ABŞ-ın bumeranq həmləsi: azərbaycanlı tələbələrlə bağlı yalanı kim uydurdu?

ABŞ-ın Bakıdakı səfirliyinin bu ölkədə təhsil almış azərbaycanların iştirakı ilə “JW Marriott Absheron” hotelində keçirəcəyi “Məzunların yubiley qalası” adlı görüş ləğv edildi.

Aydın məsələdir ki, məqsəd ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən agentura şəbəkəsini bir araya gətirmək idi. Görüş aylar əvvəl planlanmış, hazırlıq tədbirləri xüsusi məxfiliklə aparılmışdı. Lakin Azərbaycanın müvafiq strukturlarının operativ işi və cəmiyyətin qətiyyətli reaksiyası ABŞ-ın bu cəhdini puç etdi.

Bildirilir ki, ABŞ-ın bütün ölkələrdə agentura şəbəkəsi var. Bu siyahıda Azərbaycan da yer alır. Hər bir ölkə kimi Azərbaycan da daxilindəki agentlərdən xəbərdar idi. Lakin bu şəbəkə olduqca məxfi və sistematik şəkildə idarə edilirdi. Yəni şəbəkə aşkarlansaydı belə, bu, sadəcə, aysberqin görünən tərəfi olacaqdı.

ABŞ potensial hədəf kimi gəncləri və xaricdə təhsil alan tələbələri seçir. Çünki bütün cəmiyyətlərdə olduğu kimi, Azərbaycanda da bu kəsim daha çox təsirə düşməyə və məqsədlər üçün istifadə edilməyə uyğundur.

“Demokratik inkişafa dəstək” adı altında xeyli sayda donor təşkilatları ilə ölkədə və xaricdə təhsil alan gənclərlə yaxın əlaqə quran ABŞ onları bu fəaliyyətə cəlb edir. ABŞ-ın “Beynəlxalq İnkişaf Agentliyi” (USAID), “Milli Demokratiya Fondu” (NED), “Avropa Demokratiyaya Yardım Fondu” (EED), “Internews”, “FreedomNow”, “Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi” (Global Investigative Journalism Network), “Amerika Beynəlxalq Təhsil Şurası” (American Councils for International Education), “People in Need” (PİN), “Avropa İttifaqı Müstəqil Media üçün” proqramı (EU4 İndependent Media), “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu” (EPCSF), “Avropa Jurnalistika Fondu” (Journalizmfund Europe), “Yeni Demokratiya Fondu” (New Democracy Fund) və s. buna misal ola bilər.

ABŞ agentura şəbəkəsi böhran vəziyyətindən də faydalanmağı yaxşı bilir. Misal üçün ABŞ-ın Azərbaycandakı səfirliyinin bu ölkədə təhsil almış azərbaycanlı məzunlarla görüşü ləğv edildi və dərhal bu hadisəni fürsətə çevirməyə başladı. Belə ki, ölkə daxilindəki provakator və trollar vasitəsilə ciddi şəkildə kampaniyaya başlanıb ki, guya Azərbaycan ABŞ və Avropada təhsil alan şəxslərə qarşı təqiblərə başlayıb.

Reallıqda isə ABŞ həmin şəxsləri radikallaşdıraraq dövlətimizə qarşı təşkilatlandırmaq və agent şəbəkəsini böyütməyi hədəfləyir. Sistemə yeni şəxslərin cəlb edilməsi o baxımdan vacibdir ki, onlar önə çıxaraq önəmli şəxsləri gizlədə bilsinlər.

Azərbaycan dövləti üçün gənclər, tələbələr cəmiyyətin ən həssas və xüsusi diqqətəlayiq təbəqəsi hesab edilib. Bu gün də belədir. Yəni bir qrup şəxsin ABŞ və digər dövlətlərin agentura şəbəkəsinə cəlb edilməsi heç də Azərbaycan dövlətinin xaricdə təhsil almış və almaqda olan şəxslərə qarşı təqibə başladığı mənasına gəlmir.

Hər il yüzlərlə azərbaycanlı dövlət xətti ilə Avropa, ABŞ başda olmaqla xarici ölkələrə təhsil almağa gedir. Bu şəxslərin bir çoxu ölkəyə qayıtsa da, bəziləri həyatlarına təhsil aldıqları ölkələrdə davam edirlər. Azərbaycan dövləti istər xaricdə təhsil alıb ölkəyə qayıtmış, istərsə də təhsil aldığı ölkədə qalmış vətəndaşlarına xüsusi diqqət ayırır. Müqayisə üçün deyim ki, Qərbdə təhsil almış bir çox şəxs bu gün ölkədə onlarla orta və ali səviyyəli vəzifələrdə, dövlət orqanlarında işləyir. Göründüyü kimi, Azərbaycan dövləti gənclərinə, xaricdə təhsil almış tələbələrinə qənim kəsilməyib. Əksinə onları ABŞ və digər dövlətlərin məkrli oyunlarından uzaq tutmağa çalışır. Ağacı vaxtında qurdlardan təmizləməsən, vaxt gələr o ağac bir yel ilə devrilər.

Turan Rzayev
Globalinfo.az