“Sülhməramlılar bütün gün orada çay içib, yemək yeyirdilər…” – Təzadlı məqamlar

Aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Aİ-Ermənistan görüşündən sonra İrəvanda müharibə ritorikasının artacağı, sərhəddə toqquşma olacağı gözlənilirdi. Lakin görüşdən 11 gün sonra Rusiya sülhməramlıları Azərbaycanı tərk etdi, iki həftə sonra isə Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılığa gəlindi.

Bu təzad necə izah edilə bilər? Brüssel görüşü nə üçün təşkil edilmişdi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, Brüssel görüşündən sonra Ermənistanın Avropa və ABŞ-dan böyük miqdarda dəstək, hərbi təhlükəsizlik təminatları aldığı üçün regionda Azərbaycana qarşı daha aqressiv siyasət yürüdəcəyi və bunun da Cənubi Qafqazda növbəti eskalasiyaya səbəb olacağı düşünülürdü:

“Sözügedən görüşün ardınca müəyyən proseslər baş verdi: Rusiya sülhməramlıları Azərbaycan ərazilərini tərk etdi, Qazaxın 4 kəndi geri qaytarıldı və tərəflər arasında delimitasiya, demarkasiya prosesi başlandı. Bütün bunlar nikbinlik yaradır ki, Ermənistan hakimiyyəti də sülhün əldə edilməsində maraqlıdır. 4 kəndin hərbi əməliyyat olmadan geri qaytarılması da bunun bariz sübutudur”.

Politoloqun sözlərinə görə, eyforiyaya qapılmaq olmaz:

“Ermənistanın məqsədinin nə olduğunu dəqiq bilmək mümkün deyil. Tarixə nəzər salsaq, rəsmi İrəvana bel bağlamağın düzgün olmadığını görərik. 4 kəndin geri qaytarılması, regionda sülhə hazır olduğunu deməsi strateji hədəflərə də hesablanmış ola bilər.

Digər bir variant isə Ermənistanın geosiyasi reallıqların öz lehinə dəyişəcəyi zamanı gözləməsidir. Yəni Qərbin köməyi ilə mövqeyini daha da möhkəmləndirməyi düşünür. İrəvanın bu xəyalları sözsüz ki reallaşmayacaq. İkinci Qarabağ müharibəsindən sonra geosiyasi maraqlar Azərbaycanın xeyirinə dəyişib. Eyni zamanda, Bakı və Ankara Qərb vasitəsilə Ermənistanın regionda məkrli planlarını həyata keçirməsinə mane olacaq”.

S.Zahidovun fikrincə, Rusiya sülhməramlılarının ərazilərimizdən çıxmasında təəccüblü məqam yoxdur:

“Onsuz da sülhməramlıların hər hansı funksiyası qalmamışdı. Bütün gün orada çay içib, yemək yeyirdilər. Rusiya rəsmiləri də etiraf edir ki, sühməramlıların Qarabağda artıq görəcəyi bir iş qalmamışdı.

Ukraynada davam edən müharibə fonunda, görünür, Rusiyanın yaz-yay aylarında növbəti hücum planları var. Bunun üçün də ona canlı qüvvə lazım olacaq. Sülhməramlıların həm də bu səbəbdən ərazidən çıxması istisna edilmir”.

Safura Bənnayeva
Globalinfo.az