Hərbçimiz minaya düşdü: vəziyyəti ağırdır – Rəsmi

Dövlət Sərhəd Xidməti (DSX) hərbi qulluqçunun mina partlayışı nəticəsində xəsarət alması barədə məlumat yayıb.

DSX-nin Mətbuat Mərkəzindən Globalinfo.az-a bildirilib ki, Qazax rayonu istiqamətində bir nəfər hərbi qulluqçu piyada əleyhinə mina partlayışı nəticəsində ayağının baş barmağından xəsarət alıb.

Ona zəruri tibbi yardım göstərilib.

X X X

Qazaxda Ermənistanla təmas xətti olmuş ərazidə mina partlayışı zamanı xəsarət alan 2004-cü il təvəllüdlü şəxs aprelin 29-da saat 10:10 radələrində Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

“Gətirilən zaman vəziyyəti-ağır, huşu aydın, sol ayağının pəncəsinin travmatik amputasiyası, yara yerinin arterial qanaxması, yara yeri çirkli olub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir”, məlumatda deyilir.

***13:56

Hərbi qulluqçunun mina partlayışı nəticəsində xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Globalinfo.az-a Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda araşdırma aparılır.

***12:42

Bu gün Qazax rayonu ərazisində mina partlayışı baş verib.

Bu barədə Globalinfo.az-a Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxs artıq əməliyyat edilib, onun bir neçə ayaq barmağı amputasiya olunub.

Xəsarət alan şəxsin durumu stabildir.

Qeyd edək ki, mina partlayışı nəticəsində xəsarət alan şəxsin Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı olduğu bildirilir.