“Kılıçdaroğlu seçilsə, erməni diasporu və kürd etnik qrupu ilə…” – Türk ekspertin sensasion müsahibəsi

““Millət İttifaqı qalib gəlsə, Türkiyə Qarabağ məsələsindən geri çəkiləcək”

Bu gün Türk dünyasının və bütövlükdə dünyanın diqqəti Türkiyədə keçirilən prezident seçkilərinə yönəlib. Seçkilərə üç gün qalmış Türkiyənin Məmləkət Partiyasının sədri Məhərrəm İncə namizədlikdən geri çəkildiyini bildirdi və hazırda seçki prosesində 3 namizəd iştirak edir.

Globalinfo.az Türkiyədə prezident seçkilərinin nəticələri ilə bağlı Paris Universitetinin mədəni diplomatiya kafedrasının müdiri Naciye Selin Şenocakın fikirlərini öyrənib. Onunla özəl müsahibəni təqdim edirik.

Naciye Selin Şenocak

– Selin xanım, seçki prosesi ilə bağlı müşahidələr onu göstərir ki, rəqabət əsasən “Cümhur İttifaqı”nın prezidentliyə namizədi hazırkı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu arasında olacaq. Seçkilərin ikinci tura qalma ehtimalı nə qədərdir? Seçki nəticələri ilə bağlı proqnozunuz nədir?

– Türkiyə Cümhuriyyəti son yüz ilin ən mürəkkəb prezident seçkiləri dönəminə qədəm qoyur. Türkiyə tarixində ilk dəfə olaraq bu qədər mürəkkəb və etik qaydalara zidd olan bir seçki prosesi keçir. 4 namizəd olduğu halda, Məhərrəm İncənin geri çəkilməsi ilə namizədlərin sayı 3-ə qədər azaldı və bu demokratik seçki prosesində “Ata İttifaqı”nın namizədi Sinan Oğanın mənəviyyata sığmayan şantaj və təzyiqlərlə geri çəkilməsinə çalışılır. Kamal Kılıçdaroğlu “Millət İttifaqı”nda ən zəif namizəd olduğu halda, zorla özünü namizəd elan etdi. Bundan əlavə, “6-lı masa” və HDP İttifaqı struktur cəhətdən qeyri-sabitdir və milli maraqlara zidd fəaliyyət göstərir.

Bu İttifaq Türkiyənin milliyyətçi hissləri ilə uzlaşmayan bir quruluşdur. Ona görə də bu seçkidə qərarsız seçicilərin nisbətinin 10%-dən yuxarı olduğunu görürük.

Bütün rəy sorğuları seçkinin ikinci tura qalma ehtimalı olduğunu göstərir. Sinan Oğanın rəy sorğularında daha yüksək səs toplamaq ehtimalı var. Amma hər şeyə rəğmən prezident Ərdoğan hazırda rəy sorğularına liderlik edir.

Xalqın reaksiyasına baxsaq, görürük ki, bu seçkilərdə təkcə yerli deyil, xaricdə yaşayan türklərin də səsləri təsirli və həlledici olacaq. Türkiyə təcrübəsində bu 2018-ci il seçkilərində yaşanıb. Xaricdə 4 milyona yaxın türk yaşayır ki, bu da seçicilərin 5%-ni təşkil edir.

Düşünürəm ki, Prezident Ərdoğan çox az səs fərqi ilə yenidən prezident seçiləcək, amma parlamentdə müxalifət güclü mövqeyə sahib olacaq. Son 20 ildə AKP-nin zəiflədiyini, xalqın ona etibarının azaldığını görürük və bu, son seçkilərdə mütləq özünü göstərəcək.

– Bu gün Türkiyə çox ciddi iqtisadi çətinliklər yaşayır. Dövlət başçısı Ərdoğan vəziyyətin düzələcəyinə dair müxtəlif vədlər verir. Ölkə iqtisadiyyatının qısa müddətdə dirçəlməsi mümkün görünürmü?

