Son illər Dubay azərbaycanlı investorların diqqət mərkəzinə çevrilib. Təkcə investisiya məqsədilə deyil, həm də yaşayış və biznes imkanlarına görə bu şəhərə marağın artdığı bildirilir. Daşınmaz əmlak şirkətləri də azərbaycanlı müştərilərin sayında artım olduğunu qeyd edirlər. Bu marağın əsas səbəbləri, Dubayda ev almağın üstünlükləri və mümkün riskləri isə maraq doğuran məsələlərdəndir.
Dubayda ev alan azərbaycanlıların sayında həqiqətən artım müşahidə olunurmu? Azərbaycanlılar orada daha çox investisiya, yoxsa daimi yaşayış məqsədilə ev alırlar?
Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib ki, Dubay bazarı azərbaycanlı investorlar üçün uzun illərdir cəlbedici istiqamətlərdəndir:
“Bu müddət ərzində həm daşınmaz əmlak şirkətləri, həm də biznes nümayəndələri Dubayda əmlak almağın investisiya baxımından üstünlüklərini geniş şəkildə təbliğ ediblər. Nəticədə azərbaycanlıların bu bazara marağı ildən-ilə artıb. Son dövrdə ABŞ-İran gərginliyi fonunda Tehranla bağlı müəyyən risklərin gündəmə gəlməsi Dubayda investisiya aktivliyinin müvəqqəti zəifləməsinə səbəb olub. Bu hadisələr bir çox investor üçün siqnal rolunu oynayıb və Dubayın tamamilə risksiz investisiya məkanı olmadığı barədə fikirlər formalaşdırıb. Lakin hazırda vəziyyət sabitləşir, iqtisadi mühit və investisiya marağı yenidən bərpa olunur.
Kifayət qədər azərbaycanlı Dubayda investisiya yatırır. Bu yatırımların təxminən 75 faizi gəlir əldə etmək məqsədi daşıyır. İnvestorlar əsasən daşınmaz əmlak alaraq onu icarəyə vermək və ya dəyər artımından qazanc əldə etmək niyyətində olurlar. Qalan 20-25 faiz isə yaşayış məqsədilə əmlak əldə edənlərdir. Bunlar Dubayda yaşayan və ya uzunmüddətli yaşamağı planlaşdıran şəxslərdir. Onlar həm yüksək kirayə xərclərindən yayınmaq, həm də uzunmüddətli yaşayış vizası əldə etmək məqsədilə mənzil alırlar”.
Vüqar Oruc
İqtisadçı bildirib ki, Dubayda əmlak almaq avtomatik vətəndaşlıq verməsə də, müəyyən şərtlər daxilində uzunmüddətli rezidentlik vizası əldə etmək imkanı yaradır:
“Dubayın vergi siyasəti də investorlar üçün cəlbedicidir. Burada şirkət yaratmaq, biznes qurmaq və fəaliyyət göstərmək daha əlverişli hesab olunur. Hüquqi sistem investisiyaların qorunması üçün kifayət qədər etibarlı mexanizmlər təqdim edir. Həm daşınmaz əmlakın, həm də biznes fəaliyyətinin gəlirlilik səviyyəsinin yüksək olması investor marağını artıran əsas amillərdəndir. Amma azərbaycanlıların Dubaya investisiya qoyuluşunun kütləvi xarakter aldığını söyləmək doğru olmaz. Bu bazarda əsasən üç kateqoriya üstünlük təşkil edir: Dubayda işləyənlər, orada yaşamağı planlaşdıranlar və sırf investisiya məqsədilə əmlak alan şəxslər.
Ümumilikdə isə hazırda azərbaycanlıların investisiya qoyuluşunda daxili bazar hələ də üstünlük təşkil edir. Lakin xarici bazarlarda gəlirlilik daha yüksək olduqda, hüquqi təminatlar kifayət qədər etibarlı hesab edildikdə və investisiya mühiti sabit olduqda, Azərbaycan vətəndaşları xaricdə, o cümlədən Dubayda investisiya yatırmağa maraq göstərirlər”.
Ləman İmran
Globalinfo.az