dunya

İspaniya və Argentina arasındakı dünya çempionatının finalını idarə edəcək sloveniyalı hakim Slavko Vinçiç keçmişdə yaşadığı qalmaqallı hadisə ilə gündəmə gəlib. Belə ki, o, 2020-ci ildə Bosniya və Herseqovinada keçirilən polis əməliyyatı zamanı saxlanılıb. Lakin araşdırmadan sonra Vinçiçin həmin hadisə ilə heç bir əlaqəsinin olmadığı müəyyən edilib.

Bu qalmaqal onun dünya çempionatının finalında hakimlik etməsinə mane ola bilərmi?

 Globalinfo.az-a danışan idman jurnalisti Natiq Muxtarlı deyib ki, bu hadisənin hakimin dünya çempionatının final oyunundan uzaqlaşdırılması ilə heç bir əlaqəsi yoxdur:

 “Polisin istənilən şəxsi saxlaması mümkündür və sonradan araşdırma nəticəsində həmin şəxsin hadisə ilə əlaqəsinin olmadığı müəyyən edilə bilər. Belə hallara dünyanın müxtəlif ölkələrində rast gəlinir. Sözügedən hakim də illər əvvəl saxlanılıb, lakin araşdırma nəticəsində olayla əlaqəsinin olmadığı təsdiqlənərək sərbəst buraxılıb. Buna görə də həmin hadisəni onun hakimlikdən uzaqlaşdırılması ilə əlaqələndirmək doğru deyil”.

1624954146 natiq

Natiq Muxtarlı

 N.Muxtarlı bildirib ki, hakim barəsində hər hansı cinayət məsuliyyəti və ya zorakılıq ittihamı olmayıb:

 “Əks halda, onun dünya çempionatında oyun idarə etməsinə icazə verilməzdi. O, uzun illərdir Avrokuboklarda, Avropa çempionatlarında və digər nüfuzlu yarışlarda oyunlar idarə edən tanınmış hakimdir. Bu hadisə hakimin deyil, polisin səhvi olub. Buna görə onun çempionatdan uzaqlaşdırılması üçün hüquqi və ya məntiqi əsas yoxdur. Kimlərsə müxtəlif məqsədlərlə belə təbliğat apara bilər, amma FIFA hakimi final oyunu üçün təyin edibsə, onu bu səbəbdən kənarlaşdırması inandırıcı görünmür. Bu, absurd qərar olardı”.

Qeyd edək ki, S.Vinçiç 2020-ci ilin mayında Bosniya və Herseqovinada narkotik alveri və fahişəlik şəbəkəsinə qarşı keçirilən polis əməliyyatı zamanı saxlanılan 35 nəfər arasında olub. Lakin sonradan onun hadisə ilə əlaqəsinin olmadığı müəyyənləşdirilib. Polis Bosniyanın Bijelyina şəhəri yaxınlığındakı fermaya təşkil olunan əməliyyat zamanı silahlar, kokain və külli miqdarda nağd pul aşkarlayıb. Vinçiç həmin vaxt Bosniya və Herseqovinada işgüzar səfərdə olduğunu və ev sahiblərinin kimliyindən xəbərsiz şəkildə nahar dəvətini qəbul etdiyini bildirib.

Ləman İmran
Globalinfo.az

Paylaş: