Qarakənd faciəsi: həbsdəki separatçının ifadəsi… – 32 illik müəmma

Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni silahlı dəstələri tərəfindən Azərbaycan hərbi helikopterinin vurulmasından 32 il ötür.

O vaxt bütün ölkəni, hətta regionu şoka salan hadisə nəticəsində aralarında Azərbaycan siyasi elitasının bir qrup üzvü də olmaqla 22 nəfər həyatını itirdi.

Helikopteri kimin vurması ilə bağlı hələ də müəmmaların olduğu sirr deyil. Hadisə yeni baş verəndə deyilirdi ki, vertolyot o vaxtkı prezident Ayaz Mütəllibovun göstərişi ilə vurulub. Amma bu, sonralar təsdiq edilmədi. Sadəcə həmin dövrün konyukturasına uyğun olaraq ortaya atılmış əsassız iddia idi.
Hazırda Qarakənd azaddır, həmçinin o zamankı hadisələrdə iştirak etmiş bir qisim erməni terrorçu saxlanılaraq Bakıya gətirilib.

Bəs Qarakənd səmasında 1991-ci ilin 20 noyabrında baş vermiş vertolyot qəzası yenidən araşdırıla bilərmi? Hazırda həbsdə olan separatçıların bu məsələ haqda ifadə verməsi mümkündürmü?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov yalnız bir halda araşdırmanın başladıla biləcəyini deyib:

“Əgər hər hansı ciddi sübutlar ortaya çıxarsa, o zaman hadisə araşdırıla və cinayətkarlar cəzalandırıla bilər. Ümumilikdə buna heç bir məhdudiyyət yoxdur. Lakin praktiki cəhətdən çətin məsələdir. Hadisədə hansısa erməni, yaxud azərbaycanlının əli ola bilər, bu, mümkündür. Xatırlayırıq, 1990-cı illərdə Azərbaycanda hərc-mərclik, satqınlıq vardı. Biz torpaqlarımızı ermənilərin gücü və bacarığına görə itirmədik. Bu, daxildəki problemlərə görə oldu. Birlik yox idi. Bu o demək deyil ki, hər kəs bir nəfəri dəstəkləməlidir. Vətən, dövlət məsələsində müxaliflik ola bilməz, olmamalıdır. Mümkündür ki, həmin şəxslərin arasından kimlərinsə bu işdə əlləri var”.

Ə.Həsənov Bakı təcridxanalarında saxlanılan erməni terrorçuların Qarakənd faciəsi ilə bağlı ifadə vermə ehtimalından söz açıb:

“Məsələn, Bakıda həbsdə olan hansısa erməni bu barədə nə isə desə, ad çəksə, bu, sadəcə söz olacaq. Onun sübutuna ehtiyac yaranacaq. Deyək ki, biz hadisəni kiminsə – erməni, yaxud azərbaycanlının törətdiyini öyrəndik. Amma əsaslı sübut yoxdur. Yəni sadəcə kiminsə sözü ilə başqa bir şəxsi məsuliyyətə cəlb etmək olmaz. Bəlkə, ifadə verən şəxs ümumiyyətlə yalan danışır? Ona görə həmin ifadələrin həqiqətə uyğunluğu sübuta yetirilməlidir. Müəyyən video, foto, səs yazısı, bir sözlə, ciddi əsaslar olmalıdır. Ancaq o halda 32 il əvvəl baş vermiş hadisə ilə bağlı hansısa faktı sübuta yetirmək mümkün olar. Lakin mən indiki vəziyyətdə bunun mümkünlüyünə inanmıram. Belə bir şey ancaq ciddi sübutlar ortaya çıxarsa mümkündür”.

Ayşən Mustafa
Globalinfo.az