Fransa Prezidenti Emmanuel Makron ölkənin aviadaşıyıcı qrupuna Ukraynadakı vəziyyətlə bağlı kəşfiyyat məlumatlarının toplanmasını tapşırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə qrupun komandiri, kontr-admiral Tibot Odo de Posses “Journal du Dimanche” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, “Şarl de Qoll” aviadaşıyıcısı regiondakı fransız hərbçilərini qorumaq məqsədilə Yaxın Şərqdə yerləşdirilmişdi.
Lakin admiral qeyd edib ki, missiyanın məqsədi bununla məhdudlaşmayıb.
“Makron bizdən böhran bölgələrində vəziyyətin qiymətləndirilməsi üzrə tapşırıqlarımızı, xüsusilə də Ukrayna ilə bağlı fəaliyyətimizi davam etdirməyi xahiş etdi”, – deyə admiral bildirib.
O əlavə edib ki, aviadaşıyıcı qrup qarşıdurma zonasındakı qüvvələrin taktiki və operativ hərəkətlərini izləmək vəzifəsini yerinə yetirib. Toplanan məlumatlar vəziyyətin təhlili və müəyyən qərarların qəbul edilməsi üçün istifadə olunub.
Bundan əvvəl Makron bəyan etmişdi ki, Ukraynadakı münaqişə Kiyevin kapitulyasiyası ilə başa çatmamalıdır.
Əliyar Xəlil
Globalinfo.az