Bakının Rusiya ilə imzaladığı sənəd müzakirə yaratdı – “Putin şəxsən özü edib”

“İki ölkə arasında 22 fevral 2022-ci ildə imzalanan sənəd “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” adlanır. Bir qayda olaraq, bəyannamələrin parlamentlərdə ratifikasiya olunması faktlarına az-az rast gəlinir. Çünki bəyannamə bu sənəddə nəzərdə tutulan istiqamətlər üzrə müttəfilqik münasibətləri üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı niyyətin bəyan edilməsidir”.

Bu sözləri Globalinfo.az-a politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bəyannamələr heç də bütün hallarda hüquqi qüvvə daşımırlar:

“Tərəflərin hüquqi cəhətdən məcburi öhdəliklər yaratmaq niyyətində olmadıqları, yalnız istəklərini bəyan etmək niyyəti güddükləri zaman, bir qayda olaraq, “bəyannamə” terminindən istifadə olunur. Amma istisnalar da var. Məsələn, Azərbaycanla Türkiyə arasında 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi 2022-ci il fevralın 1-də Azərbaycan parlamentində, fevralın 13-də isə Türkiyə Böyük Millət Məclisində ratifikasiya olunub.

Digər tərəfdən, dövlətlərarası sənədlərin ratifikasiyası proseduru ölkələrə görə dəyişir. Məsələn, Rusiyada beynəlxalq müqavilələrin ratifikasiyası əksər hallarda Rusiya Federasiyasının Prezidenti tərəfindən həyata keçirilir. Ratifikasiya edildikdən sonra iki akt imzalanır: beynəlxalq ratifikasiya sənədi və daxili normativ akt.

“Rusiya Federasiyasının beynəlxalq müqavilələri haqqında” Federal Qanuna əsasən, Rusiya Federasiyasının Prezidenti ratifikasiya sənədini imzalayır. Sonra sənəd xarici işlər naziri tərəfindən imzalanır və möhürlənir.

Göründüyü kimi, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin Rusiya Dövlət Dumadında ratifikasiya olunmasına ehtiyac yoxdur. Çünki bu sənəd Rusiya Prezidenti tərəfindən ratifikasiya olunur”.

Ekspert deyib ki, “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Qanunda qeyd olunur ki, dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri Azərbaycan Respublikasının Milli Məclisi təsdiq (ratifikasiya) edir:

“Bunla yanaşı, qeyd edim ki, istənilən dövlətlərarası sənədin ratifikasiyasına ehtiyac duyulduğu halda, həmin sənəddə bu məqam imperativ şəkildə öz əksini tapır. Yəni qeyd olunur ki, sənəd hər iki ölkənin parlamentində ratifikasiya olunduqdan sonra hüquqi qüvvəyə minir.

Lakin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”də ratifikasiya ilə bağlı bənd yoxdur. Bəyannamədə sənəd” hər iki ölkənin parlamentində ratifikasiya olunduqdan sonra hüquqi qüvvəyə minir” sözləri yoxdur. Bu isə o deməkdir ki, sənəd ratifikasiya olunmaya bilər və hüquqi qüvvəyə malikdir”.

Qeyd edək ki, mövzu İTV-in “Diqqət Mərkəzi” verilişində AXP sədri Pənah Hüseyn ilə deputat Erkin Qədirli arasında  müzakirə predmeti olmuşdu. Belə ki, P.Hüseyn “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”ni stratejik müttəfiqlik sənədi adlandırsa da, E.Qədirli sənədin heç bir hüquqi qüvəsinin olmadığını deyib. 

Turan Rzayev
Globalinfo.az