arzum mehkeme

Tiktoker “Arzum” kimi tanınan İlduzə Hacıyevanın həbsindən sonra mediada və ictimaiyyətdə ciddi müzakirələr başlayıb. Məsələ ilə bağlı məhkəmə qərarı, vaxtilə bənzər hadisələr yaşayan şəxslərin aldığı cəzalarla müqayisələr aparılıb. “Arzum”u günahkar görənlərlə yanaşı, onun üçün ədalət tələb edənlər də kifayət qədərdir.

Ötən gün “TikTok”da gündəmin nəbzini tutmaq üçün vaxt keçirərkən qarşıma yenə “Arzum”la bağlı bir video çıxdı. Nə yalan deyim, artıq mən də bu mövzuda hazırlanan videolara baxmaqdan yorulmuşdum. Lakin həmin video elə bir məqamdan bəhs edirdi ki, bir də gördüm, sona qədər izləmişəm, bəyənmişəm, hətta yaddaşa da vermişəm.

Videoda diqqətçəkən məqam Arzumun istifadə etdiyi aksesuarın daşıdığı məna ilə bağlı idi. “TikTok”da münasibət eksperti kimi çıxış edən bir xanım İlduzə Hacıyevanın köhnə videolarından kadrlar paylaşmışdı. Kadrlarda onun “qandal” formasında boyunbağı taxdığı görünür. Ekspertin fikrincə, Arzum bununla həyatına “qandalları” çəkib.

12346

Bəs həqiqətənmi üzərimizdə daşıdığımız simvollar, tez-tez işlətdiyimiz sözlər, dediyimiz cümlələr, taxdığımız sırğalar, qolbaqlar və boyunbağılar həyatımıza təsir edə bilər?

Həmin ekspert bir pasiyentindən də danışırdı. Onun sözlərinə görə, həmin şəxsin partnyoru ona qar dənəciyi formasında boyunbağı hədiyyə edib. Bununla kifayətlənməyib, eyni simvolda başqa aksesuarlar da alıb. Bir-birlərini çox sevmələrinə baxmayaraq, münasibətlərində daim soyuqluq hökm sürürmüş.

Həqiqətən maraqlıdır.

Belə inanclar nə qədər doğrudur? Haradan yaranır? Bunun elmi adı varmı?

Açığı, bu mövzu ilə bağlı araşdırma aparsam da, tam olaraq bir elmi qarşılıq tapmadım. Lakin oxuduğum mənbələrdən birində qeyd olunurdu ki, simvolların, sözlərin və əşyaların insan taleyinə təsir etməsi ideyası tək bir dinə və ya mədəniyyətə aid deyil. Tarixçilər bunun köklərini ibtidai inanclara qədər aparırlar.

Ən qədim anlayışlardan biri “simpatik sehr” (sympathetic magic) nəzəriyyəsidir. Bu anlayışı XIX əsrdə antropoloq Ceyms Corc Freyzer sistemləşdirib. Onun fikrincə, qədim insanlar iki əsas prinsipə inanırdılar:

Oxşarlıq qanunu (Law of Similarity) – “Bənzər bənzəri yaradır”. Məsələn, bir fiqurun və ya rəsmin gerçək hadisəyə təsir göstərə biləcəyinə inanılırdı.

Təmas qanunu (Law of Contagion) – bir-birinə toxunmuş insan və əşyaların sonradan da görünməz bir əlaqəni qoruyub saxladığına inanmaqdır. Məsələn, bir insanın istifadə etdiyi əşyanın onun xüsusiyyətlərini və ya “enerjisini” daşıdığı düşünülürdü.

Bəs “sözün gücü” inancı haradan gəlir?

Bu da olduqca qədimdir. Bir çox qədim mədəniyyətdə belə hesab olunurdu ki, nəyinsə adını çəkmək onu meydana gətirə bilər, dua və ya sehrli sözlər reallığı dəyişə bilər, müəyyən sözlər isə qoruyucu gücə malikdir.

Misirdə, Mesopotamiyada, qədim yəhudi ənənəsində və Hindistanda müqəddəs sözlərə xüsusi əhəmiyyət verilirdi. Bu gün də bir çox dinlərdə duanın və zikrin mənəvi əhəmiyyəti qəbul edilir.

İnsanlar niyə bunların işlədiyinə inanırlar?

Burada artıq psixologiya işə düşür. Məsələn, “özünü doğruldan proqnoz” (self-fulfilling prophecy) anlayışı var. Sən “mən bacaracağam” deyəndə daha çox cəhd edirsən, daha az qorxursan və daha çox fürsət görürsən. Nəticədə uğur qazanmaq ehtimalın artır.

Necə deyərlər, kainata nə mesaj versən, gec-tez onu əldə edirsən. “Bir sözü 40 dəfə deyəndə olur” kimi inanclarımız da var.

Nəzər muncuğunun bizi “pis gözlərdən” qoruduğuna, “Həmsə”nin – Fatimənin əlinin – pis gözlərdən qoruyub bərəkət gətirdiyinə, Yin-Yang simvolunun işıq və qaranlıq, kişi və qadın, aktiv və passiv kimi əksliklərin balansını ifadə edərək harmoniya yaratdığına, Həyat ağacının inkişaf və güc simvolu olduğuna, lotusun isə saflaşma, yenilənmə və mənəvi inkişafı ifadə etdiyinə inananlar var.

Bir çox insan üçün batil inanclar sırasına daxil olan bu simvollar başqaları üçün həyatını planlamağa, hadisələrə məna yükləməyə və çətin anlarda özünü daha güvənli hiss etməyə kömək edir. İnsan övladı hər zaman çətinliyə düşəndə qarşısına çıxan ən xırda şeydən belə bir ümid, bir işarə, bir çıxış yolu axtarır.

Tarix göstərir ki, insanlar min illərdir simvollardan istifadə edirlər. Lakin onların həyatımıza təsiri çox vaxt simvolun özündən deyil, bizim ona verdiyimiz mənadan qaynaqlanır.

Məsələn, boynundakı bir simvol sənə cəsarəti xatırladırsa, özünəinamın arta bilər. Bir üzük sənə sevdiyin insanı xatırladırsa, özünü daha sakit hiss edə bilərsən. Dini bir simvol sənə mənəvi rahatlıq verirsə, bu, stresini azalda bilər.

Bunların hamısı insan psixologiyasında müşahidə olunan təsirlərdir. Amma bu, simvolun fiziki mənada “enerji yaydığını” göstərmir.

Bəlkə də məsələ elə bundadır: insan bəzən həyatında baş verənləri izah etmək üçün bir işarəyə ehtiyac duyur. Bəzən bir sözə, bəzən bir əşyaya, bəzən də sadəcə bir təsadüfə böyük məna yükləyir. Çünki insanın ən böyük ehtiyacı hər şeyi bilmək deyil, baş verənlərə bir məna tapa bilməkdir.

Arzumun boynundakı qandal formasında boyunbağı həqiqətən onun həyatına “qandallar” gətiribmi?

Bunu heç kim dəqiq deyə bilməz. Amma bir həqiqət var: insanın inandığı şey bəzən onun davranışlarını, seçimlərini və həyata baxışını dəyişə bilir.

Ona görə də bəlkə də ən təhlükəli “simvol” boynumuzda daşıdığımız yox, beynimizdə daşıdığımızdır. Çünki bəzən insanı heç bir qandal bağlamır — insan öz inancının içində ilişib qalır.

safura

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: