Sülhməramlılar Qarabağdan onları da “apardılar”

Rusiya sülhməramlılarının Qarabağdan çıxmasından sonra erməni əhalinin buraya qayıdıb-qayıtmayacağı müzakirə mövzusudur. Bəzi ekspertlər bildirirlər ki, rus sülhməramlıları Qarabağdan çıxmaqla ermənilərin əraziyə qayıdış ehtimalını da özləri ilə “apardılar”.

Maraqlıdır, ermənilərin Qarabağa qayıtması perspektivi birdəfəlik qapandımı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, Prezident İlham Əliyev Qarabağın erməni sakinlərinin Azərbaycan vətəndaşlığını qəbul edərək əraziyə qayıda biləcəyini dəfələrlə vurğulayıb:

“Bu halda rəsmi Bakı onların hüquqlarını müdafiə etməyə daim hazırdır. Sadəcə, iki ölkə arasında etimadın lazımi səviyyədə olmaması, Ermənistan daxilində revanşist ideyaların mövcudluğu, revanşistlərin Qarabağ ermənilərini qızışdırması prosesə əngəl törədən nüanslardır”.

Politoloq bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanarsa, sərhədlər açılarsa, kommunikasiyalar bərpa olunarsa, Qarabağ erməniləri geri qayıda bilər:

“İki ölkə arasında inteqrasiya qarşılıqlı etimadın yaranmasına səbəb olacaq. Tarixdə müharibə edib daha sonra barışan xalqlar var. Düşünürəm ki, Cənubi Qafqazda da bu barışığı əldə etmək mümkündür. Rəsmi İrəvan və erməni ictimaiyyəti sağlam mövqe ortaya qoysa, sülhə nail olmaq mümkün olacaq. Çünki Azərbaycan konstruktiv mövqe sərgiləyir və sülh gündəliyinə sadiqdir.

Bununla belə, ermənilər Qarabağı könüllü tərk ediblər və qayıtma prosesləri də bu prinsip əsasında olmalıdır. Yəni onlar ümumiyyətlə qayıtmaya da bilərlər”.

Safura Bənnayeva
Globalinfo.az