“Ərdoğanın varisi bu üç ünvanda müəyyənləşdiriləcək” – Sülhəddin Əkbər

 

“Bu müddətdə gözləmədiyimiz insanlar da siyasətə gələ bilər; misal üçün, Səlcuq Bayraqdar”

Globalinfo.az Azad Demokratlar Partiyasının sədri (AzDP) Sülhəddin Əkbərlə müsahibəni təqdim edir:

– Sülhəddin bəy, bildiyiniz kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni Nazirlər Kabinetini formalaşdırdı. Yeni kabinetdə xüsusilə müdafiə naziri Yaşar Güler, xarici işlər naziri Hakan Fidan, maliyyə və xəzinə naziri Mehmet Şimşek və Milli İstihbarat Təşkilatının sədri İbrahim Kalın diqqət çəkir. Siz yeni hökumət kabinetini necə qiymətləndirirsiniz?

– İlk öncə onu qeyd edim ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həm daxili, həm də xarici siyasət ilə bağlı ümumi inkişaf strategiyası var. Onu da deyim ki, bu strategiya çoxdan qəbul edilib. 15 iyul 2016-cı ildən sonra qəbul edilən strategiya Türkiyə dərin dövləti tərəfindən də qəbul edilib. Bu stategiyanın xarici siyasət hissəsində üç əsas mərkəz var:

Birincisi, Türk Dövlətləri Təşkilatı (TDT);

İkincisi, postosmanlı məkanı;

Üçüncü, İslam Əməkdaşlıq Təşkilatı;

Hesab edirəm Türkiyə bu strategiyanı indiki dövrdə də davam etdirəcək. Ərdoğan yeni komanda ilə daha dinamik şəkildə strategiyanı icra edəcək. Bu baxımdan mən strategiyada dəyişikliyin olacağını düşünmürəm.
O ki, qaldı Ərdoğanın yeni komandasına, mən bu komandanı çox yüksək qiymətləndirirəm. Belə ki, əvvəlki komandalar dini-ideoloji komandalar idi. Yəni onların dünyəviliyi bir qədər şübhəli idi. Yeni hökumət isə dini-fəlsəfi ideologiya ilə yanaşı, həm də dünyəviliyi mənimsəmiş şəxslərdən ibarətdir. Bundan başqa, komandanın tərkibində yer alan şəxslər intellektual səviyyəsi yüksək olan şəxslərdir.

– Yeni kabinetdə xüsusilə diqqətçəkən şəxs xarici işlər naziri Hakan Fidan oldu. Bir çoxları onu Ərdoğanın “qara qutusu” adlandırır. Onun dosyesinə baxdıqda bir çox dövlət başçısı ilə birbaşa təmas qura biləcək nüfuzda şəxs olduğu görünür. Onun timsalında Türkiyə xarici siyasəti necə formalaşacaq?

– Qeyd etdiyim kimi, mən Türkiyənin xarici siyasət strategiyasının dəyişəcəyini düşünmürəm. Sadəcə olaraq strategiyanın icra edilməsində həlledici mərhələyə artıq daxil olunub. Ümumiyyətlə bu, Türkiyədən asılı bir məsələ deyil. Yeni dünya nizamı quruculuğu fonunda gedən geopolitik qarşıdurmanın həlledici mərhələsinə daxil olunub. Məhz buna görə deyirəm ki, Türkiyə də xarici siyasət strategiyasının icrasına başlayıb.
Bu həlledici mərhələdə dünyanı tanıyan, görünən və görünməyən tərəflərini bilən insanlara ehtiyac var. Xüsusilə xarici siyasət sahəsində belə bir insanın varlığı həyati əhəmiyyət kəsb edir. Rəcəb Tayyib Ərdoğanın güvəndiyi iki şəxsdən birinin xarici işlər naziri, digərinin isə Milli İstihbarat Təşkilatının sədri təyin edilməsi onun arxayın olmaq istəməsindən xəbər verir.

Hesab edirəm həm Hakan Fidan, həm də İbrahim Kalın Ərdoğanı yaxşı tanıyır və bu strategiyanı bilir. Mənə elə gəlir ki, bu strategiya onların timsalında daha yaxşı və uğurlu həyata keçiriləcək.

Hazırda ən çox Hakan Fidan və İbrahim Kalının adı çəkilsə də digər bir mühüm simanın adını çəkmək istərdim. Söhbət müdafiə naziri Yaşar Gülerdən gedir. Onun bu vəzifəyə gətirilməsi də olduqca müsbət bir hadisədir. Xüsusilə Hulusi Akarın siyasətinin davam etdiriləcəyini düşünürəm. Onun müdafiə naziri postuna gətirilməsi həm də varislik prinsipinin qorunması deməkdir.

