Tarixçi alimdən ŞOK: “ADR-in 1918-ci il qərarı ləğv edilməlidir”

Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı məsələ müzakirə edildiyi bir zamanda bəzi ekspertlər 1918-ci il xəritələri haqda diqqətçəkən açıqlamalar verirlər. Jurnalist Elbəyli Həsənli Globalinfo.az-da yayımlanan yazısında 1919-cu ilin yanvarında Böyük Britaniyanın Zəngəzur mahalını Azərbaycan Demokratik Respublikasının ərazisi kimi tanıdığını qeyd edib. Bundan əvvəl də Fransada tapılan xəritələr bənzər müzakirələrə səbəb olmuşdu.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov deyib ki, 1918-ci il və sonrasında Ermənistana verilən torpaqlar qanunsuzdur və heç bir legitim əsas daşımır:

“Yəni bu torpaqlar verilərkən heç bir xalq sorğusu, referendum keçirilməyib. Bütün bunlar qanunsuz şəkildə Azərbaycan xalqının iradəsi xaricində baş verib. Torpaqların verilməsinə dair sənədin olmaması da prosesin qanunsuz aparıldığını deməyə əsas verir.

Cəbi Bəhramov

Sovet Rusiyası Azərbaycanı işğal edəndə 1920-ci ilin noyabrın 30-dan 1921-ci ilin iyunun 25-nə qədər Qərbi Zəngəzur, Qarakilsə, Gorus, Qafan, Mehri rayonlarının 4.5 min kvadrat kilometr ərazisini Ermənistan SSRİ-yə verib. 1929-cu ildə isə 16.3 min kvadrat kilometr ərazi bənzər formada verilib.

ADR-in 1918-ci il 29 may tarixli qərarı da qanunsuzdur. Söhbət 3 nömrəli protokoldan gedir. Hansı ki, həmin protokola görə İrəvan və ətrafında Ermənistan dövlətinin varlığı qəbul edilib.

Tarixi baxımdan hər üç qərar qanunsuz və beynəlxalq hüquqa ziddir. Çünki belə qərarlar xalq referendumu ilə alınır. Bu edilmədiyi üçün legitim deyil. Ona görə də Ermənistan adlı bir dövlətin bu gün varlığı legitim deyil.

Azərbaycan Respublikası ADR-in varisidir və buna görə də ADR-in 1918-ci il 29 may tarixli qərarını, habelə Azərbaycan SSR-in qərarlarını ləğv etməlidir”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə deyib ki, Alma-atı müqaviləsinə uyğun olaraq sovet dövründə müəyyən olunmuş administrativ sərhədlər əsas götürülməli idi:

Tofiq Zülfüqarov

“Ümumi prinsip belə olub ki, SSRİ dağılandan sonra müstəqil olan dövlətlər bu sərhədləri əsas götürməli idi. Lakin Ermənistan bu prinsipdən imtina etdi. Deməli, bu prinsip bu gün işləmir. Buna görə də başqa yanaşmalar aktuallaşır.

Yanaşmalardan biri budur ki, Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası 1920-ci il xəritələri əsasında aparılsın. Hansı ki, hər iki ölkənin sərhədləri SSRİ tərəfindən işğal olunduğu il və sonrasında bir neçə dəfə tərtib edilib. Digər bir yanaşma isə 1918-ci il xəritələridir. Həmin əraziləri 1919-cu ildə Böyük Britaniya və Fransa da tanıyıb.

1991-ci ildə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısaydı, bu gün bu məsələlər müzakirə edilməzdi. Lakin Ermənistan işğal siyasəti apararaq faktiki olaraq 1970-1980-ci il xəritələrinin müzakirə imkanını itirib.

Nəticə etibarilə bütün bu məsələlər tərəflər arasında müzakirə edilməli, ortaq məxrəcə gəlinməlidir. Variantlar çoxdur. Ortaq məxrəcə gəlindikdən sonra sərhədlərin delimitasiya və demarkasiya işləri sürətli aparılacaq”.

Turan Rzayev
Globalinfo.az