Köçəryan hərəkətə keçdi: o, hakimiyyətə qayıtsa, Qarabağ… – İkibaşlı ssenari

Ermənistanın ikinci prezidenti, Xocalı qatili Robert Köçəryan Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanla görüş keçirib. Qazaxın kəndlərinin təhvil verilməsinə qarşı Tavuşda keçirilən etirazların əsas lideri sayılan, Baş nazir Nikol Paşinyanın vəzifədən getməsi üçün əhalini hakimiyyət çevrilişinə səsləyən B.Qalstyanın keçmiş prezidentlə görüşü barədə yayılan məlumatlar ciddi müzakirələrə səbəb olub. Köçəryanın ölkədəki etirazların arxasında dayanan şəxs olduğu bildirilir.

Bəs Robert Köçəryan Ermənistanda yenidən hakimiyyəti ələ alsa, sülh danışıqları və Qarabağ məsələsində hansısa dəyişikliklər ola bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, hakimiyyətdə Köçəryan ya da Qarabağ klanının hər hansı nümayəndəsinin olması Cənubi Qafqazda nəyisə dəyişmir:

“Ermənistanda hakimiyyət dəyişikliyinin olub-olmamasının Azərbaycanın mövqelərinə, maraqlarına və hədəflərinə heç bir təsiri yoxdur. Qarabağ məsələsi isə ümumiyyətlə bitib. Azərbaycan torpaqları üzərində suverenliyini bərpa edib. “Boz zona” ləğv edilib, erməni separatizmi sıradan çıxarılıb.

Orada hakimiyyət dəyişikliyi sülh danışıqlarına qısamüddətli problemlər yarada bilər. Sülh danışıqlarının yekun nəticəsi 44 günlük müharibənin nəticələrinə tam adekvatdır”.

Politoloqun sözlərinə görə, Ermənistanı qarışdıran qüvvələrin əslində delimitasiya və demarkasiya prosesinə qarşı çıxmaq niyyəti yoxdur:

“Bu vəziyyəti öz xeyirlərinə istifadə etməyə çalışırlar. Ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq istəyirlər. Bu məqsədi reallaşdırmaq üçün də əsasən erməni kilsəsi ölkə daxilində xaos yaradır, erməni diasporu isə bunu maliyyələşdirir. Daşnaksütyun partiyasının da prosesə birbaşa müdaxiləsi mövcudur.

Ermənistanın yerli əhalisi Qarabağ klanına nifrət edir və onun hakimiyyətə gəlməsini istəmir. Nikol Paşinyan hakimiyyətindən də narazıdırlar, amma iki seçim arasında qalanda xalq Paşinyanı seçər”.

Safura Bənnayeva
Globalinfo.az