Bakı və İrəvan üçün kritik an: 1999 hücumu təkrarlanacaq? – Qorxunc ssenari

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ərəfəsində Rusiya ordusunun ərazilərimizdən çıxması müşahidə edilir. Prosesin sülhə doğru getdiyi bir vaxtda daha əvvəl iki ölkənin razılaşmaya yaxın olduğu zaman baş verən hadisələr gündəmə gəlir. Xüsusilə 1999-cu il 27 oktyabr tarixində Ermənitan parlamentində törədilən terror aktı xatırlanır. Məhz o hadisədən sonra Bakı və İrəvanın sülh üçün real imkanı itirdiyi iddia edilirdi.

Maraqlıdır, hazırkı sülh danışıqları ərəfəsində Ermənistan ikinci 1999-cu il terrorunu yaşaya bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli deyib ki, Ermənistan siyasi hakimiyyətini seçkilər yolu ilə dəyişmək mümkün olmasa, terror qaçılmaz görünür:

“Bu hal bir neçə dəfə yaşanıb. 1999-cu ildə parlamentdə baş verən terror hadisəsindən sonra siyasi hakimiyyət dəyişdi. Bunun arxasında əvvəllər Rusiya dayanırdı, indi də belə gözləntilər mövcuddur. Çünki hazırda rəsmi Moskva Ermənistan Baş naziri Nikol Paşinyana iqtisadi və siyasi təzyiqlər etsə də, erməni xalqı onu dəstəkləyir. Məsələ elə həddə çatıb ki, Paşinyan hakimiyyətini devirmək üçün hərbi çevriliş də  mümkündür”.

Siyasi şərhçinin sözlərinə görə, Moskva Cənubi Qafqazda möhkəmlənmək və Ermənistanı əldən verməmək üçün hər şeyi edəcək:

“İrəvanda hakimiyyətin hərbi yolla, yaxud terrorla dəyişdirilməsi Azərbaycana, bölgəyə müsbət heç nə vəd etməyəcək. Hazırda rəsmi Bakı hərbi və siyasi baxımdan özünün ən qüdrətli dövrünü yaşayır və istənilən regional prosesə diktə edir. Bu baxımdan Ermənistandakı mövcud hakimiyyət həm bizim, həm də regionun maraqlarına uyğundur”.

Safura Bənnayeva
Globalinfo.az