Türkiyə Yunanıstanın Qərbi Frakiya türk azlığına məxsus daha səkkiz ibtidai məktəbin bağlanması qərarını qətiyyətlə pisləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli “X”sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Yunanıstanın şagird sayının azlığını əsas gətirərək qəbul etdiyi bu qərardan sonra türk azlığına məxsus ibtidai məktəblərin sayı 76-ya enib.
Keçəli, həmçinin İskeçə 1 saylı Türkiyəyə aid ibtidai məktəbində birinci sinfə qəbul zamanı yeni maneələrin yaradıldığını qeyd edərək, bunu Qərbi Frakiya türk azlığının təhsil hüquqlarının sistemli şəkildə məhdudlaşdırılmasının növbəti nümunəsi adlandırıb.
“Bu cür qərar və addımlar Lozanna Sülh Müqaviləsinin müddəalarının pozulması xarakteri daşıyır”.
O vurğulayıb ki, Yunanıstan Qərbi Frakiya türk azlığının hüquqlarının pozulmasını təsbit edən beynəlxalq məhkəmə qərarlarını və aparıcı Avropa qurumlarının tövsiyələrini icra etməkdən yayınır.
Keçəli Yunanıstanı azlıqların və əsas insan hüquqlarının qorunması ilə bağlı beynəlxalq öhdəliklərinə uyğun davranmağa çağırıb.
O əlavə edib ki, Türkiyə Qərbi Frakiya türk azlığının hüquq və mənafelərinin müdafiəsini bundan sonra da qətiyyətlə dəstəkləyəcək.
Yunanistan’ın Batı Trakya Türk Azınlığı’na Ait Sekiz İlkokulu Daha Kapatması Hakkında:
Yunanistan’ın, öğrenci sayısının yetersizliği bahanesiyle Batı Trakya Türk Azınlığı’na ait sekiz ilkokulu kapatma kararını kınıyoruz. Bu son kararla birlikte Azınlık ilkokullarının sayısı…
— Öncü Keçeli | Dışişleri Bakanlığı Sözcüsü (@oncukeceli) July 19, 2026