– Türkiyə, bütün dünyada olduğu kimi, həm COVID pandemiyası, həm də Ukrayna müharibəsi səbəbindən böyük iqtisadi böhran yaşayır. İnflyasiya 80%-i ötür ki, bu da beynəlxalq konyukturadan ziyadə, faktiki olaraq hökumətin bu böhranı çox da yaxşı idarə etmədiyini göstərir. Xalqın yaşadığı problemlərdən sanki qopmuş bir siyasət yürüdüldüyünü də görürük. Aydındır ki, Prezident Ərdoğanın hökumətindəki kadrlar çox uğursuzdur və bu, seçkilərə də təsir edəcək.

Əhalinin bir hissəsi bu iqtisadi çətinlərdən o qədər aciz duruma düşüb ki, bu hökumətdən başqa kim gəlsə, ona səs verməyə hazır olduqlarını deyir. Xalqa yaxın olan, iqtisadi problemlərin həlli istiqamətində konkret addımlar atacaq kadrlar gəlməlidir.

Bundan başqa, iri layihələrdə tenderlər təkcə müəyyən şirkətlər üçün deyil, daha ədalətli şəkildə bütün şirkətlər üçün keçirilməlidir.

Ukraynada müharibə bitmədən iqtisadi böhran asanlıqla aradan qaldırılmayacaq, amma bununla yanaşı, Türkiyə bu müharibədə yürütdüyü balanslı siyasət sayəsində iqtisadi baxımdan çox uğurlu addımlar atdı. Ukrayna müharibəsində Rusiyaya tətbiq etdiyi sanksiyalar səbəbindən bütün Avropa böyük böhranlar yaşayarkən, Türkiyə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyərək, xüsusilə enerji layihələrində iqtisadi cəhətdən daha sabit və regional güc olmaq üçün konkret addımlar atıb. Türkiyə stabillik olarsa, xüsusilə Rusiya, türk dövlətləri və Çinlə əməkdaşlıq çərçivəsində Prezident İlham Əliyevin bəhs etdiyi “Orta dəhliz” layihəsini reallaşdıra bilsə, Türkiyə və türk dövlətləri yeni dünya nizamında mərkəzi qüvvəyə çevriləcək. Bu, qısa zamanda deyil, orta müddətli perspektivdə reallaşa biləcək, böyük iqtisadi inkişafı təmin edəcək çox strateji bir layihədir.

– Seçkilərdən sonra ölkədə qarışıqlıq yarana bilərmi?

– Seçkilərin nəticəsindən asılı olmayaraq, Türkiyədə çaxnaşma yaratmağa hazır olan terror ünsürləri var. Seçkidən sonra xarici dövlətlərin təxribatları ilə xüsusilə PKK, FETÖ və ekstremist qrupların başçılıq etdiyi terror təşkilatların xalqın narazılığından istifadə edərək ölkəni xaosa sürükləməsindən narahatam. Bu təxribatlarla xalqın içində ixtilaf yaratmağa çalışacaqlar. Düşünürəm ki, sosial media nəzarət altına alınmalıdır.

– Bəzi ekspertlər Türkiyə prezidenti postuna kimin gəlməsindən asılı olmayaraq xarici siyasətdə Azərbaycanla bağlı rəsmi mövqeyin sabit qalacağını deyir. Bu belədirmi?

“Millət İttifaqı” gələrsə, CHP, HDP, DEVA və Gələcək Partiyasının xüsusilə erməni diasporunun iddialarını müdafiə edən, Türk dünyasından uzaq kürd etnik qrupu ilə və terror ünsürlərinə dəstək verən qruplarla yaxın olacağı açıq-aşkar görünür. Bu halda onların Azərbaycana münasibəti daha məsafəli olacaq. Onlar zatən Avropa İttifaqının (Aİ) siyasətini izləyəcəklərini deyirlər və Aİ də hər zaman Ermənistana dəstək nümayiş etdirir.

