50:0 Aygün Muradxanlının xeyrinə – tanınmış jurnalistlə yarım əsrlik söhbət

Bu gün tanınmış jurnalist, “Prime” TV-nin rəhbəri Aygün Muradxanlının 50 yaşı tamam olur. Bu münasibətlə Globalinfo.az A.Muradxanlıdan müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:

– Aygün xanım, qəzet və radiodan sonra hazırda rəhbəri olduğunuz internet televiziyasında çalışırsınız. Etiraf etmək lazımdır ki, hər üç işdə də uğurlar əldə etmisiniz. Üç fərqli sahə sizə çətinlik yaratmayıb ki?

– Əslində, onları ayırmazdım. Çünki belə baxdıqda üçü də bir-birinin məntiqi davamıdır. Biz jurnalistlər arasında hər zaman belə fikir olur ki, yaxşı qəzetçi, yaxşı radio və telejurnalist ola bilir, amma ilk olaraq radio, eləcə də televiziyada işə başlayanın bir balaca yazmaq problemi olur. Onun üçün qəzet jurnalisti olmaq müəyyən qədər çətinlik yaradır. Bunun ölkəmizdə onlarla nümunəsi var. Əvvəllər media resursları yox idi deyə, biz hamımız qəzetdə yetişdik. Bu isə bizə fikrimizi formalaşdırıb, onu daha rahat şəkildə ifadə etmək imkanları qazandırdı. Məntiqi davam kimi baxdıqda, çətin deyil.

– Bəs övladlarınızın mediaya gəlməsinə razı olarsınızmı?

– Çağdaş dünyada hər bir insan özü informasiya daşıyıcısıdır. Əlimizdəki smartfonlar artıq bizi informasiya daşıyıcılarına çevirib. Mənim övladlarım da təbii ki, gözlərini açıb bizimlə bərabər çalışdığımız redaksiyalarda böyüyüblər. Mənə elə gəlir ki, övladlarımın humanitar sahəni seçməsi təsadüfi deyil. Bir qızım İstanbulda diplomatiya üzrə magistr təhsili alır, kiçik qızım isə sırf mənim yolumu seçib və o da Türkiyədə təhsilini davam etdirir.

– Valideyn olaraq övladlarınıza istiqamət göstərmisiniz?

– Təbii ki, valideyn olaraq övladlarımı seçimlə bağlı yönləndirmişəm, tövsiyələr vermişəm. Ən azından övladının istedadını valideyn görə bilir. Amma seçimlərində qəti etirazım olmayıb və olmaz da. Çünki jurnalistika müqəddəs bir peşədir. Azərbaycan kimi ölkələrdə millətləşmə, dövlətləşmə prosesinin bəlkə də tarix boyu ən ciddi mərhələsindəyik. Ona görə insanlarımız daha çox vətəndaş kimi yetişməli, millətmizin, cəmiyyətimizin sağlam quruculuğunda istənilən şəkildə iştirak etməlidirlər. Bunun da ən asan və real yolu jurnalistikadır. Kiçik qızım peşə olaraq mənim yolumu davam etdirir, amma jurnalist olub-olmayacağını bilmirəm. Çünki o özünü bir qədər də sinema sahəsində də sınamaq istəyir.

– Aygün xanım, imkanınız olsa, bugünkü mediamızda nəyi dəyişərdiniz?

– Mediamızın ən ciddi problemi qeyri-professionallıqdır. Peşəkar jurnalistləri də ən çox narahat edən məqamlardan biri budur. Bəzən bunun üçün ciddi işlər görüldüyünü deyirlər. Demək ki, yetərli deyil. Əgər biz “azad söz meydanı” deyir, hər kəsin də “söz haqqını tanıyırıq” ifadəsini işlədiriksə, bunun keyfiyyəti məsələsini də önə gətirməliyik axı. Söz azadlığı o demək deyil ki, hər kəs bundan öz düşüncə, bacarıq, davranış tərzinə uyğun istifadə etməlidir. Jurnalistika çox ciddi peşədir, bütün ölkələrdə cəmiyyətin yönəldilməsi üçün çox ciddi bir resursdur.