Yeni hökumətin tərkibinin dəyişdirilməsi həm də yeni simaların gəlməsi ilə bağlıdır. Yəni bəzi kadrlar artıq yorulmuşdu, effektiv işləyə bilmirdi. Misal üçün, Hakan Fidan 13 il idi MİT sədri idi. O, MİT üçün əlindən gələni etdi. Buna görə də hesab edirəm onun xarici işlər naziri təyin edilməsi həm də Ərdoğanın onun istəyini yerinə yetirməsidir. Çünki o, özü də yeni vəzifəyə gəlmək istəyirdi.

– Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin qalibi olduqdan dərhal sonra yenidən onun varisinin kim olacağı, ondan sonra Türkiyənin yeni prezidentinin kimliyi barədə müzakirələr başladı. Ərdoğanın yeni hökuməti açıqlaması sonrası ehtimal varisin bu şəxslər arasından çıxa biləcəyinə dair versiyalar səslənir. Siz necə düşünürsünüz, Ərdoğanın varisi yeni kabinetdə təmsil olunan şəxslərdən biri ola bilər?

– Söhbət Ərdoğanın siyasi varisindən gedirsə, hesab edirəm, potensial namizədlərin sayı kifayət qədər çoxdur. Siz hökumət kabinetinin üzvləri arasında varisin olub-olmadığını soruşdunuz, lakin biz AKP faktorunu da unutmamalıyıq. Partiya daxilində varisin olması da mümkündür.

Yeni varisin seçilməsində, təyin edilməsində AKP rəhbərliyinin rəyi, Ərdoğanın öz seçimi, Türkiyə dərin dövlətinin razılığı kimi faktorlar həlledici olacaq.

Mən ehtimal varis kimi Böyük Millət Məclisinin sədri seçilən Numan Qurtulmuşun adını da qeyd edərdim. Siyasi-ideoloji baxımdan o, Ərdoğana daha yaxındır. Onun tək çatışmayan cəhəti AKP-yə kənardan gəlmədir. Yəni onu AKP daxilində heç də hamı dəstəkləmir.

Bilirsiniz, bir məsələni də unutmayaq ki, qarşıda 5 il var və bu müddət ərzində gözləmədiyimiz insanlar da siyasətə gələ bilər. Misal üçün, “Bayraqdar TB2” pilotsuz uçuş aparatlarının (PUA) yaradıcısı, Türkiyə Teknoloji Takımı Vəqfinin rəhbəri Səlcuq Bayraqdar buna misal ola bilər. O, siyasətə gələrsə şəxsən mən təəccüblənmərəm.

Cumhurbaşkanı Erdoğan yeni kabineyi açıkladı (İşte yeni bakanlar) - Son Dakika Türkiye Haberleri | NTV Haber

– Hakan Fidan vəzifəyə təyin edildikdən qısa zaman sonra ilk olaraq İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Entoni Blinken ilə telefon danışığı baş tutdu. Mən xüsusilə bu üç telefon danışığını qeyd etdim, çünki Ermənistan və İran region ölkələridir. Blinken ilə isə əsasən Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma prosesləri müzakirə edilib. Bu telefon danışıqlarını necə şərh etmək olar?

– Bilirsiniz, bütün bu telefon danışıqları ilkin gedişlərdir. İlkin gedişlərdən nəticə çıxartmaq doğru deyil.

Hakan Fidan xarici işlər naziri vəzifəsinə yeni təyin edilib. Bu baxımdan onun bir müddət hələ operativ davranış sərgiləməsi normaldır. Bilirsiniz ki, hazırda İran-Türkiyə, Ermənistan-Türkiyə, Cənubi Qafqaz, Mərkəzi Asiya kimi məsələlər Türkiyə xarici siyasətində əsas prioritet təşkil edən sahələrdir.

Misal üçün, Hakan Fidanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı İsveçin NATO-ya üzvlüyü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma prosesləri, F-16 qırıcılarının alınması və Ukrayna ilə bağlı taxıl sazişi məsələləri müzakirə olunub. Bu baxımdan düşünürəm ki, Hakan Fidanın bu məsələlərə önəm verməsi başa düşüləndir.

O ki, qaldı Türkiyənin Azərbaycan siyasəti və Ermənistan ilə sülh prosesi kontekstində sərgiləyəcəyi mövqeyə, deyə bilərəm ki, əvvəl necə idisə, biz prosesin bu kontekstdə davam edəcəyini deyə bilərik. Əlbəttə ki, iki ölkə münasibətlərində inkişaf strategiyası daha da dərinləşəcək. Xüsusilə TDT, Cənubi Qafqaz məsələlərində Ankaranın aktivliyini müşahidə edəcəyik.

Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Eyni zamanda Qarabağda Rusiya ilə birlikdə Monitorinq Mərkəzində proseslərdə iştirak edir. Hazırda bir çox məsələdə təşəbbüs ABŞ-ın əlindədir. Vaşinqtonun aktivliyi Türkiyənin aktivliyi deməkdir.

Turan Rzayev
Globalinfo.az