Bakı razılaşsa, rus hərbçiləri oradan da çıxacaq

“Rusiya mediası, o cümlədən Kremlin nəzarətindəki saytlar və agentliklər Ermənistanın radikal müxalifətinə gen-bol informasiya dəstəyi verirlər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bu media radikalları Baş nazir Nikol Paşinyanı devirmək çağırışlarını, sərhəddəki insidentləri geniş şəkildə işıqlandırır və müxalifət nümayəndələrinin açıqlama və bəyanatlarını yayırlar:

“Bunu belə başa düşmək lazımdır ki, Azərbaycanla Ermənistan arasında əldə edilən son razılaşma və sərhədlərin müəyyənləşməsi Kremlin maraqlarına ziddir. Çünki Bakı ilə İrəvan arasında razılaşmalar Rusiyanın nəzarətindən kənarda – birbaşa danışıqlarda əldə edilir. Kremlin narahatlığının səbəbi bəllidir. İki ölkə arasında sərhədlər müəyyənləşdikcə Azərbaycan və Ermənistan sülh və ya çərçivə sazişinin imzalanmasına yaxınlaşırlar”.

Politoloq deyib ki, Azərbaycan-Ermənistan arasında sülh və ya çərçivə sazişinin imzalanması gələcəkdə Ermənistanda Rusiya hərbçilərinin varlığını sual altına qoyacaq:

“Nikol Paşinyan rusiyalı hərbçiləri hələlik Zvartnos hava limanından çıxarmaq istəyir. Amma Türkiyə ilə razılaşma əldə edilərsə, bu ölkə ilə sərhəddə də rusiyalı hərbçilərə ehtiyac qalmayacaq. Kreml bu gedişata mane olmaq istəyir”.

Zaira Akifqızı
Globalinfo.az