonradan bu şüarlar elə müsavatçılar arasında lağlağı malzəməsinə çevrildi. Ən çox lağ edilən, məsxərəyə qoyulan şüar isə bu idi: “Qələbə”yə qədər siz gəlin, ordan sizi qələbəyə mən aparacam”. Bu, İsa Qəmbərin adından 2003-cü ildə söylənilən lozunqlardan idi.

O vaxtlar müxalifət etiraz aksiyalarını Yasamal rayonu ərazisindəki “Qələbə” meydanında keçirirdi. Bu şüar da “Qələbə” və qələbədən düzəldilmiş söz oyunu kimi düşünülmüşdü. 2003-cü il seçkisindən sonra xeyli müsavatçı həbs edildi. Bayıl türməsində cəza çəkdi. Bu dəfə ortaya tragikomik şüar çıxdı: “Qələbə”yə qədər gəlin, ordan sizi Bayıl türməsinə özüm göndərəcəm”. Bu məzəli şüar, əslində, İsa Qəmbərin və Müsavat Partiyasının hüznlü siyasi sonunun ən dəqiq təsviri və təsbiti sayıla bilərdi.

İsa Qəmbər siyasi karyerasının sonuncu pərdəsini oynayır. O, yaranmış şəraiti dəyərləndirmək istəyir. Zəif Müsavatla güclü başqan olmağa can atır. Bəlkə düşünür, seçkiyə qatılıb, deputat da seçilər. İsa Qəmbər müxalifətin vahid lideri olmağa bir dəfə təşəbbüs göstərib: 2003-cü ildə “Bizim Azərbaycan” Seçki Blokunun namizədi kimi seçkiyə qatılıb. Amma o seçki onun siyasi karyerasının ən ağır döyüşü oldu. Aldığı yaraları hələ də sağalda bilmir.

İsa Qəmbər Əbülfəz Elçibəy sağ ikən onun kölgəsi altında qalmaqdan ciddi əziyyət çəkib. 2003-cü ildən sonra isə Əli Kərimli amili ona ciddi mane oldu. Hazırda etirazçı elektorata, daha doğrusu, qaragüruhçu auditoriyasına sahiblənən xeyli oyunçu mövcuddur. Əli Kərimli, Sevinc Osmanqızı, Xədicə İsmayıl, Qurban Məmmədov, Ərəstun Oruclu, xaricdəki söyüş müxalifəti və s. Bu adamlar qaragüruhçu elektoratı hələ də manipulyasiya etməyi bacarır. Son vaxtlar mövqeləri və laykları xeyli zəifləsə də, birtəhər vəziyyətdən çıxmağa çalışırlar. İsa Qəmbərin bu cür ağır “konkurs”dan keçəcəyi inandırıcı görünmür. Ya çıxıb Əli Kərimli kimi siyasi qaraçılıq etməlidir, ya Sevinc Osmanqızı kimi üzə dirəşməlidir, ya Qurban Məmmədov kimi teatr yaratmalıdır, ya da xaricdəkilər kimi söyüş-qarğış yağdırmalıdır. Bu potensial onda yoxdur. İsa Qəmbər abırlı adamdır. Həm də bilir ki, bu cür obrazla irəli çıxmaq artıq mümkün deyil. Narazı elektorat da yuxarıda adlarını sadaladıqlarımızın dediklərinə ciddi yanaşmır. Çünki Azərbaycanda reallıq başqadır. İlham Əliyev müharibəni və bütövlükdə prosesi udub. O, yalnız Azərbaycanın Prezidenti deyil, Cənubi Qafqazın şəriksiz lideridir. Türk Dünyasının isə yaxın perspektivdə şəriksiz lideri olacaq. Bu cür bir azman siyasi liderlə yarışmaq, rəqabət aparmaq sadəcə mümkün deyil.

İ.Qəmbər 75 yaşa qədər Müsavatın başqanı ola bilər. Daha güclü namizəd çıxmasa, fors-major yaranmasa, qarşıdakı 8 ildə o, bu statusla həyatına davam edəcək. Bir vaxtlar Azərbaycanın prezidenti olmaq iddiası göstərən keçmiş və gələcək başqan, indi partiya sədrliyi, həyat üzünə gülərsə, deputat mandatı iddiası ilə yaşayır. İstənilən halda onun geri dönüşü, özünün sözü ilə desək, maraqlı olacaq…

2000-ci ilin Milli Məclis seçkilərində İsa Qəmbərin adına bağlı olduqca maraqlı şüar yaradıldı: İSA – İndi Seçim Anıdır! Deyilənə görə, bu şüarın müəllifi mərhum rəssam-aktyor Elçin Məmmədov olub (“Yeddi oğul istərəm”in Mirpaşası). Lənətə gəlməmiş müsavatçılar bu şüarın da anasını mələr qoydular. Seçkidən sonra belə bir improvizasiya etdilər: “İndi Seçim Andır!”, yəni andır qalmaq mənasında. Bəzən zarafatla, lağla deyilən bir cümlə, bir söz siyasi liderin, təşkilatın gələcəyini müəyyənləşdirir…

Azər Ayxan
Globalinfo.az