Aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Xatırladaq ki, 5 aprel Brüssel görüşündən əvvəl – aprelin 3-də də belə zəng olmuşdu.
Maraqlıdır, bu iki telefon zəngi arasında hansı fərqlər var?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, bu zəng aktuallığı ilə seçilir:
“Entoni Blinken daha əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanla da danışıb. İki ölkə arasında delimitasiya prosesində razılıq əldə olunması ABŞ tərəfindən təqdir olunur. Azərbaycan göstərir ki, birbaşa dialoq və qarşılıqlı anlaşma yolu ilə bütün məsələlərin həllinə nail olmaq mümkündür. Qərb prosesin davam etdirilməsində maraqlıdır”.
Politoloqun fikrincə, Azərbaycan və ABŞ arasında siyasi gündəlikdə olan əsas məsələ COP29 tədbiridir:
“ABŞ bu istiqamətdə rəsmi Bakının bütün təşəbbüslərini dəstəkləyir. Enerji, təhlükəsizlik və demokratik təsisatlar istiqamətində də müəyyən işbirliyi formalaşdırılıb. Bakı ilə Vaşinqton arasında dayanıqlı əməkdaşlıq qurmaq mümkündür”.
İlyas Hüseynov tərəflər arasındakı zəngin geopolitik gündəmin də olduğunu bildirib:
“Həm regionda, həm də dünyada mühüm transformasiyalar gedir. Azərbaycan müstəqil geopolitik aktor kimi milli maraqlardan çıxış edir. Rəsmi Bakı regionda sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasında maraqlıdır”.
Safura Bənnayeva
Globalinfo.az