Başkənd necə anklav oldu? – Ermənistanın bizdən istədiyi kənd haqda ilginc tarixi faktlar

Ermənistan Baş naziri Nikol Paşinyan Moldovada erməni icması ilə görüşündə deyib: “Biz deyirik ki, Azərbaycana kəndləri qaytarmağa hazırıq. Bəs siz Ermənistana torpaqları qaytarmağa hazırsınızmı? Razısınızsa, onda elə bu dəqiqə mübadilə edək”.

Paşinyan delimitasiyasının 1975-ci il xəritəsinə uyğun aparılmasını istəyir. Bu o mənaya gəlir ki, rəsmi İrəvan Qazaxın 7 və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılmasına razıdır. Lakin bunun müqabilində erməni anklavı kimi gördükləri Gədəbəyin Başkənd kəndini tələb edir.

Son günlər erməni tərəfi Başkənd məsələsini tez-tez dilə gətirdiyi üçün bir sıra suallar yaranır: Ermənilərin anklav olaraq gördüyü Başkənd iddialarının əsası var? Necə oldu ki, bu kənd erməni anklavı halına gəlib?

Globalinfo.az Başkənd haqda faktları təqdim edir:

Tarixi

Başkənd kəndinin əsası 1845-ci ildə qoyulub. Bu tarixə qədər ərazidə seyrək yaşayış məskənləri olsa da bir kənd kimi tam formalaşması məhz bu tarixdə baş tutub.

Kəndin əsasını salan azərbaycanlılar oğuzların 24 boyundan biri olan Eymurlara mənsubdur. Mahmud Kaşğarinin “Divan lüğəti ət-türk” (“Türk dillərinin lüğəti”) əsərində Oğuz sözünün izahı ilə əlaqədar olaraq Eymurlara dair aşağıdakı məlumat verilir: “Oğuz türklərin bir qəbiləsidir. Oğuzlar türkməndir. Onlar iyirmi iki uruqdur (nəsildir). Onların hər birinin özünəməxsus nişanı, mallarına xas damğası vardır ki, uruqları bu damğalara görə ayırırlar.

Eymurların Azərbaycan ərazisinə gəlişi isə əsasən Tümuri hökmdarı Əmir Teymur ilə bağlıdır. Teymur Ankara döyüşündən (1402) sonra Anadoludan köçürdüyü 50 min ailəni Dağlıq Gəncəbasarda, Qarabağ və bugünkü Ermənistanda yerləşdirmişdir.

Başkənd kəndi ərazisində yaşayan və 1845-ci ildə kəndin əsasını qoyan azərbaycanlılar məhz bu 50 min ailənin soyundan gəlir. Təsadüfi deyil ki, Başkənd ətrafı ərazilərdə aşkarlanan bir çox tarixi qəbirdə də Eymur ifadəsinə rast gəlinib.

9 AVQUST 1992 — MİLLİ ORDU BAŞKƏNDİ ƏLƏ KEÇİRİB | газета ОЧАГ (OCAQ) Самара

Ermənilərin Başkəndə gəlişi

Ermənilərin Başkəndə gəlişi XIX əsrin ortalarında başlayıb. Özü də bu proses birbaşa deyil, etapla baş verib.

Belə ki, ermənilər ilk vaxtlar burada yerli bəylərin mal-qarasını otarırdılar. 1858-ci ildə Başkənd kəndinin yerli bəyinin icazəsi ilə ermənilər kənddə məskən salmaq icazəsi alır. 1859-cu ildə isə Qarabağdan və Şəmşəddin rayonundan yeni erməni ailələri kəndə köçməyə başlayır. Bununla belə ermənilərin sayı təbii artımla heç vaxt azərbaycanlıları üstələməyib.

İşğaldan anklava

1905-1906-cı, 1918-1920-ci illərdə baş verən hadisələr zamanı ermənilər yerli azərbaycanlıları sıxışdırıb kənddən çıxardır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra isə Sovet rəhbərliyi Azərbaycan SSR ilə Ermənistan SSR arasında münasibətlərin normallaşması naminə Başkəndi ermənilərə verir.

Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25.01.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək Ardzvaşen (ermənicə: Qartalkənd) qoyulur.

Kənd 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni anklavı kimi qaldı.

Qarabağ müharibəsi

Birinci Qarabağ müharibəsi başlamadan öncə ermənilər Başkəndi güclü istehkama çevirmişdilər. Bu yolla onlar Azərbaycanın Gədəbəy rayonunun Şınıx bölgəsini və Tovuz rayonunun bəzi kəndlərini atəş altında saxlamağı planlaşdırırdı.

1992-ci ilin yayında Ermənistan ordusu Gədəbəy rayonuna Ermənistan istiqamətindən geniştərkibli hücuma başlayır. Hücumun əsas məqsədi Başkəndin anklav vəziyyətindən çıxarılaraq Ermənistanla birləşdirilməsi idi.

Bu hücumların birində erməni ordusunun bölmələri hətta Şınıxın bir neçə kəndini tutmaqla Başkəndin anklav vəziyyətindən çıxarılıb Ermənistanla birləşdirilməsi planını həyata keçirməyə nail olur. Lakin bir neçə gün sonra Azərbaycan Milli Ordusunun yerli və Tovuz rayonunun Etibar Əmiraslanovun komandir olduğu özünümüdafiə batalyonunun döyüşçülərinin keçirdiyi uğurlu hücum əməliyyatı nəticəsində Başkənd işğalçılardan azad edilib.

Bu, Azərbaycan ordusunun o vaxt həyata keçirdiyi ən uğurlu hücum əməliyyatlarından biri kimi tarixdə qalıb.

Turan Rzayev
Globalinfo.az