Prezident Ərdoğan və xüsusilə “ATA İttifaqı”nın namizədi Sinan Oğan seçilərsə, Türk dünyası yüksəliş yaşayacaq.

– Türkiyə ilə möhkəmlənən strateji əməkdaşlıq və müttəfiq münasibətlər, Qarabağ məsələsində duruşu, imzalanan tarixi sənədlər, Türk dünyasında və bütün dünyada sayılıb-seçilən liderlərdən biri olması hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı Azərbaycan üçün vazkeçilməz edir. Seçkilərdə bir başqa namizədin deyil, Ərdoğanın qalib gəlməsinin Azərbaycan üçün əhəmiyyəti nədir? Digər bir namizədin seçilməsi Türkiyə dövlətinin Qarabağla bağlı bugünkü mövqeyinə necə təsir edəcək?

– Prezident Ərdoğan və ya “ATA İttifaqı”nın namizədi Sinan Oğan seçilərsə, Türkiyənin Qarabağ məsələsində hərbi və diplomatik dəstəyi güclü şəkildə davam edəcək. Düşünürəm ki, “İki dövlət, bir millət” prinsipi ilə münasibətlər daha yüksək səviyyəyə çatacaq. Başda Prezident Ərdoğan olmaqla AKP-nin partiya daxilindəki saxta millətçiləri təmizlənməlidir. Dünən “hamımız erməniyik, Azərbaycan Ermənistana zülm edir” deyə iddia edən, türk əsgərlərini təhqir edən Hilal Kaplan kimi mənfəətcil insanları artıq uzaqlaşdırmağn zamanıdır. Əks halda, Türkiyə və Prezident Ərdoğan Qarabağ məsələsində stabil siyasət yürüdə bilməyəcək. Güclü Türkiyə üçün Prezident Ərdoğanın partiyasını və ətrafını FETÖ ilə əlaqəsi olan qeyri-milli şəxslərdən təmizləməsi lazımdır.

Xüsusən də “ATA İttifaqı” türk millətçiliyi və Türk dünyası məfhumları üzərində qurulduğu üçün Qarabağ məsələsi Türkiyə üçün milli məsələyə çevrilə bilər. Uzun illər Azərbaycanda xidmət etmiş siyasətçi Sinan Oğanın siyasi mövqeyi, şübhəsiz ki, Azərbaycana böyük dəstək verə bilər.

“Millət İttifaqı” qalib gəlsə, kürd etnik və diskriminasiya qruplarına yaxınlığı ilə tanınan siyasi partiyalar Türkiyənin Qarabağ məsələsindən geri çəkilməsinə səbəb olacaq. Rəsmi Brüsselin yürütdüyü siyasəti izləyəcəklər və düşünürəm ki, beynəlxalq münasibətlərdə Türkiyəyə ziyan vuracaqlar. Davudoğlu kimi Türkiyənin xarici siyasətinə ən çox ziyan vuran bir keçmiş xarici işlər nazirinin daxil olduğu ittifaqın sıfır problem siyasəti ilə Türkiyəni yenidən münaqişələr mərkəzinə çevirə bilər. Kılıçdaroğlu FETÖ-nün Məhərrəm İncəyə qarşı törətdiyi şantaj hadisəsində FETÖ-nün əvəzinə Türkiyənin ən mühüm strateji tərəfdaşı olan Rusiyanı günahlandırıb. Bu, ağılsızlıqdır və ya FETÖ-yə bəraət qazandırmaq deməkdir.

Yeni dünya nizamında Türkiyəni beynəlxalq konyukturada mərkəzi mövqeyə gətirə biləcək, Türkiyə Cümhuriyyəti tarixinə və Atatürkün prinsiplərinə layiq bir prezidentin gəlməsinə və onun sülh, əmin-amanlıq və sabitliklə ölkəmizi müasir sivilizasiyalar arasında yüksək pilləyə çıxarmasına ümid edirəm.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul