4 kəndin ardınca hədəf buradır: İrəvanla Bakı arasında razılaşma…

Qazaxın 4 kəndinin geri qaytarılmasından sonra müzakirə edilən əsas məsələ Bakının növbəti hədəfinin nə olması ilə bağlıdır. Bəzi ekspertlər hesab edir ki, növbəti hədəf Zəngəzur dəhlizinin açılmasıdır. 

Zəngəzur dəhlizi ilə bağlı nə kimi gəlişmə var? Dəhliz açılırmı? İran amili necə olacaq?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Qazaxın 4 kəndinin qaytarılması ilə Bakı və İrəvan arasında münasibətlərin müsbət məcraya yönəldiyi müşahidə edilir:

“Xüsusilə tərəflər üçüncü ölkənin iştirakı olmadan mürəkkəb bir məsələdə razılığa gələ bildilər. Növbəti addım sülh sazişi üzrə irəliləyişə nail olmaqdır. Bunun üçün də kommunikasiyanın hansı prinsiplə açılmasında ortaq məxrəcə gəlmək lazımdır.

Sülh sazişinin imzalanması üçün iki məsələdə ziddiyyət əvvəldən mövcud idi: Biri sərhəd, digəri kommunikasiya. Sərhədlərlə bağlı mövqelər yaxınlaşır, indi kommunikasiya ilə bağlı mövqeləri yaxınlaşdırmaq lazımdır. Fikrimcə, Zəngəzur dəhlizinin açılması 10 noyabr razılaşmasına uyğun olmasa belə, Bakının Naxçıvana maneəsiz keçid üçün tələb etdiyi Azərbaycandan Azərbaycana prinsipi üzrə açılmalıdır. Bu olmasa, o zaman kommunikasiyanın açılması mümkün olmayacaq.

Sərhəd razılaşması göstərdi ki, Azərbaycan və Ermənistan ikitərəfli formatda bu məsələdə də ortaq məxrəcə gələ bilərlər. Əgər tərəflər öz aralarında razılaşacaqsa, o zaman, üçüncü tərəflər istəsələr belə prosesə müdaxilə imkanları azalır. Bu halda dəhlizə qarşı çıxan İran da prosesdən kənarda qala bilər. Tehran bu məsələyə məhz Ermənistan üzərindən müdaxilə edirdi, Ermənistan Azərbaycanla razılaşacağı təqdirdə, İranın nəsə etmək imkanı olmayacaq”.

Turan Rzayev 

Globalinfo.az