İran-İsrail müharibəsi: azərbaycanlılar hansı tərəfdə “vuruşacaq”? – “Parçalanma riski…”

İranla İsrail arasında münasibətlər getdikcə gərginləşir. İki ölkə arasında müharibənin başlayacağı barədə sərt bəyanatlar səsləndirilir. Proses Azərbaycanda da diqqətlə izlənir. İran qonşumuzdur, orada müharibənin olması ölkəmizə təsirsiz ötüşməyəcək. Üstəlik, İranda 40 milyona yaxın soydaşımızın yaşaması bu məsələyə həssaslığımızı artırır.

İsrail isə Azərbaycanın müttəfiqidir. Azərbaycanlıların İsrailə münasibəti 44 günlük Vətən müharibəsində daha da dəqiqləşdi. Bu ölkənin müharibədə göstərdiyi dəstək, rəftar ölkəmizdə məmnunluqla qarşılandı.

İranın Ermənistana 30 il boyunca dəstək verməsi, müharibə zamanı və ondan sonrakı dövrdə ölkəmizlə bağlı tutduğu mövqe Azərbaycan ictimaiyyətində cənub qonşumuza qarşı mənfi münasibət yaradıb.

Burada bir həssas məqamı qeyd edək: Qəzzada baş verənlər, əsasən də dinc sakinlərin olduğu obyektlərin Təl-Əviv tərəfindən bombalanması, uşaqların, qadınların, yaşlıların kütləvi ölümü Azərbaycan ictimai fikrində İsrailə münasibətdə müəyyən tərəddüdlər yaradıb.

Maraqlıdır, İsrail-İran müharibəsi başlasa, Azərbaycan ictimaiyyəti hansı ölkəyə dəstək verəcək?

Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Sədrəddin Soltan deyib ki, istənilən cəmiyyətdə beynəlxalq aləmdə baş verən hadisəyə münasibət fərqli ola bilər.

Onun sözlərinə görə, hər ideologiyanın tərəfdarı olduğu kimi, əleyhdarları da var:

“Azərbaycan cəmiyyətində Qəzza zolağında baş verən hadisəyə fərqli münasibət bildirənlərin olması təbiidir. Burada məsələyə tərəflərdən hər hansı birinə simpatiyası olmadan regionda dinc insanların ölməsi faktına heyfsilənərək münasibət bildirənlər də var, HƏMAS-ın apardığı mübarizəni haqlı sayanlar da ola bilər, İsrailin təhlükəslizliyini müdafiə edərək onu dəstəkləyənlər də. Hətta yaşananlara dini baxımdan yanaşmaq belə mümkündür. Eyni zamanda İran hakimiyyətinə simpatiyası olanları belə qeyd edə bilərik. Bundan başqa, İsrail dövlətinin bizə qarşı olan münasibətinə də fikir verirlər. Birmənalı şəkildə ictimai rəyin hansı ölkənin yanında olduğunu demək mümkün deyil. Əsas məsələ bu yanaşmaların Azərbaycan cəmiyyətində parçalanmaya səbəb olmamasıdır”.

S.Soltanın fikrincə, insanlar dünyada fərqli hadisələrə müxtəlif münasibətlər bildirə bilər və bu onların şəxsi yanaşmasıdır:

“Məsələn, Azərbaycan dövlət olaraq Fələstini tanıyır, İsraillə də münasibətləri var. Bu münaqişənin dinc yolla həllinin tərəfdardır. Hətta Qəzza zolağına yardımların edilməsi, Fələstin və Təl-Əvivlə diplomatik münasibətlərin saxlanması Azərbaycan dövlətinin məsələyə yanaşmasını göstərir. Əksər vətəndaşların bu mövqedə olduğu da istisna edilmir.

Azərbaycan cəmiyyəti məsələyə həm də Qarabağ torpaqlarının işğal altında olduğu dövrdə baş verən hadisələr prizmasından yanaşır. Həmin dövr cəmiyyətimiz üçün dost və düşmənini seçmə imkanı yaratdı. O zaman Azəraycana kim kömək etdi? Bu, Azərbaycan xalqı üçün çox əhəmiyyətlidir. Məsələyə bu baxımdan yanaşılması daha doğru olar”.

Ekspert deyib ki, Fələstin liderlərlərinin müxtəlif dövrlərdə Azərbaycanın ərazi bütövlüyünə, ermənilərin bizim torpaqlarımızı işğal etməsi məsələsinə yanaşması da əsas meyarlardandır:

“Bu gün məsələyə Azərbaycanda İran mövqeyindən çıxış edərək yanaşanlar var. O zaman sual olunur: İran Azərbaycan torpaqları işğal altında olanda hansı mövqeyi tuturdu? Əlbəttə ki, cavab bəllidir. Bəs Qarabağ torpaqları işğal altında olanda Livan Hizbullahı hansı mövqeyi tuturdu? Azərbaycan torpaqlarının işğaldan xilası olması üçün hansı bəyanatla çıxış edirdi? Bax, bu tip məsələlər var”.

Zaira Akifqızı
Globalinfo.az