1 42

İran parlamentinin deputatı Kamran Qəzənfərinin Azərbaycanın ünvanına növbəti dəfə səsləndirdiyi ittihamlar iki ölkə arasında münasibətlərlə bağlı müzakirələri yenidən gündəmə gətirib. Deputat bu dəfə İranın müharibə zamanı Azərbaycana hücum etməyə hazırlaşdığını, lakin Prezident Məsud Pezeşkianın buna mane olduğunu iddia edib.

Kamran Qəzənfərinin bu cür əsassız və təxribat xarakterli açıqlamaları İranın rəsmi siyasətinin elementi sayıla bilərmi, yoxsa bu, yalnız radikal deputatın şəxsi mövqeyidir? Bu cür bəyanatlar Azərbaycan-İran münasibətlərinə real təsir göstərə bilərmi?

Globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun prioritet istiqamətlərindən biri ikitərəfli münasibətlərin inkişafıdır.
Onun sözlərinə görə, bu münasibətlər çərçivəsində əsas prioritet qonşu dövlətlərlə əməkdaşlığın yüksək səviyyədə təmin edilməsidir:

“Bu prizmadan yanaşdıqda, İran İslam Respublikası ilə əlaqələr Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmiz hər zaman İranla mehriban qonşuluq siyasətinə sadiq qalıb və bunu təkcə sözlə deyil, əməli addımları ilə də sübut edib. Bütün bu reallıqlar fonunda İran parlamentinin üzvü Kamran Qəzənfərinin İranın guya Azərbaycana qarşı hərbi əməliyyatlara başlamaq istədiyi, lakin bunun qarşısını Məsud Pezeşkianın aldığı barədə iddiaları təəssüf doğurur. Bu cür reallığa uyğun gəlməyən, təxribat xarakterli ittihamlar səsləndirilib”.

1 41

Elman Nəsirli

Deputat bildirib ki, bu fikirləri İranın rəsmi mövqeyi kimi qəbul etmək istəməzdi:

“Ümid edirik ki, bu, yalnız İrandakı müəyyən radikal qrupların mövqeyidir. Hesab etmək istəyirik ki, İran İslam Respublikasının ali siyasi rəhbərliyi bu yanaşmanı bölüşmür. Çünki onlar yaxşı bilirlər ki, Azərbaycan heç vaxt İrana qarşı hər hansı kampaniyada iştirak etməyib. Belə olan halda, İrana qarşı heç bir addım atmamış Azərbaycana hərbi əməliyyatların gündəmə gətirilməsi üçün əsas yoxdur”.

E.Nəsirov qeyd edib ki, Azərbaycan uzun illərdir bu siyasətə sadiqdir:

“Əksinə, Prezident İlham Əliyevin ABŞ-a ilk rəsmi səfəri zamanı İrana qarşı mümkün hərbi əməliyyatlar geniş müzakirə olunurdu və Azərbaycanın ərazisindən istifadə niyyətləri gizlədilmirdi. Həmin vaxt İlham Əliyev ABŞ Prezidenti Corc Buşa açıq şəkildə bildirmişdi ki, Azərbaycan heç bir halda öz ərazisindən üçüncü dövlət tərəfindən İrana qarşı istifadə olunmasına icazə verməyəcək. Bu mövqe Ağ Ev qarşısında keçirilən brifinqdə də ictimaiyyətə açıqlanmışdı. Artıq 20 ildir ki, Azərbaycan bu siyasətə sadiqdir və heç bir dövlətə öz ərazisindən İrana qarşı istifadə etməyə imkan verməyib. Bu, bizim dostluq və mehriban qonşuluq siyasətimizin göstəricisidir. Hesab edirəm ki, İranın siyasi rəhbərliyi və xalqı bunu çox yaxşı bilir. Onlar həm də fərqindədirlər ki, Azərbaycan bu mövqeyinə görə bir çox hallarda Qərb ölkələrinin əsassız təzyiqləri ilə üzləşib”.

Deputatın fikrincə, rəsmi Tehran da bu reallığın fərqindədir:
“Ona görə də istərdik ki, bu fikirlər yalnız bir iranlı deputatın və ya müəyyən radikal qrupların mövqeyi kimi qiymətləndirilsin, İran dövlətinin rəsmi mövqeyi hesab olunmasın. İnanırıq ki, İranın rəsmi dairələri Azərbaycanın hər zaman dostluq və mehriban qonşuluq siyasətinə sadiq qaldığını və bu siyasəti uğurla həyata keçirdiyini yaxşı bilirlər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: