Ermənistanın parçalanması və bölüşdürülməsi planı – “Xəyanət variantı işə salınır”

Son vaxtlar Ermənistanda tez-tez səsləndirilən fikirlərdən biri də bu ölkənin süqut edəcəyi ilə bağlıdır. İrəvandakı müxalif deputatlar, siyasətçilər “Ermənistan dövlətçiliyinin sual altına düşdüyünü” deyirlər. Bu, əsasən Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla bağlı siyasəti, Rusiyaya qarşı demarşı kontekstində deyilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Şəbnəm Həsənova deyib ki, beynəlxalq nizam həm fundamental kontekstdən yenidən formalaşdırılmaq, həm də nüfuz uğrunda savaşın nəticəsi olaraq heç zaman malik olmadığı qəribə çalarlara bürünüb:

“Bu yolda “həyatda qalan” aktorlar yalnız müşahidəçi və iştirakçı deyil, həm də təşəbbüskar olmalıdır. Sadəcə, Azərbaycan-Ermənistan müharibəsi, münaqişəsi, münasibətlərin normallaşma prosesinə geniş rakursdan baxdıqda rəsmi İrəvan bu kateqoriyaların heç birinə daxil deyil. İlk növbədə, ona görə ki beynəlxalq düzəni formalaşdıran tərəflərin özü Ermənistanın yerinin və rolunun nədən ibarət olduğunu bilir”.

Politoloqun sözlərinə görə, İrəvanda hakimiyyət uğrunda yenidən çəkişmə başlayıb:

“Bu, əvvəl daha çox daxili amillərlə əsaslandırılırdısa, kənardan olduğu indi aydın görünür və buna heç olmadığı qədər labüd baxılır. Bu məqamda isə hakimiyyətdə iddialı hər bir tərəf özünü maraqların görkəmli müdafiəçisi kimi aparır.

Revanşizmə arxalanan ənənəvi metod “miatsum”a xəyanət variantlarını da yenidən işə salıb.

Rəsmi İrəvan daxilində proseslər bölüşdürməyə bir şey qalmayanda bir-birilərini didməyə başlamaqla əlaqədardırsa, Ermənistanın bölüşdürülə bilinməməsi, ya da parçalanması digər regionlarda nüfuzlarını ortaya qoya bilməyənlərin onu xarici siyasətində fundamental dəyişikliyə vadar edənlərlə bağlıdır”.

Şəbnəm Həsənova

Ş.Həsənova Ermənistanın hələ dövlət arxitekturasını qurmalı olduğunu, məhz bu bazisi otuzdurduqdan sonra Qərbin təlqin etdiyi idarəetmənin üsul və metodlarının tətbiqinə can ata biləcəyini düşünür:

“Bazislərin başlıca bir prinsipi də odur ki, ana maddələr toplusunda digər ölkələrə qarşı ərazi iddialarına son qoyulsun. Hakim partiya özünün legitimlik səviyyəsini son dərəcə aşağı çəkməklə Ermənistanın dövlət kimi legitimliyini də sürətlə aşağı çəkir. “Xarici təhdidlər”, daxili siyasi gərginlik, Nikol Paşinyanın prosesləri uzatma cəhdləri, çətin sosial-iqtisadi vəziyyət fonunda siyasi böhran daha da dərinləşir. Bu, Qarabağdan qovulmağın əks-təsiri yox, erməni xislətinin məhz elə nüvəsidir ki, maşa kimi davam etsə, mərkəzində də tutarlı yer qalmayacaq”.

Politoloq qeyd edib ki, Ermənistan nə qədər alətdirsə, Qarabağdakı ermənilər də bir o qədər girov idi:

“Bu yerdə xaricdən gələn “labüd” amilinə dönmək lazımdır. Bu istiqamətdə isə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin fikirləri və bunun məhz ona dedizdirilməsi xüsusi maraq doğurur. O baxımdan ki, bu şəxs Nikol Paşinyanın və onun siyasi kursunun kəskin əleyhdarıdır. Digər baxımdan isə qərbpərəst Nikol Paşinyan prosesləri korladığından və fundamental gedişata diktə ilə zərər verdiyindən onu “yola salmaq”, yerinə “normal” birini gətirmək istəyirlər. Deməli, bu cür bədbin proqnozların mənşəyi də, ünvanı da bəllidir. Paşinyan isə başını çomağa özü sürtdü. Fəlakətli nəticələrin qarşısını almaq üçün hələ gec deyil. Regional aktorların maraqlarını nəzərə almamaq, coğrafi mövqeyi görməzdən gəlmək qədər qatı paralellik və absurddur. Destruktiv addımların, hətta fikirlərin özü belə müsbət nəsə qazandırmayacaqsa, ən xırda əks-meyil belə Ermənistan üçün, ən yumşaq formada desək, ürəkaçan olmayacaq”.

Safura Bənnayeva
Globalinfo.az