HƏMAS-ın sülh təklifi maraq doğurdu: Müharibə bitir?

HƏMAS rəsmisi Xəlil əl-Hayya “Associated Press”ə müsahibəsində “HƏMAS İsraillə 5 il və ya daha uzun müddətə atəşkəs imzalamağa hazırdır” deyib. O, təşkilatın bunun üçün bəzi şərtlərinin olduğunu bildirib.

“Əgər müstəqil Fələstin dövləti yaradılarsa, o zaman təşkilat silahları yerə qoyacaq və siyasi bir partiyaya çevriləcək. HƏMAS o zaman geri çəkiləcək ki, 1967-ci il sərhədləri boyunca vahid Fələstin dövləti yaradılsın, beynəlxalq hüquqa uyğun olaraq fələstinli qaçqınların qayıdışı təmin edilsin. Ancaq o halda təşkilatın hərbi qanadı fəaliyyətini dayandıracaq” – HƏMAS rəsmisi deyib.

Bu, HƏMAS-ın təslim olması kimi anlaşıla bilər? Ümumiyyətlə, İsrail bu təklifi qəbul edəcək? Bu şərtlər ilə sülhün əldə edilməsi mümkündürmü? HƏMAS silahı yerə qoyacaq?

Siyasi şərhçi Kənan Rövşənoğlu Globalinfo.az-a deyib ki, burda təslim olmaqdan söhbət getmir:

“HƏMAS 2017-ci ildə yeni proqram və nizamnaməsini elan edəndə buna bənzər müddəalar var idi. Tamamilə normal, konstruktiv təkliflərdir.

İsrail BMT-nin də tələb etdiyi kimi, 1967-ci il müharibəsinə qədərki sərhədlərə çəkilib Fələstin dövlətinin yaranmasına imkan versə, HƏMAS-ın ayrıca militan partiya olmasına gərək yoxdur. O da dövlətin quruculuğunda iştirak edə bilər. Silahlı qanad da orduya transfer olar.

Belə təcrübə İraq və İsraildə olub. HƏMAS-ın ciddi siyasi təcrübəsi və elektoral dəstəyi var. 2006-ci il seçkilərində 60 faizdən çox səs alıb. Yəni təkliflər kifayət qədər normal və rasionaldır”.

Turan Rzayev
Globalinfo.az