Bu gün bizim cəmiyyət olaraq kəsirimiz varsa, hamısı mediyadadır. Təəssüf ki, cəmiyyətimizdə gördüyümüz mənfi tendensiyaların çoxunu həm mediada yaşayırıq, həm də onun vasitəsilə yayırıq. Ona görə də, hesab edirəm ki, ilk növbədə jurnalistlərin peşəkarlığı artırılmalıdır.

– Sizin jurnalistikaya gəlişiniz hansı vaxta təsadüf edir?

10.6.21: Aygün Muradxanlı: "Əbülfəz Elçibəy haqqında". Möhtəşəm! - YouTube

– Biz jurnalistikaya maraqlı bir dönəmdə başladıq. 1990-cı ildə jurnalistika fakültəsinə daxil oldum, 91-ci ildə isə bir neçə aydan sonra sovet hakimiyyəti dağıldı. Faktiki olaraq dərsliklərimiz də yox idi. Təsəvvür edin ki, Lenindən sitatlar gətirilən, Brejnevin qurultay çıxışlarından ibarət olan kitabların hamısı bir gecənin içində maklatura oldu.

Əslində, biz çağdaş Azərbaycan mediasını yaradan vaxt onun dərslikləri də yazıldı. Biz tədris ala-ala müəllimlərimiz onu yaratdı. Amma bu gün təəssüf ki, çirkli mühit var və internet imkanalarının genişliyi, informasiya resurslarının sərbəstliyi bu çirkliliyi artırır. Düşünürəm ki, cəmiyyətin mədəni inkişafı hansı sürətdə olarsa, onun ictimai camiyəsi və mediası daha yüksək səviyyədə olar. Burada isə təhsil çox önəmlidir.

– Aygün xanım, biz sizi sözünü deyən, açıq və bəzən sərt tənqid etməyi bacaran xanım kimi tanıyırıq. Bu sizə problem yaratmır ki?

– Çox ciddi problemlər yaradır. Bu gün də bir məhkəmə prosesindən gəlirik. Xüsusi ittiham qaydasında haqqımızda iki cinayət işi açılıb. Təbii ki, bunların hamısı Azərbaycanda azad sözə edilən basqıdır. O davaların heç birinin motivində hər hansı bir formada Aygün Muradxanlı faktoru yoxdur. Burada mənim hər hansı şəxsi marağımdan söhbət belə gedə bilməz!

Biri Sumqayıt hadisələri ilə bağlı məsələdir. Hər şey buradan başladı. Ermənistan-Azərbaycan arasında olan 30 illik gərginliyinin istintaqı ilə bağlı film çəkdim. Həmin filmdən sonra Azərbaycanda çox müəmmalı şəkildə peydə olan, məsələdə prokuror vəzifəsini tutan şəxs məni məhkəməyə verdi.

İkinci məsələ isə tikinti şirkəti tərəfindən içərisində şəhid və qazi ailəsi olan onlarla ailənin mənzil hüquqları pozulub və mən bu məsələni işıqlandırdığım üçün məhkəməyə verilmişəm. Bu da o deməkdir ki, ölkəmizdə azad söz problemləri var. Heç bir halda jurnalist, araşdırmaçı məhkəmə predmeti olmamalıdır. Bu gün istənilən şəxs sosial şəbəkə vasitəsilə ürəyindən gələn sözü istədiyi adama deyə bilir və heç bir məsuliyyət daşımır. Amma nəyə görəsə, jurnalistlər bunu haqlı olaraq deyə bilmir, deyəndə isə məhkəməyə verilir.

– Jurnalistlərə nə demək istərdiniz?

