İrəvandan hiyləgər həmlə: Bakı hansı addımı atacaq?

Rəsmi İrəvanın Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda, Paşinyanın Putin ilə Moskvada keçirilən danışıqlardan gözləntiləri və ona bəslədikləri ümidləri puça çıxır. Onlar heç Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə may ayının 14-nə nəzərdə tutulan üçtərəfli müzakirələrdən də ümidli deyillər. Elə buna görə də Moldovada iyun 1-nə nəzərdə tutulan görüşə hazırlaşırlar. Çünki o görüşdə Makronun iştirak edəcəyinə çalışırlar. Baxmayaraq ki, Makron və Frans Xarici İşlər Naziriliyi belə bir formatın keçiriləcəyini təsdiq etməyib, amma ermənilər bu görüş barədə artıq xəyallarla yaşayırlar.

Onlar hətta Almaniyanın kansleri Şoltsu da dövrəyə soxmağa cəhd edirlər. Lakin bu cəhdləri də əbəsdir və Azərbaycan Prezidenti İlham Əliyev Makronun layiqli cavabını bir neçə ay bundan qabaq verib. Fransa prezidenti ədalətli vasitəçi imicini çoxdan itirib və o bir daha Azərbaycanla Ermənistan arasındakı danışıqlarda bu missiya ilə çıxış edə bilməz və etməyəcək.

Danışıqlar formatının Rusiyadan Avropaya, sonra Amerikaya, indi isə yenidən Rusiyaya keçməsi heç nəyi dəyişmir və heç bir tərəfin mövqeyini gücləndirmir.

“Əgər Azərbaycan ardıcıl olaraq hər hansı platformada öz məqsədinə doğru irəliləyirsə, əvvəllər qarşıda duran məsələləri addım-addım həll edirsə, deməli, Ermənistan danışıqların yeni platformada hər yeni raundu ilə daha həssas vəziyyətdədir”.

Bu rusiyalı ekspert Stanislav Pritçinin son görüşlər haqqında dedikləridir.

Ekspertin fikrincə, Ermənistan Baş naziri Nikol Paşinyanın Aİ-nin monitorinq missiyasının Ermənistanın təhlükəsizliyinə zəmanət verməməsi barədə bəyanatı İrəvanın məyusluğunun göstəricisidir ki, “nə Avropa dəstəyi, nə də Avropa yanaşmaları Ermənistana öz mövqelərini möhkəmləndirməyə kömək etməyib”.

“Nəhayət, indi vəziyyət inkişaf edir ki, zaman Azərbaycanın xeyrinə işləyir, çünki keçid məntəqəsi Laçın dəhlizindədir, Azərbaycan bunu Qarabağ üzərində suverenliyini möhkəmləndirmək üçün əsas addım kimi istifadə edəcək. 2025-ci ildə Rusiya sülhməramlılarının regionu tərk etməsi tamamilə mümkündür və bu, Ermənistanın yekun danışıqlarda fiaskosu demək olacaq, çünki danışıqlar prosesindən heç bir fayda əldə etmək mümkün olmadı”.

Pritçinin sözlərinə görə, Ermənistan danışıqlarda öz mövqelərini tədricən itirir. Ekspert qeyd edib ki, nizamlanmanın rus variantı “nəqliyyat dəhlizlərinin açılması və Azərbaycanla Ermənistan arasında dəmiryolu əlaqəsinin yaranması səbəbindən Ermənistana ciddi iqtisadi səmərə verir”.

Pritçi bildirib ki, üçtərəfli komissiya səviyyəsində Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri çoxdan nəqliyyat dəhlizlərinin bütün əsas parametrləri üzrə razılığa gəliblər, “fəaliyyətə başlamağa, sadəcə, siyasi iradə yoxdur”.

Bu sözlər və oxşar qiymətləndirmələr təkcə Rusiyadan deyil, Ermənistanın özündən də eşidilməkdədir. Erməni siyasətçilər Paşinyan hökumətinin dalana dirəndiyini artıq ifadə etməkdən çəkinmirlər. Amma onların daha əlverişli şərait barədə ümidləri hələ də yaşayır. Bu ümidlər isə ard-arda puça çıxır.

Əlimusa İbrahimov
Politoloq