Kəngərli rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb.
Globalinfo.az-ın “Report”a istinadla xəbərinə görə, Naxçıvan Muxtar Respublika Xəstəxanasının növbətçi həkimi Əfruz Hüseynova bildirib ki, yaralılar bu gün günorta saatlarında Təcili Tibbi Yardım briqadaları tərəfindən xəstəxanaya gətirilib.
Bildirilib ki, xəsarət alanlar ilkin tibbi müayinədən keçirilib və hazırda onların müalicəsi davam etdirilir. Xəstələr müvafiq şöbələrə yerləşdirilib və vəziyyətləri orta-ağır qiymətləndirilir.
***19:07
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, qəza Naxçıvan–Sədərək magistral avtomobil yolunun 22-ci kilometrliyində, Yeni Kərki kəndi ərazisindən keçən hissədə qeydə alınıb.
Belə ki, “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 2010-cu il təvəllüdlü Mirməhərrəm Afət oğlu Seyidov hadisə yerində həyatını itirib.
Qəza zamanı 1998-ci il təvəllüdlü Gülşən Məmmədbağır qızı Məmmədova, 2009-cu il təvəllüdlü Aytac Əli qızı Seyidova, 1959-cu il təvəllüdlü Telli Alı qızı Quluzadə, 1981-ci il təvəllüdlü Rüqəyyə Bağır qızı Seyidova və 2023-cü il təvəllüdlü Araz Pərviz oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
