ABŞ-la münasibətlər, sülh müqaviləsi, prezident seçkisi… – Politoloqdan önəmli məqamların təhlili

Globalinfo.az politoloq Aytən Qurbanovanın müsahibəsini təqdim edir:

– Aytən xanım, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Brüssel şəhərinə işgüzar səfəri baş tutdu. Səfər çərçivəsində o, Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrell ilə görüşüb. Bu görüşlər Aİ-nin və onun məmurlarının Azərbaycana qarşı qərəzli mövqeyini nisbətən yumşaldacaqmı?

– Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın xarici siyasət konsepsiyasında önəmli istiqamətlərdən biridir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, qarşılıqlı olaraq əlaqələrin inkişaf etdirilməsi və tərəfdaşlıq imkanlarının dəyərləndirilməsi məqsədilə mütəmadi olaraq belə görüşlərin keçirilməsi hər zaman müsbət nəticələri özündə ehtiva edə bilər.

Onu da unutmamaq lazımdır ki, xüsusilə son dövrlərdə Avropa İttifaqının bəzi institusional orqanları çərçivəsində qərəzli anti-Azərbaycan müzakirələrin keçirilməsi, eyni zamanda bu görüşlərin təşəbbüskarı qismində çıxış edən bir sıra Avropa dövlətlərinin işğala və işğalçıya verdiyi dəstək Azərbaycan üçün qarşılıqlı etimadın zədələnməsinə gətirib çıxaran əsas faktorlar olaraq dəyərləndirilir. Həmçinin bu kimi hallar rəsmi Brüsselin tərəfsizlik prinsipini gözardı edərək sülh danışıqlarındakı “vasitəçilik” missiyasının uğursuzluğuna səbəb oldu. Ona görə də bundan sonrakı məqamda keçirilən görüşlər çərçivəsində etimadın bərpa olunması üçün Aİ tərəfindən regiondakı proseslərə qərəzsiz və ədalətli mövqe nümayiş etdirilməsinə təsir edəcək istiqamətdə addımların atılması gözləniləndir və labüd xarakter daşıyır.

– Son günlər ABŞ-Azərbaycan münasibətlərindəki gərginliyin səngidiyi görünür. Xüsusilə rəsmilər səviyyəsində keçirilən görüşlər münasibətlərdəki soyuqluğu tədricən aradan qaldırıb kimi görünür. Necə düşünürsünüz, ABŞ-la münasibətlərin normallaşması yenidən Brüssel-Vaşinqton görüşlərini aktuallaşdıra bilər?

– Münasibətlərin normallaşması artıq birmənalı şəkildə ABŞ tərəfindən atılacaq addımlardan və bu addımlar çərçivəsində nümayiş etdiriləcək səmimiyyətdən asılıdır. İstər rəsmi Vaşinqton, istərsə də Brüssel həqiqətən də danışıqlar prosesində qərəzsiz və bitərəf mövqe nümayiş etdirərək sülh üçün vasitəçilik edəcəklərsə, təbii ki, bütün platformalarda dialoqun davam etdirilməsi Azərbaycan tərəfinin mövqeyini aydın şəkildə ifadə edən yanaşma olaraq dəyərləndirilə bilər.

– İlin sonuna sayılı günlər qalıb. Lakin bir çoxu iddia edir ki, 2023-cü il bitmədən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq. Belə qısa zaman ərzində sülh müqaviləsinin imzalanması nə qədər realdır?

– Texniki olaraq bir qədər çətin görünsə də əsas şərtlərimiz Ermənistan tərəfindən qəbul edildiyi halda bu ehtimal da istisna edilmir. Digər tərəfdən, iddia edilənin əksinə olaraq, biz nə ərazi bütövlüyünün tanınması, nə kommunikasiya xətlərinin bərpa olunması, nə də digər prinsipial məsələlərə dair şərtlərimizin Ermənistan tərəfindən qəbul edilməsi ilə bağlı qətiyyətli mövqe nümayiş etdirildiyini müşahidə edə bilmirik. Belə olan halda təbii ki, sülh müqaviləsinin imzalanması üçün real şəraitin formalaşması ehtimalı bir qədər şübhə yaradan məqam olaraq dəyərləndirilir.

– İlin sonundan bəhs etmişkən, bildiyiniz kimi, bu ilin ən önəmli və sensasion xəbərlərindən biri də növbədənkənar prezident seçkilərinin elan edilməsi oldu…

– Qalib və bütöv Azərbaycanın bütün bölgələrində keçiriləcək ilk prezident seçkiləri olaraq 7 fevral 2024-cü il tarixi kifayət qədər önəmli xarakter daşıyır. Düşünürəm ki, bu seçki eyni zamanda ölkədə aparılan islahatlar və idarəçiliyin təkmilləşdirilməsi üçün də mühüm mərhələnin başlanğıcı olacaq.

Aytən Qurbanova

Artıq münaqişə bitib, müharibə isə arxada qalıb. İndi bizim qarşımızda qurub-yaratmaq və daha da inkişaf etmək üçün böyük hədəflər var. Biz Qarabağa – evimizə qayıdırıq, davamlı şəkildə islahatlar həyata keçirilir, idarəçilik sistemi yenilənir və biz gündən-günə daha da güclənən Azərbaycanın vətəndaşı olmaq qürurunu yaşayırıq.

Heç şübhəsiz ki, bu mərhələdə keçiriləcək növbədənkənar prezident seçkilərinin nəticəsi növbəti dəfə xalqın öz liderinə və müzəffər Ali Baş Komandanına olan qeyd-şərtsiz dəstəyinin və etimadının təzahürü olacaq.

– Bəzi erməni ekspertlər Azərbaycanda keçiriləcək prezident seçkilərini şərh edərkən bildirir ki, Ermənistanda da növbədənkənar parlament seçkiləri keçirilə bilər. Necə düşünürsünüz, bu, mümkündür?

– Bu, uzun müddətdir ehtimal olaraq dəyərləndirilən məsələlərdən birinə çevrilib. Çünki bu istiqamətdə heç bir rəsmi bəyanat və ya mövqe yoxdur. Bugünkü şəraitdə növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı Paşinyan administrasiyası üçün kifayət qədər təhlükəli addım ola bilər. Xüsusilə son zamanlarda Paşinyana qarşı Rusiya meylli qüvvələrin daha da aktivləşməsi və cəmiyyətdəki revanşist əhval-ruhiyyəni canlandıraraq bir sıra çıxışları təşviq cəhdləri də bu fikri dəstəkləyici amillər olaraq dəyərləndirilə bilər.

Bu istiqamətdə ikinci ən böyük təsiredici faktor isə Qərb-Rusiya qarşıdurması fonunda belə seçkilərin keçirilməsi heç də Ermənistan vasitəsilə regiona nüfuz etmək istəyən Qərb blokunun maraqlarına uyğun deyil.

Ona görə də, yaxın müddətdə Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı Paşinyan administrasiyası və havadarları üçün böyük risklər ehtiva etsə də, ümumilikdə istisna edilmir.

Söhbətləşdi: Turan Rzayev
Globalinfo.az