Ukrayna müharibəsinin 9 ayı ərəfəsində Zelenski və Putinə ŞOK TƏKLİFLƏR

Rusiyanın Ukraynaya hərbi təcavüzündən 9 ay keçir. Dünya Rusiyaya qarşı birləşib, amma onu 9 aydır ki, çökdürə, məğlub edə, dayandıra bilmir.

Müharibənin ABŞ-ın istəyi ilə Rusiyanın zəiflədilməsi üçün uzadıldığı iddiaları var. Ukrayna isə sözün birbaşa mənasında poliqona çevrilib. Üzücü müharibənin nə qədər sürəcəyi bilinmir.

Bu arada, Rusiya ordusunda kütləvi həbslər başlayıb. Döyüşməkdən imtina edən rus hərbçiləri həbs edilir.

Politoloq Azad Məsiyev Globalinfo.az-a mövzunu şərh edərkən bildirib ki, Azərbaycan və dünya mətbuatı bu münaqişənin görünən tərəfini şərh edir, lakin onu doğuran səbəblər barədə danışılmır:

“2014-cü ildə ABŞ-ın planı əsasında Ukraynada dövlət çevrilişi baş verdi. Yanukoviç xalq tərəfindən seçilmişdi. Onun devrilməsi həm beynəlxalq hüququn prinsiplərinə, həm də demokratiyanın təməl prinsiplərinə zidd idi. Maydan hərəkatının demokratiyaya aidiyyatı yox idi və ABŞ demokratiya adı altında Ukraynanı işğal etdi.

ABŞ Gürcüstan və Ermənistanda Soros Fondunun maliyyə dəstəyi ilə hakimiyyət çevrilişi edib, öz adamını gətirdi. Belarusda da buna cəhd oldu və orada da hakimiyyət dəyişikliyi olsaydı, bu proses baş verəcəkdi. Ərəb inqilabları da ABŞ-ın demokratiya adı altında dünyanı işğal etmək siyasətinin tərkib hissəsi idi.

Təbiidir ki, ABŞ-ın bu siyasətini Rusiya qəbul etmədi və NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasını özü üçün təhdid saydığını dəfələrlə elan etdi”.

A.Məsiyev qeyd edib ki, 24 fevraladək olan prosesləri xatırlasaq görərik ki, ABŞ siyasi təxribatlarla Rusiyanı münaqişəyə sövq edirdi:

“Münhendə böyük dövlətlərin siyasi xadimlərinin önündə Ukrayna Prezidenti Volodimir Zelenskinin nüvə silahının əldə edilməsi barədə çıxışı ayaqüstü alqışla qarşılandı.

Bu münaqişənin baş verməsi ABŞ-ın maraqlarına xidmət etdi və bu baş verməsəydi də onun maraqlarına xidmət edəcəkdi. Müharibə baş verməsəydi Ukrayna NATO-ya daxil olacaqdı ki, bu da Rusiya üçün daha təhlükəli perspektiv sayılırdı”.

Ekspert qeyd edib ki, bu, Rusiya-Ukrayna müharibəsi deyil, de-fakto Üçüncü dünya müharibəsidir, NATO-Rusiya savaşdır. NATO dövlətləri Ukraynaya maliyyə dəstəyi verir, ən müasir silahlarla təchiz edir, həmin silahları idarə edəcək zabit və əsgərləri muzdlu, könüllü adı altında orada iştirak edir, informasiya müharibəsinə dəstək verir, bütün kəşfiyyat məlumatları ötürülür. ABŞ-ın Polşada böyük psixoloji müharibəni aparacaq bir mərkəzi var. Dünyanın bütün KİV-lərinə, media qurumlarına həmin mərkəzdən tezislər şəklində informasiya ötürülür. Bu müharibədən ən çox əziyyət çəkən isə həm canlı qüvvə, həm də infrastruktur baxımdan Ukrayna xalqıdır”.

A.Məsiyev vurğulayıb ki, bu müharibə Rusiyaya qarşı düşmənçilik siyasətinin nəticəsidir:

“Rusiya “ən gözəl müdafiə hücumdur” prinsipini tətbiq edib. Hazırda Ukraynanın faktiki dörd vilayəti Rusiya tərəfindən işğal olunub. Münaqişənin sonu görünmür, amma hələ ki, onu qazanan Birləşmiş Ştatlardır. Müharibə başlamazdan xeyli əvvəl Fransa dövləti bəyan etdi ki, NATO beyin böhranı keçirir. Almaniya kansleri də bildirdi ki, Avropa Birliyi (AB) özünü qorumaq üçün öz ordusunu yaratmalıdır. AB həm siyasi, həm də iqtisadi cəhətdən müstəqilləşmişdi. Bu da ABŞ-ın maraqlarına uyğun gəlmirdi, çünki AB müstəqil olduqca, Amerikanın təsir dairəsindən çıxırdı. Avropa Rusiyaya böyük yatırımlar edirdi və bu onun iqtisadiyyatını dirçəldirdi.

Rusiyaya qarşı düşmənçilik yaratmaqla, AB-nin yenə ABŞ-ın qanadına sığınması baş Verdi. Avropada NATO-nun güclənməsi bir daha öz təsdiqini tapdı.

Ən başlıcası, fevralın 24-nə qədər avronun dünya valyutası kimi möhkəmlənməsi dollar üçün təhlükə yaradırdı. Rusiya-Ukrayna müharibəsinin yaradılması ilə Avropa iqtisadiyyatı çökməyə başladı, NATO bloku daha da gücləndi”.

