“Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq” – Prezident 10 noyabr gecəsi haqda sirri açdı

Mən, həmçinin sizə bu məsələ ilə bağlı necə danışıqlar apardığımız barədə məlumat verə bilərəm. Düşünürəm ki, bu, maraqlı olardı”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

“Mən artıq bir neçə dəfə azərbaycanlı jurnalistlərlə görüşlərimdə açıqlamışam ki, noyabrın 9-u günü biz Prezident Putinin vasitəçiliyi ilə, – çünki bizim erməni həmkarımızla heç bir təmasımız yox idi, – üçtərəfli Bəyanatla bağlı danışıqlar zamanı bir neçə telefon danışığı apararaq üçtərəfli Bəyanatın hər bir bəndini razılaşdırdıq. Ona görə də bu, demək olar ki, noyabrın 10-u səhərədək davam etdi. Ona görə biz həmişə deyirik ki, Bəyanat noyabrın 10-da imzalanıb. Çünki artıq Bakı vaxtı ilə gecə saat 2 və ya 3-ün yarısı idi.

Rusiya sülhməramlıları məsələsi təqdim olunmuşdu və Ermənistanın mövqeyi ondan ibarət idi ki, onlar üçün vaxt məhdudiyyəti olmamalıdır. Başqa sözlə, onlar orada həmişəlik qalmalıdırlar. Biz bununla razılaşa bilməzdik və israr etdik ki, vaxt məhdudiyyəti olmalıdır. Bu, hər iki tərəfin razılaşa bilmədiyi ən çətin hissələrdən biri idi. Bizim üçün bu, Bəyanatın ən prinsipial hissələrindən biri idi və bizim mövqeyimiz ondan ibarət idi ki, əgər biz buna razılaşmasaq, Bəyanat olmayacaq və müharibə davam edəcək. Həmin vaxt bizim qoşunlarımız Xankəndinin yaxınlığında idi. Biz qondarma Laçın dəhlizinə de-fakto nəzarət edirdik və biz Şuşanı azad edəndən sonra mühasirəyə alınmış 15 min erməni hərbçinin aqibəti hər kəsə tamamilə aydın idi. Onlar ya təslim olmalı idilər, ya da onlar üçün daha da pis olacaqdı. Biz dedik, yaxşı, əgər heç bir razılaşma olmayacaqsa, biz davam edirik, bir neçə saata Xankəndiyə daxil olacağıq. Beləliklə, Ermənistan razılaşmalı oldu. Zənnimcə, onlar indi başa düşürlər ki, biz haqlı idik”, – Dövlət başçısı bildirib.