“Hələlik o ailənin cəzalandırılmasından heç bir söhbət getmir” – Aygün Muradxanlı

“Vasif Talıbovla kiçik oğlunu sadəcə işdən çıxarıblar. Rza Talıbov isə bildiyimiz qədərilə hələ də işinin başındadır. Bundan sonra necə olacaq, deyə bilmərəm”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Prime TV-nin rəhbəri Aygün Muradxanlı Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun və onun klanının bağışlanmasının mümkünlüyü haqda danışarkən deyib.

A.Muradxanlı bildirib ki, Talıbovların hər hansı formada cəzalandırılması haqda bir söz demək çətindir:

“Biz Naxçıvanda Talıbovların yaşadığı evə doğru getmişdik. Orada insident baş verdi. Amma əldə olunan informasiyalara görə, hələlik o ailənin cəzalandırılmasından heç bir söhbət getmir. Sadəcə, dediyim kimi, ata və böyük oğulu vəzifədən kənarlaşdırıblar”.

Jurnalist deyib ki, V.Talıbovun etdikləri sadəcə korrupsiya əməli deyil, həm də Azərbaycan dövlətinə qarşı atılmış addımlardır:

“Bundan sonra onlar bağışlanacaq, ya yox, bunu deyə bilmərəm. Amma hər halda Vasif Talıbov və onun çevrəsindəki insanlar Azərbaycan dövləti üçün çox təhlükəli əməllər törədiblər. Faktiki olaraq Naxçıvanın Azərbaycandan qoparılması üçün böyük işlər görüblər, mərkəzi hakimiyyətə tabe olmamaq üçün hər addımı atıblar. Hakimiyyətin bu məsələyə necə münasibət bəsləyəcəyi aydın deyil”.

Qeyd edək ki, dünən, 2 aydan sonra V.Talıbovun böyük oğlu R.Talıbov Bakıdakı Şəhidlər Xiyabanını ziyarət edərkən görüntülənib. Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hətta bəziləri Talıbovların yenidən vəzifəyə gələcəklərini düşünürlər.

Zaira Akifqızı

Globalinfo.az