Sülhməramlıların Qarabağdan çıxmasında ilginc detal – Pul məsələsi

Rusiya sülhməramlılarının vaxtından əvvəl Azərbaycan torpaqlarından çıxarılması, Qazaxın 4 kəndinin hərbi müdaxilə olmadan ölkəmizə qaytarılması ictimaiyyətdə müzakirələrə səbəb olub. Bəzi ekspertlərin fikrincə, Azərbaycanın suverenliyini bərpa etməsində Rusiyanın marağı var. 

Burada Rusiya hansı maraqları güdür?

Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Kənan Novruzov deyib ki, sülhməramlıların Qarabağdan çıxmasının bir neçə səbəbi var:

“Azərbaycanın 2023-cü ilin sentyabr ayında keçirdiyi antiterror əməliyyatı məsələdə böyük rol oynadı. Bu günə qədər sülhməramlı kontingent bölgədə sülh və sabitliyin qorunmasına, Azərbaycan Silahlı Qüvvələri ilə erməni silahlıları arasında ehtimal insidentin qarşısını almağa xidmət edirdi. Amma Azərbaycan təhdid və təhlükələri sovuşdurdu. Yəni artıq sülhməramlıların görəcəyi iş yoxdur”.

Kənan Novruzovun fikrincə, Rusiya sülhməramlılarının Qarabağda qalması xüsusi xərc tələb edir:

“Rusiya iqtisadiyyatının zəiflədiyi vaxtda bu, Moskva üçün artıq xərcdir. Rusiya həm də buna görə sülhməramlıları geri çəkdi.

Digər versiya isə Ukrayna müharibəsi ilə əlaqədardır. Şəxsi heyət çatışmazlığı səbəbindən sülhməramlıların Ukraynaya göndərilməsi gözlənilir. Bir başqa ehtimal isə Rusiya ilə Ermənistan arasında artan gərginlikdir. Lakin bütün bunlar üzdə olan səbəblərdir. Pərdəarxasında, güman ki, Rusiya və Azərbaycan arasında razılıq əldə edilib. Əgər Rusiya uzun illər davam edən imperialist siyasətindən əl çəkirsə, demək, ciddi səbəbləri var. Türkiyə və Rusiya arasında danışıqların olması da istisna deyil”.

Safura Bənnayeva
Globalinfo.az