– Jurnalistika peşəsi elə bir peşədir ki, sən buna həyatını sərf etməlisən. Buna tramplin kimi baxmaq olmaz. Mənim üçün jurnalistika həyat fəlsəfəsidir. Jurnalistikanı başqa hansı peşə ilə müqayisə edəcəyimi bilmirəm. Mənim nə demək istədiyimi yaxşı doktorlar anlayar. Çünki həkimliyin də vaxtı, saatı, zamanı yoxdur. Əgər onun xəstəsinin gecə ağrısı başlasa, mütləq yerindən qalxıb ora gedəcək. Onun içindəki peşə duyğusu bunu ona diktə edəcək. Jurnalistika da eynən belədir. Bizim işimizin də nə saatı, nə başlanğıcı, nə də sonu var.

Düşünürəm ki, jurnalistikaya gələn insan birinci növbədə özünə aid olmadığını anlamalıdır. O, artıq peşəsinə aid olacaq, doğrular uğrunda vuruşduğu həqiqətinin, ədalətinin bərqərar olması üçün vuruşan cəmiyyətin bir parçasına çevriləcək. Fərd olaraq onun özünə ayıracağı zaman ikinci planda qalacaq. Buna hazır olan şəxslər gəlsinlər jurnalistikaya. Çünki jurnalistika sıradan bir iş deyil. Jurnalist bir prosesi başlada və bütün hallarda cəmiyyətə ictimai fon verə bilir. Bu sahənin imkanları kifayət qədər genişdir. Bunları mütləq nəzərə almaq lazımdır.

İkincisi isə düşünürəm ki, sahəsindən asılı olmayaraq jurnalistlər dil bilməlidirlər. Maraqları olan ölkə ilə bağlı məlumatsız olarsa, tanımasa, diplomatiya və iç siyasətinə bələd olmasa, çətin olacaq. Eyni zamanda regionda baş verən prosesləri bilmək üçün coğrafiyanı yaxşı bilməlidirlər. Hər şeydən öncə isə öz ana dilimizi mükəmməl bilmək lazımdır. Bu gün təəssüf ki, da-də-nin yerini müəyyən edə bilməyən insanlar mediada baş redaktor kürsüsünə gəlib çıxa bilir.

– Aygün xanım, hər kəsin bir, hətta bir neçə arzusu olur. Amma o arzuların içində elə bir arzu var ki, ən çox məhz onun həyata keçməsini istəyirik. Bəs Aygün Muradxanlı hansı arzusunun həyata keçməsini istəyir?

– Bayaq dediyim kimi, jurnalist özünə aid olmur. Bu ay mənim jurnalistikada olmağımın 32 ili tamam olur. Tam səmimi deyirəm ki, ən böyük arzularım Azərbaycanla bağlıdır.

Bu gün dövlətçiliyimizin elə bir mərhələsindəyik ki, bütün ərazilərimizdə suveren hüquqlarımızı, nüfuzumuzu bərpa etməliyik. Əgər biz Zəngəzur yolunu açsaq, əminəm ki, xalq olaraq Şuşa qələbəsinə necə sevinmişdiksə, yenə eyni dərəcədə sevinəcəyik.

Prezidentin çıxışı zamanı millətin coşqusunu xatırlayanda inanın ki, ürəyim sinəmə sığmır. Ən böyük arzum yenə də suverenliyimizin bərpa olması, Turan birliyi, Zəngəzur dəhlizinin açılması, Azərbaycanın Türk dünyasında mövqeyinin möhkəmləndirməsidir. Çox şükürlər olsun ki, bunlar arzu olaraq qalmır. Bəlkə də bizim nəslin ən böyük xoşbəxtliyi budur. Dövlətimiz, cəmiyyətimiz nə qədər güclü olsa, biz də özümüzü bir o qədər güclü və xoşbəxt hesab edəcəyik!

Globalinfo.az kollektivi Aygün Muradxanlını 50 illik yubileyi münasibətilə təbrik edir, ona fəaliyyətində uğurlar diləyir.

Zaira Akifqızı
Globalinfo.az