Ekspertin sözlərinə görə, indiki vəziyyətdən çıxış yolu olaraq Türkiyə Prezidenti masa arxasında danışıqlar keçirilməsini təklif edib. Amma bu gün Rusiya və Ukraynanın masa arxasında  dialoqu real görünmür, çünki Zelenski müstəqil siyasətçi deyil, Amerikanın kuklasıdır:

“Dialoq ABŞ ilə Rusiya arasında qurulmalıdır, amma bu gün Qərb müharibənin başa çatmasında maraqlı deyil. Onların planı əsasında Rusiyaya sanksiyalar tətbiq edilir. Qərb strateqlərinin proqnozuna görə, sanksiyaların fonunda zəifləmiş iqtisadiyyatın təsirindən Rusiyada sosial partlayışlar, hakimiyyət dəyişiklikləri baş verəcək.

Qərb analitikləri yanılırlar. Rusiya ərazisi günçıxandan günbatanadək uzanır və sonsuz sayda yerüstü sərvətlərə, hərbi baxımdan nüvə doktrinasına malikdir. Kosmosu fəth edən dövləti sanksiya ilə dağıtmaq mümkün olsaydı digərlərini də çoxdan dağıdardılar. Rusiyaya tətbiq edilən sanksiya dolayısı ilə Avropa iqtisadiyyatını çökdürür. Təsir əks təsirə bərabərdir. Bu yaxınlarda Almaniya maliyyə naziri bəyan etdi ki, Almaniya iqtisadiyyatı geridönməz bir vəziyyətə düşüb. Rusiyaya tətbiq edilən sanksiya bu gün dünya iqtisadiyyatında xaos yaradıb.

Amerika hələ strateji məqsədinə çatmadığı üçün müharibəni uzatmaqda maraqlıdır. Dialoqun başlaması üçün addımlar atılmaldır. Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik edir. O, Ukraynanı bura daxil edə bilər. Həmçinin, Zelenski istefa verməli, Ali Rada məsuliyyəti öz üzərinə götürüb addımlar atmalıdır. Təəssüflər olsun ki, iki slavyan xalqı Amerikanın təxribatı nəticəsində bir-birinə düşmən oldu”.

Politoloq Murad Sadəddinov isə bildirib ki, bu müharibədə bütün dünya Rusiyaya qarşı birləşməyib, sadəcə ABŞ başda olmaqla müəyyən koalisiya formalaşıb:

“Dünya siyasətində böyük güclər hər zaman üçüncü ölkələr vasitəsilə müxtəlif ərazilərdə toqquşub, orada bir-birini çökdürməyə, xarici siyasətini zəiflətməyə, ətraf ölkələrə təsir imkanlarını məhdudlaşdırmağa çalışırlar. Bu gün ABŞ Ukrayna ərazisindən Rusiyanın ambisiyalarını zəiflətmək üçün çox məharətlə istifadə edir. ABŞ rəsmiləri açıq şəkildə bəyan edir ki, məqsəd Rusiyanı o dərəcədə zəiflətməkdir ki, onun ətraf dövlətlərə təsir imkanları sıfıra ensin. Bu gün həmin istiqamətdə fəaliyyət gedir”.

M.Sadəddinov qeyd edib ki, ABŞ və Rusiya böyük nüvə arsenalına malikdir, lakin tarixdə heç vaxt dövlət rəsmiləri ondan istifadə edilə biləcəyini bəyan etməyiblər:

“Bu baxımdan ABŞ Rusiyanı hissə-hissə zəiflətməyə çalışır ki, onda nüvə istifadə etmək fikri yaranmasın. Ekspertlərin də fikrincə, ABŞ-dan tələb edilən silahlar Ukraynaya verilsə, Rusiyanı iki aya məğlub edəcəklər, amma Ukraynanın müharibədən sonra böyük gücə çevrilməsini də istəmirlər.

Sovet İttifaqının Əfqanıstana daxil olması ona o qədər zərbə vurdu ki, o artıq özünə gələ bilməmişdi. O zaman birinci Sovet əsgəri sərhədi keçəndə ABŞ prezidenti Cimmi Karterin təhlükəsizlik üzrə müşaviri tanınmış siyasətçi Zbiqnev Bzejinski prezidenti oyadaraq sevinclə xəbər verir ki, Sovetlər Əfqanıstana girdilər. Hər hansı motivasiya olmadan başqa ölkəyə girməyin nəticəsi onlara Vyetnam müharibəsindən bəlli idi. Əfqanıstan müharibəsindən Rusiyanın zəiflədilməsi üçün istifadə etdilər.

Ukraynanın Xerson şəhəri uğrunda döyüşləri İkinci Dünya müharibəsindəki Stalinqrad döyüşündəki dönüşə bənzəyir. Ukraynalılar bu gün silah-sursat əldə edən kimi öz ərazilərini azad edəcəklər”.

M.Sadəddinov əlavə edib ki, müharibənin bitməsi Putinin bir əmrindən asılıdır, lakin Rusiya rəhbəri vaxtı uzatmağa çalışır, çünki müharibə dayanacağı halda həddindən artıq böyük təlatümlə rastlaşacaq.

“Artıq Rusiyanın resursları zəifləyir və çıxış yolları axtarır. Onun ənənəvi müttəfiqi olan Çin də öz mövqeyini bildirib ki, ilin sonunadək bu bitməlidir. Çünki beynəlxalq mühitə mənfi təsir göstərir və Çinin iqtisadi zəifləməsinə gətirib çıxarır. Bu da Rusiya rəhbərini “seytnot” vəziyyətə salır.

Rusiyada bir neçə ay ərzində 23 min məhbus sayı azalıb. Ukraynada isə motivasiya çox yüksəkdir və ərazilərin tam azad olunmasına qədər müharibəni davam etdirməyə hazırdırlar. Çox güman ki, müharibənin sonlanması üçün gələn ilin yazını gözləmək lazım gələcək”.

Gülnar Səlimova
Globalinfo.az